Umberto Ekonun təqdimata yəqin ki, ehtiyacı yoxdur. El dilində desək, oxumuş adamlar onun çağdaş Avropa və dünyanın ən çəkili intellektlərindən, yazıçılarından biri olduğundan xəbərdardılar. O, “Qızılgülün adı”, “Fukonun kəfkiri” kimi məşhur əsərlərin müəllifidir.
Eko həm də Italiyada, təkcə Italiyada da yox, artıq bütün dünyada adı mafiya və korrupsiya ilə assosiasiya olunan Berluskoni və onun hökumətinin ən radikal tənqidçilərindən biri kimi tanınır. Misirdə inqilab başlayanda Umberto insanları “Italiyanın korrupsiyaya uğramış ölkə imicinə qarşı üsyana” çağırmışdı.
Bunun üstündən çox keçməmiş isə baltanı lap dibindən vurmuş, demişdi: “Berluskonini əslində, Hitlerlə müqayisə etmək olar. Hitler də hakimiyyətə seçki yolu ilə gəlmişdi”.
Bunları niyə yazır, bilənlərə niyə xatırladıram? Çox sadə səbəbdən: Azərbaycanda ziyalı zəlzələsi haqqında danışıldığı bu günlərdə önəmli bir məqamı vurğulamaq üçün. Bəli, bir çoxları ölkədə yaxşı şeylərin baş vermədiyini, Azərbaycanın doğru yolda olmadığını axır ki, anlamağa və bunu dilə gətirməyə başlayıb. Amma dərd burasındadır ki, onların tənqidinin təyinatı yoxdur. Günahlar sadalanır, günahkar göstərilmir. Ad çəkilmir. Nələrdən narazı olduqlarını deyirlər, amma kimdən narazıdırlar, bəlli deyil. Məsələn, Rafiq Əliyevi müdafiə bəyanatını oxudum Ziyalılar Forumunun, orada haqlı olaraq, soruşurlar ki, Ramiz Mehdiyevin əsərləri hansı elmi göstəriciyə uyğundur? Amma indiyədək Ilham Əliyevin idarəçiliyinin hansı siyasi və əxlaqi göstəriciyə uyğun gəldiyini soruşmayıblar. Sanki bağdan narazıdırlar, bağbandan yox.
Adsız, təyinatsız tənqid isə heç vaxt effekt verə bilməz. Ümumi, mücərrəd tənqidlər havada qalmağa məhkumdur. Belə tənqidlər nəinki zəlzələ yarada, heç adi yarpağı da tərpədə bilməz.
Başa düşürəm, Ilham Əliyev ölkədə elə bir mühit yaradıb, Azərbaycanı elə bir nöqtəyə gətirib ki, burada hansısa tanınmış adamın dilindən ən kiçik, ünvansız tənqid belə, aydın səmada şimşək kimi çaxır. Insanları təəccübləndirir, ehtizaza gətirir. Normalda bir ziyalının susqunluğu heyrət doğurmalı olduğu halda, bizdə bir ziyalının eyhamlı, Ezop dilində danışması belə, hər kəsi heyrətləndirir.
Bunları başa düşürəm, ona görə də bu gün “ziyalı zəlzələsi” ətrafında aşırı gurultu, şadyanalıq mənə təəccüblü gəlmir, hədsiz sevincək olmuş insanlarımızı qınamıram. Onlar üçün bir ziyalının dolayı, ümumi tənqidləri belə, gözlənilməz hadisədir, Qarabağın işğaldan azad edilməsinə bərabərdir.
Amma kimsə məni qınamasın, mən təyinatı olmayan, konkret bir ünvana yönəlməyən, ümumiyə ünvanlanan istənilən tənqidi qeyri-səmimi sayıram. Effektsiz sayıram. Nəticəsiz sayıram. Təsəvvür edin, siz bir romanın pis strukturunu, şablon süjetini, nə bilim, istedadsız cümlələrini tənqid edirsiniz, amma həmin romanın müəllifi barədə susursunuz. Müəllifin məsuliyyətini ötüşdürürsünüz. Belə bir tənqid səmimi və effektli ola bilərmi?
Umberto Eko nümunəsini də məhz tənqiddə təyinat faktının önəmini vurğulamaq üçün göstərdim. O, bəlaları göstərir, amma bəlaların baiskarını da göstərir. Buna görə də həmin tənqid geriyə heç bir sual işarəsi buraxmır, insanları tərəddüddə saxlamır, onlarda aydın qənaət, nəticə doğurur.
Bəli, bu gün Azərbaycan öz tarixinin ən ağır günlərini yaşayır. Hər şey hətta, biz düşündüyümüzdən belə, pisdir. Bu ölkədə hüquq və demokratiya girov götürülüb. Ədalət və azadlıq əsir alınıb. Səfalət və cəhalət həyat tərzinə çevrilib. Bunların hamısını hamı bilir. Bəs günahkar kimdir? Günahkarı göstərmədən, onun adı ətrafında yaradılmağa çalışılan tabuya tabe olaraq ümumi, təyinatsız tənqid etməklə nə qazanmaq, nə əldə etmək mümkündür? Siz heç görmüsünüzmü, hansısa qoldan danışılanda onun neçənci dəqiqədə vurulduğunu soruşsunlar, ilk sual bu olur: “Kim vurub?”
Axı bir vaxtlar tərifləyəndə ad çəkib, amma indi tənqid edəndə ad çəkməmək nə qədər doğrudur? Yoxsa bu, sabah üçün əl yeri saxlamaq olmasın? Körpüləri yandırmamaq cəhdi olmasın?
Bilmirəm.
Bildiyim tək şey var: adsız, ünvansız, təyinatsız tənqid yarımçıq tənqiddir, natamam tənqiddir, şikəst, yarımcan tənqiddir. Ondan tənqid müəllifləri qazana bilərlər, ümumi işimizin qazanacağına isə məni heç kim inandıra bilməz.