Qəzzafinin oğlu həbs olunacaq

Haaqa Tribunalının prokuroru Seyfülislamın məhkəmə qarşısına çıxarılacağını bəyan etdi

Beynəlxalq Cinayət Məhkəməsinin (Haaqa Tribunalı) prokuroru Luis Moreno Okampo Liviyanın öldürülmüş diktatoru Müəmmər Qəzzafinin oğlu Seyfülislamın həbs olunaraq məhkəmə qarşısına çıxarılacağını bildirib. Prokurorun sözlərinə görə, Seyfülislam Qəzzafi törətdiyi əməllərin cavabını mütləq verəcək.
Prokuror onu da qeyd edib ki, Seyfülislamın, eləcə də Qəzzafi rejiminin kəşfiyyat xidmətinin rəhbəri olmuş Abdulla əl Sənussinin gizləndikləri yerlərlə bağlı kəşfiyyat məlumatları araşdırılır, adları çəkilən şəxslərin yerinin müəyyənləşdirilməsi, onların həbsi istiqamətində çalışırlar.
Bu arada, Niger ərazisində hökumət qüvvələri ilə Liviyadan olan silahlılar arasında toqquşma yaşandığı haqda məlumat yayılıb. Xəbərə görə, liviyalı silahlılar bir neçə maşınla Mali istiqamətinə doğru hərəkət edirmiş. Bu zaman onları yoxlamağa çalışan Niger əsgərlərinə maşınlardan atəş açılıb. Niger Müdafiə Nazirliyinin yaydığı məlumata görə, qarşıdurma nəticəsində 1 əsgər həlak olub.
Sözügedən silahlıların Liviyanın öldürülmüş diktatoru Müəmmər Qəzzafiyə bağlı olduqları bildirilir. Güman olunur ki, həmin silahlılar hazırda axtarışda olan Seyfülislam Qəzzafinin əmrinə keçmiş əsgərlərdir və onun mühafizəsilə məşğul olurlar. Məsələ burasındadır ki, Seyfülislamın məhz Niger ərazisində gizləndiyinə dair iddialar yayılıb.