İran dünyanı ayağa qaldırdı

MAQATE-nin son hesabatı Qərb ölkələrini hərəkətə keçirdi; Əhmədinejad Tehranın bir addım da geri çəkilməyəcəyini bildirdi

Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (MAQATE) Iranın nüvə proqramıyla bağlı növbəti hesabatını açıqlayıb. Hesabatda qeyd olunur ki, Iran 2003-cü ildən nüvə silahı yaratmaq işi aparır və hələ də bu çalışmaları davam etdirir. Iran nüvə silahı əldə etməyə imkan verən bütün vasitələrə sahibdir, hətta nüvə silahının komponentlərini sınaqdan keçirib.
“The Washington Post” qəzetinin yazdığına görə, hesabatı nəzərdən keçirən Qərb diplomatları və nüvə ekspertləri Iranın xarici alimlərin yardımı ilə bu sahədə ciddi inkişaf əldə etdiyini bildirir. MAQATE-nin sabiq rəsmisi Devid Olbrayt Iranın nüvə partlayışına yol aça biləcək kapsul dizayn etdiyini və onun sınağa hazır olduğunu söyləyib.
MAQATE-nin hesabatı ABŞ başda olmaqla dünyanın bir çox ölkəsinin ciddi narahatlığına səbəb olub. Hesabatın açıqlamasından sonra ABŞ-ın Irana qarşı yeni sanksiyalar tətbiq etməyə hazırlaşdığına dair məlumatlar yayılıb. Yeni sanksiyaların Iran bankları və aparıcı şirkətlərinə qarşı tətbiq olunacağı ehtimal edilir.
Fransanın xarici işlər naziri Alan Jüpe hesabata münasibət bildirərkən sənədin BMT Təhlükəsizlik Şurasında müzakirəyə çıxarılmalı olduğunu söyləyib. Nazirin sözlərinə görə, BMT TŞ-nin təcili toplantısı keçirilməli və Irana qarşı görünməmiş miqyasda sanksiyalar tətbiq olunmalıdır. Fransanın müdafiə naziri Jerard Lonqun fikrincə, Iranın cəzalandırılması üçün hərbi güc variantı istisna olunmalı və Tehrana yönəlik qadağalar ağırlaşdırılmalıdır.
Iran prezidenti Mahmud Əhmədinejad MAQATE-nin hesabatını sərt tənqid edib. O, təşkilatı ABŞ-ın absurd iddialarına əsaslanan sənəd hazırlamaqda günahlandırıb. Prezident bildirib ki, MAQATE-nin son hesabatı təşkilata olan inamı azaldacaq. Tehranın nüvə silahı əldə etmək iddialarının dünyada yalnış təqdim olunduğunu söyləyən Əhmədinejad Iranın hazırkı mövqeyindən bir addım da geri atmayacağını bildirib. Əhmədinejad ölkəsinin nüvə silahını dinc məqsədlərlə istehsal etdiyini bir daha xatırladıb.
Iranın nüvə silahını hərbi məqsədlər üçün əldə etmək niyyəti daşımadığını vurğulayan Əhmədinejad Qərb ölkələrinə sələnib: “Iran xalqı ağıllıdır. Sizin 20 min nüvə bombanıza qarşı 2 atom bombası istehsal etməz” deyib.