Keçmiş nazirləri hansı cəza gözləyir?

muzeffer_baxisMüzəffər Baxışov: «Azərbaycan hüquqi dövlət olmadığına görə nazirlərin həbsi ilə bağlı yalnız siyasi rəhbərliyin göstərişi olmalıdır»

MTN işi ilə bağlı cərəyan edən proseslər iki nazirlikdə rəhbər strukturda çalışanların həbsi ilə nəticələndi. Əgər MTN-də 20-yə yaxın yüksək çinli məmur həbs olundusa, Rabitə Nazirliyində bu rəqəm bir qədər azdır. Amma hər iki nazirlik rəhbərlik səviyyədə ciddi təmizləməyə məruz qalıb.

Amma hər iki eks-nazir hələ də azadlıqdadır. Bəs baş verənlərə görə nazirlər Eldar Mahmudov və Əli Abbasov hansı məsuliyyəti daşıyırlar? Rəhbər strukturlarda çalışanların həbsinin fonunda nazirlərin azadlıqda qalması mümkündürmü?

Çünki E.Mahmudovun sağ əli general Akif Çovdarov barəsində Səbail Rayon Məhkəməsi hökm çıxarıb. Məhkəmənin qərarına görə, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş Idarəsinin sabiq rəisi, general-mayorÿAkif Çovdarov barədə 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Oxşar həbslər Rabitə Nazirliyində də aparılıb.

Hüquqşünas Müzəffər Baxışovun fikrincə, əgər hər iki nazirliyin işçilərinin törətdiyi cinayətdən nazirlərin xəbəri olmayıbsa, bu onlara tapşırılan vəzifənin öhdəsindən gəlməməsi deməkdir: “Yəni nazirlər onlara etibar edilən vəzifə səlahiyyətlərinin öhdəsindən gələ bilməyib və səhlənkarlığa yol verib. Buna görə də Cinayət Məcələsinin 314-cü madəsində səhlənkarlığa görə cinayət məsuliyyəti nəzərdə tutulub. Normalda bu belə ola bilər ki, nazir qanunların icrasına nəzarət edir, sadəcə olaraq işçiləri üzərində vəzifə funksiyalarına daxil olan səlahiyyətləri icra edə bilməyib. Halbuki əsasnamədə göstərilir ki, nazirlər işçilərinə nəzarət həyata keçirməlidir”.

M.Baxışov baş verənlərin dəhşətli faktlar ortaya çıxardığını dedi: “Məlum oldu ki, hədə-qorxu, soyğunçuluqla, rüşvət almaqla, vəzifədən sui-istifadə etməklə bütün cinayətlərin başında Eldar Mahmudov dayanıb. Eldar Mahmudova bu cinayətlərə görə ittiham verilməli, onun barəsində həbs qətimkan tədbir seçilməli idi. Azərbaycan hüquq dövləti olmadığına görə burada nazirlərin həbsi ilə bağlı yalnız siyasi rəhbərliyin göstərişi olmalıdır”.

Azərbaycan prokurorluğunun heç zaman müstəqil qərar qəbul etmədiyini deyən M.Baxışov bildirdi ki, prokurorluğa  E.Mahmudovla bağlı kifayət qədər şikayət verilib. Amma heç bir tədbir görülməyib.

Ə.Abbasov barəsində isə konkret fikir söyləməyin çətin olduğunu deyən M.Baxışov bildirdi ki, o daha çox elm xadimi kimi tanınırdı. Amma onun rəhbərlik etdiyi nazirliklə bağlı xəbərlər tam təsdiqini taparsa, o da həbs edilməlidir.

Xəyal