AXCP-yə qarşı sevgiladələrdən istifadə cəhdi

ilham-huseynliVə ya Ədliyyə Nazirliyi nəyi necə araşdırmalıdır

İlham Hüseynli, AXCP Rəyasət Heyətinin üzvü

Son zamanlar AXCP ətrafında yaradılmış süni ajiotaj, olduqca mənasız, lakin son dərəcə namərd, məkrli və fürsətcil fəaliyyətdən xəbər verən söz-söhbətlər, həmçinin, Ədliyyə Nazirliyinin partiya tərəfindən təqdim olunmuş qurultay sənədlərini geri qaytarmaq üçün gətirdiyi əsassız və gülüş doğuran bəhanələri, dövlətimiz adına, hüquq adına yaraşmayan cavabı mənə Sevgiladəni xatırladır. Bilirsiniz, niyə Sevgiladəni?!

Cünki o zaman Qənimət bəyi fəaliyyəti ilə bağlı həbs etmək istəyəndə onu şərləmək və üzünə durdurmaq üçün axtarışda olan, mənəvi-əxlaqi keyfiyyətləri tamamilə heçə enmiş Sevgiladədən istifadə olunması məni cox təəccübləndirmişdi. Açığı düşünürdüm ki, bu adamlar Qənimət bəyi həbs etmək, onun fəaliyyətini məhdudlaşdırmaq üçün niyə heç olmasa nisbətən aglabatan bir bəhanə, yaxud, üzə durmaq üçün babat bir “müştəri” tapa bilmirlər?
Çox təəssüf ki, indi də eyni ssenari ilə Azərbaycanın azadlıq və müstəqillik tarixinin mübarizə simvolu olan, Qarabağ uğrunda döyüşlərdə minlərlə şəhid vermiş, on minlərlə əqidə insanının təmsil olunduğu bir təşkilatın – Xalq Cəbhəsinın və eləcə də onun sədrinin fəaliyyətinə kölgə salmaq, demokratiya uğrunda apardıqları mübarizəni zəiflətmək üçün Sevgiladə ekvivalentlilərdən və onlarin verdikləri bəhanələrdən istifadə edilir.

Lakin unundulmamalıdır ki, ağı qaradan seçməyi bacaran sevgili xalqımız baş verənlərin tam olaraq fərqindədir və belə əməl sahibləri heç vaxt unudulmur, heç vaxt yaddan çıxmır!

Bir neçə kəlmə də məsələnin hüquqi və praktik tərəfi barədə.

Ədliyyə Nazirliyi partiyanın qurultay sənədləri ilə bağlı əsas hansı məqama diqqət etməlidir və bu zaman “kilid” hesab edilə bilən məqam nə ola bilər?

Məncə, Ədliyyə Nazirliyinin diqqət etməli olduğu və nəzəri cəhətdən “mübahisə” doğura biləsi məqam aşağıdakılar olmalıdır:

1. Partiyanın növbəti qurultayını çağırmaq və bu məqsədlə Qurultaya hazırlıq üzrə Təşkilat Komitəsinin yaradılması üçün Ali Məclisin çağırılması haqqında Rəyasət Heyətinin qərarı və onun legitimliyi.
Bildirmək istəyirəm ki, bu qərarın qəbulunda partiyanın Rəyasət Heyətinin 24 üzvünün hamısının müsbət rəyi, iclasda iştirak edən RH üzvlərinin isə yekdil mövqeyi olmuşdur.

2. Qurultayın çağırlması və bu məqsədlə Qurultaya hazırlıq üzrə Təşkilat Komitəsinin yaradılması haqqında Ali Məclisin qərarı və bu qərarın legitimliyi.
Bu qərarın qəbulunda isə Ali Məclisin 104 üzvünün hamısının müsbət rəyi, iclasda iştirak edənlərin isə yekdil qərarı olmuşdur.
Lakin Ədliyyə Nazirliyinin şərti olaraq “tərəf” adlandırdığı qurupun hər hansı “toplantısında” partiyanın rəsmi strukturlarının – Rəyasət Heyəti və Ali Məclisin bir nəfər belə nümayəndəsi təmsil olunmadığı və iştirak etmədiyi halda necə qurultay çagırıla, hansı qurultaydan-filandan söhbət gedə bilər?! Belə olan halda Ədliyyə Nazirliyi daha nəyi araşdırmalıdır?

Gordüyünüz kimi, məsələ 2+ 2=4 qədər aydın və bəsitdir!

Yazı müəllifin feysbuk səhifəsindən götürülüb. Başlıqlar redaksiyaya məxsusdur.