AXCP sədri Əli Kərimli 17 noyabr Milli Dirçəliş Günü münasibətilə xalqımızı təbrik edib. Təbrikdə deyilir:
27 il bundan əvvəl BDU yataqxanalarından tələbələrin “Yurd” birliyinin başlatdığı etriraz aksiyası 100 minlərin qoşulması ilə böyük bir Xalq Hərəkatına çevrilmişdi. Azərbaycanlılar Qarabağın əlimizdən alınmasına, ədalətsizliyə, hüquqsuzluğa, totalitarizmə etiraz üçün hamılıqla ayağa qalxmışdı. Xalqımız dünyanın 2 supergücündən birinə qarşı 18 gün ərzində, gecə-gündüz davam etmiş öz möhtəşəm dirənişi ilə gerçəkdən də tarix yazdı. Milli Dirçəlişimizi bütün dünya da görüb qiymətləndirdi. İlin xalqı elan edildik. O zaman çoxlu sayda əzilən, hüquqsuz xalqlar bizim mübarizəmizə həsəd və heyrətlə baxırdı…
İndi də əziz millətimiz “oğru və simasız quldurlar”ın əsarətindədir. Dövlət adından xalqımıza qarşı daha hansı cinayət işlədilmir? Mənim tanıdığım mübariz Azərbaycan xalqı bu rəzalətə sonsuza qədər dözə bilməz. Əminəm ki, xalqımız yeni bir Xalq Hərəkatına səssizcə hazırlaşır. Ədalətsizliyə, hüquqsuzluğa, Qarabağsızlığa, sərvətlərimizin talan edilməsinə, milli heysiyyatımızın tapdanmasına qarşı yeni bir Xalq Hərəkatının başlanacağı hər gün bir az da labüdləşir.
Milli Dirçəliş bayramınız mübarək olsun, əziz xalqım! Axtardığın çarə sənin özündədir. Bir daha dirçəlib, qamətini düzəltmən lazımdır!



