Vəkildən Rəbiyyət Aslanovaya tutarlı cavab

«Dövlətə sadiq olmaq başqadır, hakimiyyətə qul olmaq başqa»

Aslan İsmayılov: «Ziyalılar Forumunu ittiham etməyə heç kimin haqqı yoxdur»

“Bütün fikirlərini, bütün amaclarını quruculuğa deyil, qırıcılığa yönəltmək, hətta kiçik bir nöqsanı aradan qaldırmaq əvəzinə onu şişirdərək insanların beyninə səhv, zərərli ideyalar yeritmək Azərbaycanın ziyalısına yaraşan hal deyil”. Bunu, Milli Məclisin Insan hüquqları komitəsinin sədri, YAP-çı deputat Rəbiyyət Aslanova Ziyalılar Forumunun son toplantısında səslənən fikirlərə münasibətində deyib.
R.Aslanova hesab edir ki, ziyalılar dövlətin yanında olmalı, onun siyasətini dəstəkləməlidir.

Ziyalılar Forumunun üzvü, vəkil Aslan Ismayılov R.Aslanovanın fikirlərinin qəbahətli olduğunu deyir: “Mən inanmıram ki, Rəbiyyət Aslanova o cür ifadələr işlətsin. Çünki Rəbiyyət xanımı hakimiyyətdə təmsil olunan az-az ziyalılardan sayıram. Yox əgər, o fikri işlədibsə, bu, böyük qəbahətdir və çoxlarının ona olan münasibətini dəyişə bilər. Rəbiyyət Aslanova deyir ki, ziyalılar dövlətin yanında olmalı, müstəqilliyi qorumalıdır. Mən arzu edərdim ki, hakimiyyət nümayəndələri Ziyalılar Forumunda təmsil olunanlar qədər dövləti istəsinlər və onun yanında olsunlar. Dövləti istəmək, ona sadiq olmaq başqadır, hakimiyyətə qul olmaq başqa. Forumda təmsil olunan hər bir ziyalı dövlətə çox sədaqətlidir. Əgər bu hakimiyyət dövlət müstəqilliyinə elə diqqət yetirirsə, niyə müstəqilliyin əleyhinə səs verənlərin hamısı hakimiyyətdədir? Lehinə səs verən Arif Hacılı isə həbsdə yatır. Rəbiyyət xanım deyir ki, qanuna hamı riayət etməlidir, o cümlədən ziyalılar. Mən xahiş edərdim ki, Rəbiyyət xanım bu müraciəti hakimiyyətdəkilərə ünvanlasın. Elə Ziyalılar Forumunun da tələbi budur ki, hakimiyyət qanunlara əməl etsin”.
A.Ismayılov hesab edir ki, nəinki R.Aslanovanın, ümumiyyətlə, heç kimin Ziyalılar Forumunda təmsil olunan ziyalıları ittiham etməyə haqqı yoxdur: “Çünki orada təmsil olunan hər bir ziyalı dövlətçiliyə, müstəqilliyə sadiqdir”.