Əsən güclü küləyin cırdığı bayrağı icra hakimiyyəti dəyişmək əvəzinə qayçıladı
Lənkəran Rayon Icra Hakimiyyətinin binası qarşısındakı bayraq cırılıb. Sosial şəbəkələrdə yayılan şəkillərdən bunu açıq-aydın sezmək mümkündür. Bir neçə gün öncə əsən güclü külək nəticəsində Lənkəran IH qarşısında ucaldılan bayraq mavi hissəsinin ucundan cırılıbmış. Çoxları havalar isinən kimi bayrağın dəyişəcəyini gözləyirmiş. Ancaq gözlənilənlər özünü doğrultmayıb.
Icra hakimiyyətinin başbilənləri bayrağın 1×2 metr ölçüsünə “düzəliş” ediblər. Yəni cırılan hissəni gizlətmək üçün qayçıya əl atıblar. Nəticədə bayraq daha da arzuolunmaz hala düşüb. Bayrağın ortasında ay-ulduz isə mərkəzdən sona gəlib. Rayon sakinlərinin dediyinə görə, icra hakimiyyəti Bayraq gününü elə kəsilmiş bayraqla qeyd edib.
Qeyd edək ki, bir müddət öncə Bayraq meydanında da ucaldılan bayraq küləyə dözməyərək cırılmışdı. Ancaq bayraq qayçılanmadan daha keyfiyyətsiz parça ilə əvəzələnmişdi.
Ramin DEKO


