Keçmiş konsuldan AXCP-yə dəstək

nahid-ceferov-konsul“AXCP Əli Kərimlinin rəhbərliyi altında hakimiyyətin qurduğu bütün hiylələrdən üzü ağ çıxaraq real müxalifət adını qazanıb”

Azərbaycanın Niderland Krallığındakı keçmiş konsulu Nahid Cəfərov feysbuk səhifəsində Ədliyyə Nazirliyinin AXCP-yə qeydiyyat problemi yaratmaq istəyinə münasibət bildirib.

Nahid Cəfərov yazıb ki, hakimiyyəti idarə edənlərin rasional deyil, qorxu altında qərarlar verdiyinə əmindir. Ona görə, məhz bu səbəbdən qəbul edilən qərarlar düşünülməmiş və düzgün hesablanmamış olur, atılan addımlar hakimiyyətin səriştəsizliyini ortaya qoyur. Keçmiş konsul hesab edir ki, AXCP ilə bağlı məlum qərar da belə addımlardan biridir.

“Ədliyyə Nazirliyi tərəfindən AXCP-nin qurultay sənədlərini dövlət reyesterinə salmaqdan imtina etməsi məhz qorxu altında qəbul edilmiş qərarlar silsiləsindəndir.

Heç kimə sirr deyil ki, AXCP Əli Kərimlinin rəhbərliyi altında hakimiyyətin qurduğu bütün hiylələrdən üzü ağ çıxaraq real müxalifət adını qazanıb. Dövləti yalnız kağız üzərində ideal idarə etdiyini düşünən hakimiyyətin müxalifətə vurmaq istədiyi zərbə də kağız üzərində qalır. Bu gün kağız üzərində ideal bir dövlət orqanı olan MTN-in yüksək paqonlu məmurları kağız üzərindəki yazılarına görə deyil, məhz əməllərinə görə həbsxanaya atılırlar.

Bu gün məhz sizin düşünülməmiş addımınıza görə hər kəs Əli Kərimliyə və onun rəhbərlik etdiyi AXCP-yə dəstəyini ifadə edərək onunla birgə mübarizə aparacaqlarını bəyan edirlər. Bu fürsətdən istifadə edərək mən də öz adımdan Əli Kərimliyə və onun rəhbərlik etdiyi partiyaya dəstəyimi bildirirəm və ona bu müqəddəs mübarizədə uğurlar arzulayıram”, – deyə Nahid Cəfərov yazıb.