Əli Həsənov “MTN olayı”na görə mətbuatı niyə hədələyir?

eli hesenovBaş verənlər barədə qeyri-dəqiq məlumatların yayılmasının təqsiri kimdədir?

“Təəssüflə qeyd etmək lazım gəlir ki, KIV-lərin sərbəst fəaliyyəti üçün yaradılmış əlverişli şəraitdən son zamanlar sui-istifadə halları artıb”. AzərTAC-ın məlumatına görə, bu sözləri ölkə başçısı Ilham Əliyevin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib.

Əli Həsənov bildirib ki, xüsusilə internet media orqanlarında müxtəlif dövlət strukturları, onların rəhbərləri və əməkdaşları haqqında həqiqətə uyğun olmayan, əsassız, qərəzli, hətta şantaj xarakterli çoxsaylı məlumatlar yayılır: “Vəzifəli şəxslərin guya işdən ”kənarlaşdırılması”, rəhbərlik etdikləri qurumlarda “yoxlamalar”, evlərində “axtarışlar” aparılması, məmurların “həbsi”, vəzifələrindən uzaqlaşdırılmış bəzi dövlət qurumlarının rəhbərləri ilə “əməkdaşlığı” və s. bu tipli qərəzli məlumatlar məqsədli şəkildə dövriyyəyə buraxılır”.

Prezidentin köməkçisi əlavə edib ki, belə məlumatlar yayan KIV-lər bununla öz tirajlarını artırmağa və mənfəət əldə etməyə çalışırlar: “Diqqətə çatdırıram ki, bu tipli fəaliyyət qanuna ziddir və birbaşa hüquqi məsuliyyət doğurur”.

Əli Həsənovun sözlərinə görə, bəzi hallarda aparıcı KIV-lər də belə dezinformasiyaları tiraclayaraq öz oxucularını çaşdırırlar. O, media mənsublarını diqqətli olmağa çağırıb.

“Əks-təqdirdə qanuna zidd fəaliyyət göstərən, yalan məlumatlar yayan, cəmiyyətdə çaşqınlıq yaradan KIV-lər və jurnalistlər haqqında müvafiq hüquqi ölçü götürüləcək”, -deyə prezidentin köməkçisi vurğulayıb.

Əli Həsənov bu fikirlərində heç şübhəsiz “MTN işi” ilə bağlı yayılan məlumatları nəzərdə tutur. Çünki oktyabrın 17-dən bu yana “MTN işi” ölkə gündəmini zəbt edib. Bu mövzuda mediada ən müxtəlif məlumatlar yayılır. Doğrudur, bəzən bu məlumatlar təsdiqini tapmır, Əli Həsənovun təbirincə desək, ictimai rəydə çaşqınlıq yaradır. Lakin fikrimizcə, prezidentin köməkçisi bu məsələyə görə mətbuatı ittiham etməli, hədələməli deyil. Əvvəla ona görə ki, artıq bir aydır ölkədə ciddi proseslər baş verir. Çoxlu sayda MTN generalı tutduğu vəzifədən azad edilib, bəziləri həbs olunub. Həbslər dalğası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə də keçib. Lakin bu günə qədər baş verənlər barədə dolğun rəsmi məlumat yoxdur. Hansısa səbəbdən hüquq-mühafizə orqanları həbslər, axtarışlar barədə ictimaiyyətə məlumat vermək istəmir. Bu isə mediada ən müxtəlif xəbərlərin yayılmasına səbəb olur. Ötən ilin avqustunda cəbhə bölgəsində atəşkəs pozulanda da oxşar hadisə baş vermişdi. Həmin vaxtda Müdafiə Nazirliyinin sükut etməsi mediada baş verənlər barədə qeyri-dəqiq məlumatların yayılmasına səbəb olmuşdu.

Ikincisi, barələrində məlumat yayılan dövlət qurumlarının mətbuat xidmətlərinin fəaliyyətsizliyi Əli Həsənovun da narahat olduğu vəziyyətin yaranmasına səbəb olub. Təsəvvür edin, hansısa məmurun işdən çıxarılması barədə hansısa sayt, yaxud qəzet məlumat yayır. Ciddi mətbuat bu məsələni dəqiqləşdirmək üçün hara müraciət etməlidir? Əlbəttə ki, ilk növbədə həmin məmurun rəhbəri olduğu qurumun mətbuat xidmətinə. Cənab Həsənov, bilirsiniz, zəng etdikdə nə baş verir? Mətbuat xidmətinin rəhbəri ya deyir ki, mən bu məsələ barədə danışmaq istəmirəm, ya da bildirir ki, məndə bu barədə məlumat yoxdur. Bu halda binəva jurnalist nə etməlidir?

Üçüncüsü, ABŞ-ın ölkəmizdəki keçmiş səfiri Riçard Morninqstar bəyan etmişdi ki, hakimiyyət komandası monolit deyil. “MTN işi” də keçmiş səfirin haqlı olduğunu ortaya qoydu. Monolit olmayan komandada kompromat savaşının getdiyini isə isbat etməyə ehtiyac yoxdur. Yəni, medianın yaydığı məlumatların bir qismi həm də hakimiyyət daxilindəki ziddiyyətlərdən doğan kompromatlar ola bilər. Elə bir neçə gün əvvəl Əmlak Məsələləri Dövlət Komitəsinin mətbuat xidməti məlumat yaydı ki, Kərəm Həsənov haqqında mətbuatda yer alan xəbərlər “bir sıra qərəzli və külli miqdarda dövlət əmlakını əldə etmək istəyən, lakin buna Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən imkan verilməyən şəxslər tərəfindən qəsdən saytlara ötürülür”.