Məmməd İbrahimlə bağlı daha bir proses keçirildi

mammad-ibrahimOnun məhkəmə qərarı olmadan 16 saata yaxın həbsdə saxlanılmasından verilmiş şikayəti məhkəmə təmin etmədi

AXCP Rəyasət heyətinin üzvü Məmməd Ibrahimin tutulan zaman məhkəmə qərarı olmadan 16 saata yaxın həbsdə saxlanılmasından verilmiş şikayətə dünən Nərimanov Rayon Məhkəməsində baxılıb. Məhkəmə bu dəfə də möcüzə göstərməyib. Şikayət təmin olunmayıb. Vəkil Yalçın Imanov həmin qərarı aldıqdan dərhal sonra apelyasiya şikayəti verəcəklərini bildirib.

Məhkəmə prosesi qapalı keçirilib. Məhkəmədən sonra vəkil Yalçın Imanov prosesdə baş verənlərə qısaca münasibət bildirib: “Məmməd Ibrahim bu il sentyabrın 30-da Nərimanov Rayon Polis Idarəsində saxlanılıb. Oktyabrın 2-də isə məhkəmə qarşısına çıxarılıb. Onun barəsində 48 saat saxlanma qərarı həmin gün bitsə də, Nərimanov Rayon Məhkəməsi həmin gün qərar verə bilməyib, məhkəmə prosesini növbəti gün saat 15-ə kimi təxirə salıb. Oktyabrın 3-də davam edən məhkəmə iclasında isə onun barəsində iki aylıq həbs qətimkan tədbiri seçilib. Beləliklə, Məmməd Ibrahim faktiki 16 saat heç bir qərar olmadan həbsdə saxlanılıb. Bu isə həm Azərbaycan Dövlətinin qanunlarına, həm də ölkəmizin qəbul etdiyi Insan haqları üzrə Avropa Konvensiyasının 5.1-ci maddəsinə ziddir.

Müstəntiq isə məhkəmə zalında bildirib ki, həmin gecə hakim Nərimanov Polis Idarəsinin müvəqqəti saxlama yerinə məktub göndərib. Amma bu məktub sonradan göndərilsə belə, yenə qanuni əsası yoxdur”.