Konsulla savaşa girən biznesmen məğlubiyyətə doğru sürüklənir
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Sankt-Peterburqa gedərək, orada yeni yaradılan Azərbaycan cəmiyyətinin təqdimatı ilə məşğul olub.
Səfir Cəmiyyət üzvləri ilə görüşündə Ümumrusiya Azərbaycanlıları Konqresi ilə bağlı maraqlı ifadə işlədib: “Bu qurumun fəaliyyətini gücləndirmək lazımdır. Diaspora probleminin inzibati həlli yolu yoxdur. Heç kəsə demək olmaz ki, gedib dost olsunlar. Səfirlik diasporanın fəaliyyətinə müdaxilə edə bilməz. Çünki diaspora üzvləri bizim ölkənin vətəndaşları deyillər. Biz səfirlik olaraq bu prosesləri yaxından izləyirik və mövcud problemlərin həllinə kömək edə bilərik”.
Polad Bülbüloğlunun, məhz, Peterburqda “heç kimə demək olmaz ki, gedib dost olsunlar” fikrini səsləndirməsi təsadüfi deyil. Məsələ burasındadır ki, burada diasporanın ən nüfuzlu adamı olan iş adamı Vaqif Məmişovla Azərbaycan konsulu Qüdsi Osmanov arasında baş qaldıran münaqişənin orta həll yolu tapılmayandan sonra Azərbaycan hakimiyyəti Vaqif Məmişovun üzərindən xətt çəkdi. Sankt-Peterburqda yeni diaspor təşkilatı yaradıldı.
Polad Bülbüloğlunun Sankt-Peterburqa budəfəki səfəri də məhz Vaqif Məmişova alternativ olaraq yaradılan Cəmiyyətin inzibati təqdimatı məqsədini güdürdü.
Polad Bülbüloğlu bu səfərində Sankt-Peterburq Azərbaycanlıları Cəmiyyətini yerli hakimiyyətə də təqdim edib. Rusiyanın şimal paytaxtında yeni yaradılan Cəmiyyətin üzvləri Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlunun vilayət rəhbərliyilə görüşündə iştirak ediblər.
Doğrudur, Vaqif Məmişovun orada yerli hakimiyyət orqanları və bir sıra iri dövlət məmurları ilə sıx münasibətləri vardı. Amma hesab etmək olar ki, rusiyalı məmurlar azərbaycanlı iş adamı ilə yox, Azərbaycan hökumətinin məmurları ilə işləməyə daha çox üstünlük verəcəklər. Səfir Sankt-Peterburqa səfərindən əvvəl bu təminatı almasaydı, yəqin ki, heç bu şəhərə də getməzdi.
Beləliklə, indiki mərhələdə məşhur iş adamı Vaqif Məmişov ictimai sferada darmadağın edilmiş vəziyyətdədir. Bir sonrakı mərhələdə isə onun biznes şəbəkəsinin sıradan çıxarılması üçün tədbirlər görülür. Qüdsi Osmanovun simasında Azərbaycan hakimiyyətinə asi çıxan Vaqif Məmişovun imicinin bütün detalları sındırılır. Proses bu tempdə davam edərsə, V.Məmişovun Qüdsi Osmanovdan üzr istəyəcəyi günü çox gözləmək lazım gəlməyəcək. Bizdə olan məlumata görə, indi onun “ram edilməsi” üçün qarşıya qoyulan məqsəd bundan ibarətdir.
Hər halda, Məmişov özünü tamamilə məhv olmaqdan xilas etmək üçün hansısa addımlar atmalıdır.
Informasiya şöbəsi


