Bəli, bayraqları bayraq edən hakimiyyətin pulu deyil, məhz millətin əzmidir. Təbii, neftdən gələn gəlirlər bizə dünyanın ən uca bayrağını, ən uca binasını inşa etməyə imkan verir. Amma yaşıl əskinaslar belə, bizi dünyanın əzmkar və qüdrətli milləti etmək iqtidarında deyil, biz hələ də əhalisi kasıb, torpağı işğal altında olan millətik. Mən bunu əyalətlərə gedərkən daha çox hiss edir və daha çox duyuram. Bakı avtomobillərinin siqnalları əzilən insanın səsini batırır, uca binalar sanki getdikcə artan kasıblığa və hüquqsuzluğa bir kölgə salır. Amma əyalət belə deyil, oralarda hər şey daha çılpaqdır. Etiraf edirəm, əvvəllər sosial mənzərə daha üzücü idi. Amma indi də ciddi dəyişiklik hiss edilmir. Yenə də qaz, işıq, su və bir də işsizlik! Hətta qonaqlara da diqqət bir qədər azalıb. Əyalətdə ölkənin neft və qaz ölkəsi olduğunu belə, duymursan.
Artıq ödəniş problemi yoxdur. Lakin əyalət məmurları hələ də ölkəni normal qaz və işıqla təmin etməyə çətinlik çəkir. Bunun əsl səbəbini bilmirəm. Onu bilirəm ki, çoxsaylı qaz borularından birinin də yolunu elə ölkə əyalətindən salmaq yaxşı olardı. Hə, bir vaxt regionların iqtisadi inkişaf proqramı qəbul edildi. Amma zavodları başqa yerdə tikdilər. Elə əyalət rayonları var bir neft-kimya kompleksi tikməklə onu əsl sənaye şəhərinə çevirmək olardı. Bunu reallaşdırmaq üçün hətta təbii resurslar da var. Fəqət, istək yoxdur. Bunlar sənayeləşmədən də qorxurlar. Bunun da səbəbini bilmirəm. Amma yəqin ki, bunlara həmişə yarıac və yarıtox bir millət lazımdır ki, başı gündəlik məişət problemlərindən ayrılmasın, başqa şeylər haqqında düşünməsin, bir parça çörək tapanda ona da şükr etsin.
“Ərəb baharı”nın sorağı
Ərəb dünyasında baş verən hadisələrin sorağı əyalətə belə gedib çıxıb. Indi bu qəribə görünə bilər. Mən hər dəfə bir detalı hiss edirəm: iki Azərbaycan var! Biri telekanallarda mövcud olan, hakimiyyətin təbliğat çarxının nəticəsi olan Azərbaycan, bir də real Azərbaycan. Real Azərbaycan tamam başqadır, burada insanlar heç də sadəlövh deyillər, düşünür, daşınır, ciddi məlumat toplamağa, ölkədə baş verən proseslərin əsl məğzini tutmağa cəhd edirlər. Onlar heç də Məmmədhəsənlər, Novruzəlilər deyillər, necə deyərlər, əsrin əsl nəbzi duyulur. Bu Azərbaycan bir gün özünü təzahür etdirəcək, cəmiyyətin alt qatında bir inkişaf var. Amma qorxu da böyükdür. Əyalətdə qorxu daha artıq hiss olunur, sanki bu, əyalətin mövcudluğunun bir atributudur. Amma bu da qorxutmur, çünki qorxunun bircə gün içindəcə çəkildiyi vaxtları da öz gözlərimizlə görmüşük. Heç bir quruluş sovet rejimindən qorxulu ola bilməz və o rejimin də qorxusu bir gün qeybə çəkilmişdi.
Ölkə siyasəti nə vəd edir?
Ilin sonu adətən yekunlaşma çağıdır. Ona görə də ciddi bir şey gözləmək və bunu təqdim etmək o qədər də asan deyil. Belə vaxtlarda adətən büdcə, bir də onun qəbulu ilə bağlı söz-söhbətlər, müzakirələr daha çox eşidilir. Elə təəssürat yaranmasın ki, uğurları görmürük. Bəli, bu il iki ciddi hadisə oldu. Bunlardan biri mahnı festivalı, digərisə BMT ilə bağlı baş verdi. Amma bunu da demək vacibdir ki, bunlar uğurları da inversiya etməyi və onu cəmiyyətin əleyhinə çevirməyi bacarırlar. Təbii ki, burada cəmiyyətin düşünən kəsimini və demokratik düşüncəli insanları nəzərdə tuturuq.
Anlamaq və anlatmaq dərdi
Bəli, Rafiq Əliyev də bu hakimiyyətin hədəfinə tuş gəldi. Ziyalı və siyasi sistem, ziyalı və hakimyyət problemləri haqda çox yazmışam. Bir məsələni deyim. Ziyalı sözünün latıncadan açıqlaması anlayan, başa düşən deməkdir və güman edirəm ki, bunun özü bir çox mətləblərə aydınlıq gətirir. Sözün də əsl mənasında anlamaq bir nemət olduğu kimi, həm də böyük dərddir. Necə edəsən ki, ətrafında baş verənləri görməyəsən? Çətin məsələdir. Bəlkə heç mümkün də deyil, o insan ki, anlamaq iqtidarındadır, o, ətrafdakıları görür, başa düşür. Anlamağın və başa düşməyin bir yanğısı da var. Anlayan adam həmişə anlatmağa, başa düşən insan başa salmağa çalışır, Kant iddia etdiyi kimi, “özündə şey” ola bilmir, məşəl olmaq istəyir!


