Sorğulara yetərli cavab verilməməsi, Səhiyyə Nazirliyinin məlumatları gizlətməsi səbəbindən…
Rusiyanın icarəsində olan Qəbələ Radiolokasiya Stansiyasının (RLS) ətraf mühitə real təsirini ifadə edən sənədlərin gizli saxlanması Avropa Insan Hüquqları Məhkəməsinin baxış predmeti olacaq. Bunu “Media forum” saytına Media Hüququ Institutundan bildiriblər.
Institutdan qeyd ediblər ki, əlaqəli qurumlar Qəbələ RLS-in ətraf mühitə real təsiri haqda bilgiləri açıqlamaqdan imtina edib, bununla bağlı şikayətlərə baxan Azərbaycan məhkəmələri isə həmin qurumların xeyrinə qərarlar çıxarıb.
Qəbələ RLS-in ətraf mühitə təsirini göstərən sənədlərlə bağlı araşdırmalar Media Hüququ Institutunun təşəbbüsü çərçivəsində jurnalistlərin və vətəndaş cəmiyyəti quruluşlarının iştirakı ilə aparılıb. Bu araşdırmalar zamanı rəsmi qurumlara sorğular “Azadlıq” qəzetinin redaktoru Rövşən Hacıbəyli ilə birlikdə göndərilib.
Media Hüququ Institutu xatırladır ki, Qəbələ stansiyasının təsiri həmişə toplumu narahat edən mövzu olub: “Bəzən stansiyanın ətraf bölgədə yaşayanları çox ciddi radiasiyaya məruz qoyduğu da yazılıb, danışılıb. Media Hüququ Institutunun təşəbbüsünün məqsədi diqqəti ətraf mühitlə bağlı bilgilərin açıqlığına yönəltmək və belə bilgilərin açıq tutulub-tutulmadığını araşdırmaq olub”.
Media Hüququ Institutu qeyd edir ki, Qəbələ RLS-in ətraf mühitə təsirini öyrənmək məqsədilə hələ 2003-cü ildə Dövlət Komissiyası yaradılıb, həmin komissiyanın sədri səhiyyə naziri olub. Komissiyanın işi, araşdırmaları, hesabatları barədə topluma yetərli bilgi verilməyib. Səhiyyə Nazirliyindən bilgi sorğusu vasitəsilə həmin komissiyanın fəaliyyət göstərib-göstərmədiyi, Qəbələ RLS-in ətraf mühitə təsirini araşdıran digər qurumlar haqqında bilgilər, habelə stansiyanın təsiri ifadə olunan sənədlərin surətlərinin verilməsi istənilib. Səhiyyə Nazirliyi sorğuya cavabında deyib ki, “Nazirlik RLS-in ətraf mühitə təsiri barədə hesabat hazırlayıb və Nazirlər Kabinetinə göndərib. Hesabat artıq göndərildiyindən onun mətni nazirlikdə yoxdur”.
Səhiyyə Nazirliyi sorğunu təmin etməkdən yayındığından Nəsimi Rayon Məhkəməsinə müraciət olunub. Məhkəmə işini Media Hüququ Institutunun hüquqçusu Fariz Namazlı aparıb. Hüquqçu deyir ki, məhkəmədən Səhiyyə Nazirliyinin üzərinə sorğunu cavablandırmaq vəzifəsi qoyan qərar verməsini xahiş ediblər. Nəsimi Rayon Məhkəməsi Səhiyyə Nazirliyində hesabatın olmamasını əsas gətirərək şikayəti təmin etməyib. F.Namazlı isə deyir ki, komissiyanın sədri səhiyyə naziri olub və hesabatın bir nüsxəsi mütləq bu qurumda qalmalı və ya hər kəsin tanış ola biləcəyi bir yerə qoyulmalı idi.
Sonradan Bakı Apelyasiya Məhkəməsi və Ali Məhkəmə də rayon məhkəməsinin qərarını qüvvədə saxlayıb.
Hazırda iş üzrə Avropa Məhkəməsinə şikayət hazırlanır.


