“Əlixan Məlikova vəzifə veriləcəyi inandırıcıdır”

Aslan Ismayılov: «O, «Xəzər Boru»nun Zülfüqarlı qardaşlarının əlindən çıxması üçün əlindən gələni etdi, bunun müqabilində, əlbəttə ki, mükafatlandırıla bilər»

“Əlixan Məlikova vəzifə veriləcəyi barədə xəbər kifayət qədər inandırıcı görünür. Çünki o, ”Xəzər boru” məsələsində  Zülfüqarlı qardaşlarına zərbə vurub və təbii olaraq bunun mükafatını almalıdır”. Bu sözləri iş adamları Nurəddin və Loğman Zülfüqarlı qardaşlarının vəkili Aslan Ismayılov deyib.
Aslan Ismayılov deyib ki, “Xəzər boru” ilə bağlı Zülfüqarlı qardaşlarına təzyiqlər başlayanda onlar zavodun şərikli müəssisə olduğunu deyərək sata bilməyəcəklərini bildiriblər. Qardaşların şəriki isə “Azəriqaz”ın sabiq rəhbəri Əlixan Məlikov olub. Zülfüqarlı qardaşları hesab edib ki, Əlixan Məlikov bu məsələdə geri çəkilməyəcək: “Lakin qarşı tərəf Əlixan Məlikovla çox asanlıqla dil tapdı. Və o, öz payını satmağa razılaşdı. Bundan sonra da Zülfüqarlı qardaşlarına qarşı bir sıra addımlar atdı. Nümunə olaraq Əlixan Məlikovun   Zülfüqarlı qardaşları ilə bağlı şikayətini göstərmək olar. O, həmin şikayətdə iddia edirdi ki, guya Zülfüqarlı qardaşları onun işinə mane olur. Qısası, Əlixan Məlikov ”Xəzər Boru”nun Zülfüqarlı qardaşlarının əlindən çıxması üçün əlindən gələni etdi. Bunun müqabilində, əlbəttə ki, onu mükafatlandıra bilərlər. Doğrudur, ola bilsin, bu xəbər mətbuata çıxdığına görə mükafatı təxirə salsınlar. Amma hər halda mən bu məlumatı kifayət qədər inandırıcı sayıram”. 
Xatırladaq ki, yayılan məlumatlarda Azərbaycan Dövlət Neft Şirkətində (ARDNŞ) Əlixan Məlikova vəzifə veriləcəyi bildirilir. Iddia olunur ki, “Azəriqaz”ın sabiq rəhbərinə vəzifə təklifi şəxsən ARDNŞ-in prezidenti Rövnəq Abdullayevdən gəlib. Yeni vəzifə Əlixan Məlikovun “Xəzər Boru” məsələsində Zülfüqarları qardaşlarına zərbə vurması müqabilində təklif edilib.

Informasiya şöbəsi