Bu gün AXCP Gənclər Komitəsinin İH-nin üzvü Türkel Azərtürkün dayısı Tural Azərtürk naməlum şəxslər tərəfindən saxlanaraq, təhdidlərə məruz qalıb. O, başına gələnləri belə danışıb:
“Dostlar, artıq sərbəst buraxılmışam. İndi isə istəyirəm məsələ ilə bağlı qısaca arayış verim. Bu gün saat 14:00-da şərlənərək həbs edilmiş AXCP Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin məhkəməsinə getdim. Məhkəmədən çıxıb evə qayıdarkən yaşadığım evin yaxınlığında iki nəfər mülki geyimli şəxs arxadan qolumu qatlayaraq, məni qıraqda dayanmış qara “Prado” markalı maşına mindirdilər və naməlum istiqamətə sürdülər. Şəxslərin kim olduğunu soruşduqda isə başladılar sinəmə yumruqla vurub, nalayiq ifadələr işlətməyə. Sürücünün yanında əyləşən orta yaşlı adam isə başladı hədə-qorxu gəlməyə ki, “özünü düşünmürsən, körpələrini düşün. Gedib qoşulmusan ermənipərəst Əli Kərimliyə, satqın bacın oğluna, ağzına gələni danışırsan. Adamı bunun üstündə elə itirərlər, izi də tapılmaz” və.s. Hədə və nalayiq ifadələri davam etdirən adam sürücüyə “pasyolka H.Aslanov”a dönməyi işarə etdi. Daha sonra isə sürücü maşını qırağa verib saxladı. Qabaqda əyləşən adam isə “Bu son xəbərdarlıq idi. Düş, get, ağıllı ol!” deyib, ” son məsləhət”ini verdi. Bu ilk belə hal deyil. Hələ iki il əvvəl Cəlilabaddakı evimizə də Türkelə görə polis əməkdaşları gəlmişdi. Sonradan isə məni polisə aparıb, qaynatamın qayınatasının adına kimi soruşub, sərbəst buraxmışdılar. Daha sonra işlədiyim yerdə də Türkellə bağlı sorğu-sual edilirdim. Daha sonra Türkel də gəlib mənimlə birgə işləyəsi oldu. Ta ki, 05.04.2015 tarixinədək. Sonradan Türkel “Talana son!” mitinqində həbs edildi və işdən azad edildi. Bundan bir müddət sonra isə məni işdən azad etdilər. İndi isə cənab Əli Kərimlini necə zəiflədə biləcəkləri haqda düşünüb bu qərara gəliblər ki, partiya rəhbərliyində təmsil olunan, partiya fəalı olan insanların yaxın qohumlarını incidərək, onlara hədə gəlməklə o insanları partiyadan qoparsınlar. Amma inanıram ki, bu da effekt verməyəcək. Özüm rəsmən AXCP üzvü olmasam da, həmişə Əli Kərimlini, AXCP-ni dəstəkləmişəm və bu gün də dəstəkləyirəm. Bütün baş verənlərə etiraz olaraq isə AXCP-yə üzv olmaq qərarına gəldim. AXCP sədri cənab Əli Kərimlidən xahiş edirəm ki, üzvlüklə bağlı müraciətimə müsbət cavab versin.”