«Xalqın pulları hesabına qula çevirdiyiniz saray ziyalıları ilə əsl ziyalıları səhv salmayın!»
«Nədən sizin övladlarınız, yaxınlarınız komfort, milyonlarla insan isə aclıq-səfalət içində yaşamalıdır?»
Milli Məclisin Insan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanovanın açıqlamasına reaksiyalar gəlməkdə davam edir. Ziyalılar Forumunun üzvü, vəkil Aslan Ismayılovdan sonra YAP-çı deputata indi də AXCP sədrinin müavini Gözəl Bayramlı cavab verib.
G.Bayramlı əvvəlcə R.Aslanovanın ziyalılar “dövlətin yanında olmalı və onun siyasətini dəstəkləməlidir” ifadəsinə münasibət bildirib: “Rəbiyyət xanım öz ifadəsində tez-tez dövlət, dövlətçilik ifadələrini işlədir, ”ziyalılar dövlətin yanında olmalıdır, dövlətin siyasətini dəstəkləməlidir” deyir. Görəsən, hakimiyyətin yanlış və ölkəni uçuruma aparmaq siyasətinin yanında olmaq dövlətin yanında olmaq deməkdir? Sözügedən toplantıda ziyalılar hakimiyyətin diqqətini ölkədə baş alıb gedən qanunsuzluqlara cəlb etmək istəyib. Hakimiyyətin də cavabı gecikməyib: professor Rafiq Əliyev işdən çıxarılıb. Hörmətli professorun işdən çıxarılmasının onun həmin toplantıda birbaşa iştirakı ilə əlaqədar olduğu hamıya aydındır”.
“Yoxsa, bundan da xəbəriniz yoxdur?”
G.Bayramlı YAP-çı deputatı qeyri-səmimilikdə günahlandırır: “Rəbiyyət xanımın açıqlamasından vacib bir sitat: ”Hər birimizin hüququmuzu azacıq pozan kimi, dərhal qanuna və müvafiq qanunu müdafiə edən strukturlara müraciət edirik. Deməli, hər birimiz özümüzü o vaxt rahat, əmin-amanlıqda hiss edirik ki, qanun bizim hüquqlarımızın keşiyində durur. Necə ola bilər ki, qanunun aliliyinin rəhbər tutulduğu mühitdə yaşayan kəs onun pozulmasının tərəfində olsun”. Haqlı yanaşmadır, Rəbiyyət xanım! Bəs həmin strukturlardan birinin – Milli Məclisin Insan Hüquqları komitəsinin sədri olaraq nədən Azərbaycan aliminə, ziyalısına olan bu münasibətə etiraz bildirmirsiniz? Rafiq Əliyevin işdən çıxarılmasının onun ziyalı, vətəndaş mövqeyinə görə olduğuna şübhənizmi var, yoxsa? Hüquq-mühafizə orqanlarına müraciət olunmalıdır deyirsiniz. Çox gözəl! Elə isə 2010-cu ilin parlament seçkilərində sizə alternativ olduğuna görə YAP-dan çıxardığınız, bununla kifayətlənməyib özünü, oğlunu, qardaşı oğlunu, digər yaxınlarını işdən çıxartdırdığınız Məhəmməd Nooyevin bir ildir ki, şikayətlərini təmsil olunduğunuz hakimiyyət strukturları nədən təmin etmir? Yoxsa, bundan da xəbəriniz yoxdur? 109 saylı Balakən Seçki Dairəsindən deputatlığa sabiq namizəd, seçki müddətində YAP üzvlüyündən çıxarılan Məhəmməd Nooyev prezident Ilham Əliyevə pozulmuş hüquqları ilə bağlı müraciət edib. Nooyev deyib ki, haqsızlıqların getdikcə çərçivədən çıxması onu radikallığa təhrik edir. Rəbiyyət xanım, bu fakta hər hansı bir açıqlamanız varmı? Məhəmməd Nooyevin işdən çıxarılmasının səbəblərini bildik – sizə alternativ olmağa cürət edib. Bəs onun oğlunun, qardaşı oğlunun və digər yaxınlarının işdən çıxarılmasının, bu ailəyə qarşı repressiyaların səbəbləri nədir? Bəlkə Ilham Əliyevin gəncliyə qayğı siyasəti, yoxsa mütəxəssislərə verdiyi qiymətdir? Yoxsa milli azlıqlara qayğı siyasətinizdir?”.
“Sizin kimi düşünməyənlər məhv olmalıdır?”
G.Bayramlı R.Aslanovanın cəmiyyətin mənəvi saflaşmasından danışmasını da qeyri-səmimilik adlandırıb: “Sizin kimi düşünməyənlərin çörəklə imtahana çəkilməsi YAP-ın mənəvi saflaşma siyasətidir? Nədən sizin övladlarınız, yaxınlarınız komfort, milyonlarla insan aclıq-səfalət içində yaşamalıdır? Sizin kimi düşünməyənlər məhv olmalıdır? Ziyalılar ölkənin sərvətlərini rahatca talayın deyəmi sizin yanınızda olmalıdır? Xalqın pulları hesabına qula çevirdiyiniz saray ziyalıları ilə əsl ziyalıları səhv salmayın! Əsl ziyalı xalqın və dövlətin yanındadır.
Sərbəst toplaşmaq azadlığının olmasından danışırsınız. Son beş ildə vətəndaşların harada və neçə nəfərlə öz fikirlərini sərbəst ifadə etdiyinin şahidi olmusunuz? Çətin sualdır, deyilmi? Bəlkə bu gün öz konstitusiya hüquqlarından istifadə edərək mitinq keçirmək istəyən onlarla müxalifətçinin həbsdə olmasından da xəbərsizsiniz? Cabbar Savalanlı və onun kimi neçə gəncin sosial şəbəkələrdə hakimiyyəti tənqid edən fikirlərinə görə həbsdə olmasından da xəbərsizsiniz yoxsa? Niyə bircə dəfə özünüzə borc bilib o məhkəmələrdə iştirak etmədiniz? Ən azından fəxrlə dediyiniz məhkəmə-hüquq sisteminin hakimiyyətin siyasi sifarişlərini necə yerinə yetirdiyinin canlı şahidi olardınız”.
“Öz yalanlarınıza özünüz inanırsınızmı?!”
Daha sonra G.Bayramlı R.Aslanovaya suallar ünvanlayıb: “Ziyalıların belə deməyə haqqı yoxdur deyirsiniz. Bəs nəyə haqqı var? Bəlkə hamı sizin kimi sürətli sosial-iqtisadi inkişaf, təhsildəki tərəqqi, seçkilərin saxtalaşdırılmaması, korrupsiyanın, rüşvətxorluğun olmaması, ölkədə siyasi məhbusların yoxluğu, sərbəst toplaşmaq hüququnun pozulmaması barədə nağıllar danışmalıdır? Allah eşqinə, bu ölkəni uçuruma apardığınızın, mənim və mənim kimi onlarca insanın mandatını mənimsəyərək, xalqın onlara verdiyi səsləri oğurlayaraq parlamentdə oturduğunuzun fərqində deyilmisiniz? Sizi xalqın seçmədiyini, təyinatla Milli Məclisdə oturduğunuzu bilmirsinizmi? Heç olmasa, bir məsələdə səmimi olun. Öz yalanlarınıza özünüz inanırsınızmı?!”.



