Azərbaycan iqtisadiyyatında dəhşətli geriləmə

kapital-axiniİxrac əməliyyatları 9, neft gəlirləri 8,7 milyard dollar azalıb, sahibkarların büdcəyə 1,4 milyard manat borcu yaranıb

Məhəmməd Talıblı: «Neft gəlirlərinin kəskin azalması Neft Fondundan büdcəyə daxilolmaların artırılmasını zəruri edir»

Azərbaycan iqtisadiyyatının ciddi gerilədəyini bir sıra mühüm statistik rəqəmlər də təsdiqləyir.

1 noyabr 2015-ci il tarixinə vergi ödəyicilərinin dövlət büdcəsinə olan vergi borcları 1 milyard 368 milyon manatdır. Bu barədə vergilər nazirinin birinci müavini Natiq Əmirov bəyan edib.

Bundan başqa, 2015-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanın ticarət əməliyyatlarının həcmi 17 milyard 205 milyon 907.97 min ABŞ dolları təşkil edib. Bu, keçən ilin müvafiq dövrünə nisbətən 35.21% və ya 9,3 milyard dollar azdır. Keçən ilin 10 ayında Azərbaycanın ixracıÿ 26 milyard 556 milyon 794.81 min ABŞ dolları idi.

“Marja” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, idxal əməliyyatları üzrə 7 milyard 440 milyon 929.84 min ABŞ dolları (keçən ilin müvafiq dövrünə nisbətən 1.08% artmışdır), ixrac əməliyyatları üzrə 9 milyard 764 ÿmilyon 978.13 min ABŞ dolları (keçən ilin müvafiq dövrünə nisbətən 49.13% azalıb) əməliyyat qeydə alınıb.

Azərbaycanın ixracı, 2013-cü ilin 10 ayındaÿ 20 milyard dollar,ÿ 2014-cü ilin 10 ayında isə 19,2 milyard dollar idi.

Ticarət əməliyyatlarında 1 milyard 857 milyon dollarlıq müsbət saldo qeydə alınıb.

Qeyd edək ki, Azərbaycanın ixracının azalması əsasən neftin ucuzlaşması ilə bağlıdır.

Eyni zamanda o da vurğulanmalıdır ki, neftin qiymətinin aşağı düşməsi nəticəsində Azərbaycanın neft gəlirləri 8,7 milyard dollar azalıb.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2015-ci ilin 10 ayı ərzində Azərbaycanın xam neft satışından gəliri 7 milyard 589 milyon 61 min dollar olub. Bu, 2014-cü ilin eyni dövrü ilə müqayisədə 8 milyard 706 milyon dollar və ya 53,4% azdır. 2014-cü ilin 10 ayında xam neft satışı 16 milyard 295 milyon manat olmuşdu.

Azərbaycan sayğac göstəriciləri əsasında 28 milyon 127 min 158 ton, gömrük bəyannamələri əsasında isə 18 milyon 292 min 892 ton xam neft ixrac edib. 7 milyard 589 milyon 61 min dollar gömrük bəyannamələri əsasında ixrac edilmiş xam neftin dəyəridir.

Bəs, bu cür iqtisadi göstəricilər iqtisadiyyata nə vəd edir?

mehemmed-talibliİqtisadçı Məhəmməd Talıblı hesab edir ki, ölkə ixracındakı azalmalar neftin qiyməti ilə bağlıdır. Ölkə ixracında 9 milyardlıq azalmanın birbaşa neftdən daxilolmaların azalması ilə bağlı olduğunu deyən M.Talıblı bildirdi ki, ölkənin ixracında qeyri-neft mallarının az olması da bu cür acınacaqlı durumun yaranmasına səbəb olub: “Azərbaycan əsasən qeyri-neft ixrac məhsullarını stimullaşdırmalıdır. Bunun üçünsə ölkədə iqtisadi liberalizm həyata keçirilməli, azad sahibkarlıq təşəbbüsü formalaşmalıdır. Sahibkarlar daxili bazarı təmin etdikdən sonra ixraca yönəlik addımlar ata bilərlər. Amma bu istiqamətdə heç bir addım atılmır”.

Sahibkarların yaranmış borclarına gəlincə, M.Talıblı bildirdi ki, əgər əvvəllər gündəmdə iri vergi ödəyicilərinin borcu idisə, hazırda vəziyyət dəyişib. Iri dövlət şirkətlərinin büdcədən subsidiyalar aldığını xatırladan M.Talıblı qeyd etdi ki, biznes sahəsində problem özünü borclanmada da göstərir: “Sahibkarların borclarının yığılması ölkədə işgüzar aktivliyin azalmasının fonunda baş verir. Bu da sahibkarlığa böyük zərbə vurur. Hər bir vətəndaş müşahidə edir ki, marketlər, ticarət mərkəzləri bir-birinin ardınca bağlanır. Ikinci devalvasiyanın ola biləcəyi halda ölkədə vergi ödəmə kanalları daralıb”.

M.Talıblı bildirdi ki, neft gəlirlərinin də kəskin azalması Neft Fondundan büdcəyə daxilolmaların artırılmasını zəruri edir ki, bu, ehtiyatların daha sürətlə tükənməsi deməkdir.

Xəyal