Prorektor Qasım Məmmədov: «Rafiq Əliyev kafedrada qeyri-işgüzar şərait yaratmışdı»
Siyasi partiyalar akademiklə bağlı bəyanat qəbul etdi
Azərbaycan Dövlət Neft Akademiyasının tərbiyəvi işlər üzrə prorektoru Qasım Məmmədov “Media forum” saytına müsahibəsində Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Rafiq Əliyevin vəzifəsindən niyə uzaqlaşdırıldığına aydınlıq gətirib. Q.Məmmədov bildirib ki, R.Əliyev Neft Akademiyasından istehsalat proseslərinin avtomatlaşdırılması fakültəsinin dekanı Ramiz Allahverdiyevin təqdimatı ilə azad olunub: “Dekanın təqdimatında göstərilir ki, Rafiq müəllim son vaxtlar uzunmüddətli xidməti ezamiyyətlərə gedir. Ona görə də kafedranın idarə olunmasında müəyyən problemlər yaranıb. Hətta bu yaxınlarda kafedranın bir dosentinə əmək intizamının pozulmasına görə töhmət də verilib.
Dekanın təqdimatında qeyd olunub ki, Rafiq Əliyev kafedrada qeyri-işgüzar şərait yaradıb. Bunun nəticəsində son vaxtlar iki dosent, bir assistent, iki laborant dözməyərək kafedradan çıxıblar, iş yerlərini dəyişməyə məcbur olublar. Kafedra müdiri yerində olmayanda, təbii ki, işçilər də bundan sui-istifadə hallarına yol verirlər. Zəng edirsən, lazım olan işçini də yerində tapmaq olmur”.
Q.Məmmədov iddia edir ki, R.Əliyevin kafedra müdiri vəzifəsindən azad olunmasında heç bir siyasi məqsəd güdülməyib: “Onun ictimai-siyasi mövqeyi bu məsələdə heç bir rol oynamayıb. Məsələnin belə qoyulması ilə razı deyiləm.
ADNA rəhbərliyinin bu problemlə bağlı indiyədək R.Əliyevlə hər hansı müzakirə aparıb-aparmadığına gəlincə, Q.Məmmədov bu barədə onda heç bir məlumatın olmadığını bildirib: “Çox güman ki, belə bir müzakirə olmayıb. Inanmıram ki, rəhbərlik onunla görüşsün. Onun yerinə yeni müdir təyin olunub. Çünki kafedranı başsız qoymaq olmaz. Müvafiq əmrlə kafedra müdiri vəzifəsini müvəqqəti icra edən təyin olunub. Bu, dosent Faiq müəllimdir. Kafedra müdiri seçkisinin vaxtı hələ bilinmir. Vaxt müəyyənləşəndə, elan veriləcək. Rafiq Əliyev Neft Akademiyasının əməkdaşı kimi qalır. Kafedra müdiri vəzifəsindən azad olunması o demək deyil ki, işdən tamam azad olunub. Rafiq Əliyev ADNA-da proqram rəhbəri kimi də fəaliyyət göstərir, ABŞ-la birgə mütəxəssislərin hazırlanmasını həyata keçirən proqramın direktorudur. Yalnız kafedra müdiri vəzifəsindən azad olunub”.
“Rafiq Əliyevin kafedra müdiri vəzifəsindən azad olunmasını Neft Akademiyası üçün itki hesab edirsinizmi” sualına isə prorektorun cavabı belə olub: “Sözün düzü, Rafiq müəllim özü deyirdi ki, əslində professor kimi maaşı kafedra müdirinin məvacibindən yüksəkdir. Özü deyirdi ki, kafedra müdiri olduğuna görə maaşından müəyyən qədər itirir”.
R.Əliyevin işdən azad edilməsinə reaksiyalar gəlməkdə davam edir. Dünən Klassik Xalq Cəbhəsi (KXCP) və Ümid partiyaları akademik Rafiq Əliyevin işdən azad edilməsinə etiraz olaraq bəyanat yayıblar(“Turan”). KXCP akademik Rafiq Əliyevin Neft Akademiyasında tutduğu kafedra müdiri vəzifəsindən azad edilməsini rəsmi Bakının ictimai fəallığına görə alimi susdurmaq üsulu adlandırıb. Bəyanat müəllifləri belə addımları ilə başda Ilham Əliyev olmaqla iqtidarın xalqın nifrət və qəzəb hissini daha da coşdurmuş olduğunu xatırladıblar. Onlar rejimə, onun başçısı Ilham Əliyevə dünyada gedən inqilabi proseslərdən ciddi nəticələr çıxarmaq tövsiyəsi veriblər. Və ölkə ziyalılarını Rafiq Əliyevin susdurulmasına biganə qalmamağa, vətəndaş mövqeyini ortaya qoymağa çağırıblar.