“Siz Azərbaycanın müstıqilliyini bərpa etmiş qüvvənin varislərisiz”

Rafiq manafMilli Şuranın Koordinasiya Mərkəzinin üzvü Rafiq Manaflı Ədliyyə Nazirliyinin AXCP-nin son qurultayının nəticələrini tanımaqdan imtina etməsinə münasibət bildirib. Rafiq Manaflı özünün Facebook səhifəsində yazır:

“Hakimiyyətə gəlirsənsə, onu qorumağı bacarmalısan. Bu siyasətin qızıl qanunudur və bunun üçün yüzlərlə siyasi üsullar, manevrlər və sairlər mövcuddur. Gənclik vaxtlarımızda tarixi roman ustaları – Düma, Skott və başqalarını sevə-sevə oxumuşuq. Kralların, premyerlərin, boz kardinalların manevrlərini, incə siyasi gedişlərini heyranlıqla izləmişik. Paytaxtda hansısa böyük hadisəyə nail olmaq üçün, ucqar əyalətlərdə əhəmiyyətsiz görünən gedişlərin şahidi olmuşuq. Bu, ölkədə çaxnaşmalara gətirib çıxarmayan idarəetmə məharətidir, siyasətdir. Yoxsa kraldır da, tutub istədiyinin boynunu vursun.
Bu gün Azərbaycandakı siyasi gedişləri də heyranlıqla izləyirik. Gedişlərin kobudluğuna, niyyətlərin açıq- aşkarlığına, manevrlərin tank kimi basa-basa getməkdən ibarət olmasına, nənəm mənə vur dedi prinsipinə məəttəl qalmışıq.
Dövləti, milləti talamaqdan harınlayaraq seçki adlı hakimiyyət qurma mexanizmini məhv edənləri cəmiyyətin əks-reaksiyası, vətəndaş sülhü əsla maraqlandırmır. Hər şey açıq-aşkardır: Elşən Musayev müxalifəti söyürsən – keç otur parlamentdə. Araz Əlizadə, Cəmil Həsənlini üzünə təhqir etdin – ala, mandat. Razi, Əli Kərimlinin üzünə durdun – ala, pul.
Hakimiyyətlə işim yox, onlar Paşazadə demiş, vicdanın nə olduğunui bilmirlər. Bəs onlara züy tutanlar necə. Araz Əlizadə heç, onsuz da tifaqı dağılmış birisidir. Razidən də, arvad-uşağının, bəslədiyi dovşanların gözünün içinə necə baxacağını sormayın. Baxacaq. Amma, bunlar kimi hər şeyini satmağa hazır olanlar nə qədərdir! Növbənin sonu görünmür.
Belələri olmasaydı, bu rejimin nə həddi var idi ki, belə tüğyan etsin.
Amma cəmiyyətin, ictimai fikrin dəstəyi olmadan hakimiyyətdə oturmaq mümkün deyil. İndiyə kimi heç kəs, dövlətin bəxş etdiyi güc süngüsünün üstündə uzun müddət otura bilməyib. Azərbaycan da artıq böhran içindədir. Bir tərəfdən ölkə xaricində baş verən obyektiv tendensiyalar, digər tərəfdən daxildəki subyektiv səbəblər, səbatsız idarəçilik böhranı günü-gündən dərinləşdirir. Və Azərbaycan Xalq Cəbhəsi Partiyası haqqında verilən qərar, bu böhranın pik nöqtəsinə doğru böyük bir addımdır.
Cəbhəçi dostlarıma üz tuturam. Qəti narahat olmayın. Siz Azərbaycanın müstıqilliyini bərpa etmiş qüvvənin varisləri, Azərbaycanda haqqı, ədaləti, demokratiyanı bərqərar edəcək qüvvələrin lokomotivisiniz. Bundan sonra tufan da gəlsə sizdən bir daş qopara bilməz.
Tarix belə şeyləri çox görüb. Əbədi hakimiyyət yoxdur. Bir gün gələn, bir gün də gedəcək. Elnən gələn ellə gedəcək, selnən gələn sellə. Amma Azərbaycan iqtidarı qədər öz sonluğunu faciəyə çevirmək istəyi ilə alışıb-yanan bir hakimiyyəti hələ tarix görməyib”.