İlham İsmayıl: «Ola bilər ki, hazırda hakimiyyətdə oturanlardan bəzilərinin dinlənilməsi istənilir, amma onlar «4 nömrə»dən istifadə etdiyindən bu mümkün deyil»
“MTN işi” ilə bağlı rabitə sistemində baş verənlər maraq doğurur. Məsələ ilə bağlı “Azadlıq”a yeni məlumatlar daxil olub. Məlumatlarda bildirilir ki, Eldar Mahmudov və şəbəkəsi ifşa olunduqdan ölkə başçısı və yüksək vəzifəli məmurlar üçün nəzərdə tutulan xüsusi rabitə xətti bağlanıb. Məlumat üçün deyək ki, bu rabitə xətti məmurlar arasında “4 nömrə” adı ilə məşhurdur.
Ölkə başçısı məhz bu xüsusi rabitə xətti ilə məmurlarla əlaqə saxlayır. Həmçinin yüksək vəzifəli məmurlar da bir-birlərilə bu “4 nömrə” ilə əlaqə saxlayırlar. Məlumatlarda deyilir ki, sözügedən rabitə xətti Eldar Mahmudov və dəstəsinin nəzarətində olub. Beləliklə, keçmiş MTN şefi yüksək vəzifəli məmurları, o sıradan ölkə başçısını dinləyib. Məlumatlara görə, rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun işdən çıxarılması, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində həbslərin həyata keçirilməsi də bununla bağlıdır.
Bu nömrə məhdud sayda məmurun istifadəsində olub. Prezident daxil olmaqla “4 nömrədən” baş nazir, nazirlər və onların müavinləri, spiker və müavinləri, komitə sədrləri və bir də icra başçılarında olub. Bu nömrələrlə əsasən gizli dövləti əhəmiyyətli danışıqlar aparılıb.
Təhlükəsizlik məsələləri üzrə ekspert Ilham Ismayıl bildirdi ki, əslində “4 nömrəli” telefonlara qulaq asmaq mümkün olmamalıdır. SSRI dövründə “VEÇE” telefonlarına qulaq asmağın mümkün olmadığını deyən I.Ismayıl bildirdi ki, həmin telefonlara qulaq asmaq cəhdi olan zaman səs tərsinə yazılırdı: “Mən bilmirəm texniki cəhətdən ”4 nömrə”yə qulaq asmaq mümkün olmamalıdır. Əgər hazırda “4 nömrədən” işləmə dayandırılıbsa, bu, müvəqqəti bir tədbirdir. Belə bir versiya da ola bilər ki, hazırda hakimiyyətdə oturan adamlardan bəzilərinin dinlənilməsi vacibdir. Amma onlar nömrələrdən istifadə etdiyindən onları dinləyə bilmirlər”.
Xəyal