Parisdə güllə bütün insanlığa atıldı. Ya da bütün dünyaya.
“Qara cümə”də Parisdə ola bilərdim. İş yerimdən verilən pulsuz biletlə, Almaniya ilə oyuna baxmaqdan ötrü, partlayışın hədəflərindən birində, Stade de France-da ola bilərdim. Necə ki, iş yoldaşım bunu etmişdi, atası ilə birlikdə, öz ad günündə. O dəhşətdən çırpınaraq xilas ola bilmişdi.
Stadiondan başqa hücuma məruz qalan 6 məntəqənin birində ola bilərdim, ildə sayı 35 milyona çatan Paris turistlərindən biri kimi, 10 milyon qeyri-fransız immiqrantdan, milyonlarla parisli müsəlmandan, bir milyona qədər türkdən biri olaraq. Orda ola və öldürülə bilərdim.
Paris xəyalını gerəkləşdirməyə dünyanın dörd yanından gələn, işıl-işıl yanan gənc cütlüklərdən, gül-çiçəkli nişanlılardan, bal ayındakı evlilərdən, öpüşən sevgililərdən biri kimi də orda ola bilərdim.
Parisdəki xarici tələbələrdən, sayı 200 000-ə qədər olan gənc talantlardan, bilikli beyinlərdən biri kimi də ola bilərdim orada, onların, ölənlərin, yaralananların, sağ qalmaqdan ötrü gizlənənlərin, pərən pərən olanların arasında.
Ailəsinə, valideyninə ya da sadəcə boğazına çörək qazanmaq üçün gecə-gündüz işləyən xarici zəhmətkeşlərdən biri kimi, ya da yol üstü “gəl Parisə dəyək, Eyfeli görək, bir də pivə icək” deyən gəzərgilərdən biri kimi də, Paris kafelərinin terrasında meyvə suyu içməkdə olar, yırtıcıların qurbanı ola bilərdik birlikdə.
Evdə oturub ölənlərin sayını izləyirdik, halbuki, sürətlə artışını. Parisdə deyildik o axşam.
Parisdə yolda gəzən hər 8 nəfərdən 5-i ya əslən gəlmə, ya da turistdir. Ölənlərin siyahısına baxınca amerikalıdan türkə, rumından meksikalıya, çililidən albana hər millət görürsən. Professordan violonistə, fəhlədən tələbəyə, Menecerdən pensionerə, idmançıdan mühəndisə, qadın-kişi, dinli-dinsiz, ağ-qara, yerli-turist, bir sözlə bəşəriyyətin kiçik bir xəritəsini görürsən. Lap Parisin özü kimi. Yalnız belə bir yerdə bütün dünyaya güllə atmaq olardı.
Mən Parisdə az da olsa gəzmişən. Axşamlar insanların yollarda gəzərkən gözlərindəki xoşbəxtlik parıltısını yada salıram və bu gün o gözlər qüssəyə bürünüb. Sanki dünyada beləsi azmış kimi.
Dünyanın hər yerində insan ölümü dəhşətlidir, üzücüdür. Millətimiz də az zülmət yaşamadı. Mən həyətimizə düşən mərminin izini hafizəmə qazıyaraq böyümüşəm (Qazax rayonu sərhəd savaşlarını ağır yaşamışdı). Hüznlə anıram günahsız öldürülənlərimizi. Ancaq, Paris qətlinin ağırlığı və ağrısı güllənin bütün dünyaya yönəlmiş olmasındadır. Həm də bizə.
Paris “insan”ın tərifinin dünyaya bəxş edildiyi yerdir. Ona görə insan axınının ən yoğun olduğu adresdir. Buna görə bütün dünya sadəcə Parisə görə göy-ağ-qırmızıya boyandı. Sidneydən Nyu-Yorka, Rio-dan Londona hər yerdə fransız bayrağı vardı. Pekindən Ottavaya, Moskvadan Madridə qədər hər kəs “Paris” dedi. Cunki güllə hər kəsə atılmışdı. Elə mənə də, orda olmasam belə, yəni Azərbaycana, mərhum Elifə də, belcikalı bir türkə də.
Bu hüznlə internetə baxdım, həmvətənlərimin münasibətini görmək istəyirdim. Hər rəngdə fikirlər yayıldı, yazıldı. Anlaşılanlar, anlaşılmayanlar oldu. Mümkün olduqca izlədim, tanıdıq-tanımadıq, nifrət dolu, dəstək dolu, bəzənsə dəhşət dolu fikirlər gördüm. Terrora məruz qalmış bir cəmiyyətin terror haqqında rəyi əlbəttə ki, “xüsusi” maraqlıdır.
Bircə statusa baxmaq bəs edərdi ki, ölkəmizdəki bütün mənzərəni təsvir etsin.
Tanımadığın qadın bir aktivist. Hər statusuna aralarında 10-larla ziyalı adamın daxil olduğu, ortalama 700 nəfər “bəyəndim” düyməsini basır. Amerika təhsilli, televiziyalarda boy göstərən, sayılan, “vətənsevər” biri olaraq özünü tanıdan biri. Səhifəsində ilk yazdığı cümlə “Qadına zorakılığa son” olan bu xanımın Paris hadisəsinə yazdığı isə eynən belədir – “Fransada olanlara üzülürəm, amma bu ölkənin tamamilə yerlə-yeksan olmadığına…” (Mehriban Nasib). İkinci ən sevdiyi cümlə olaraq isə, “dünyada sülh olsun”dur.
Hamımız bilirik ki, azərbaycanlılar var ki, İŞIDa qatılırlar. Onu da bilirik ki, türklər dünyada “vəhşi” tanınırlar. Təkcə bu cümlənin tərcüməsi bu iki iddiaya dayaq təşkil edəcək gücdədir. Gedib arxiv axtarmağa gərək qalmadan millətimizi qaniçən göstərməyə yetər.
O xanım tək deyil, sadəcə nümunədir.
Altında “ağzına sağlıq, dilinə qüvvət” yazan qız gəlinlərimiz, “Xocalıya ədalət axtarırıq” qışqıran, saçı hörməli, kalağayısı boynunda, əli xınalı, gözü sürməli, dodağı püstə, al yanaqlı vətən qızları… nifrət püskürürlər, ölüm hayqırırlar. Yaraşdırmaq mümkün deyil.
Əli xəncərli, bığı burma, saqqalı eşmə, ox baxışlı, enlikürəkli el oğullarını demirəm. Od yağdırırlar.
Yetər. İnsanıq.
Bir ölkədə insan ölümü alqışlanırsa, orada insanlıq ölməkdədir.
Paris isə ayaqdadır, öz şüarında dediyi kimi : “Dalğalar vurar, O batmaz”. Şübhəsiz ki, turist axını yavaşlayacaq, biznes zərbə alacaq, insanlar qorxacaq, polislər hər yanı saracaq. Fəqət, Parisin gördüyü ilk fırtına bu deyil. Ən sərti də deyil. Paris ilk terroru 1793-də yaşamışdı. 100 000 adam ölmüşdü. 10 il sonra dünyanın mərkəzi oldu..
Şəkildəki ağlayan şəxs, Müsyö Jerom Barzettidir. Hitler işğalına ağladığı iddia edilir. Bizlər kimi.