Klinton diktatorlara sərt mesaj verdi

Fuad Qəhrəmanlı: «Demokratik mübarizə güclənəcəyi təqdirdə, dünyanın Azərbaycan xalqına dəstəyinin şahidi olacağıq»

 

ABŞ dövlət katibi Hillari Klinton “Ərəb baharı” kimi tanınan demokratik dəyişikliklərə açıq dəstək verdiklərini gizlətməyib. Eyni zamanda Əsəd rejimi ilə bağlı perspektivlərə də toxunan H.Klintonun sözlərinə görə, Bəşər Əsəd dəyişiklikləri təxirə sala bilər, ancaq xalqının qanuni tələblərini sonsuza qədər rədd edə bilməz. Klinton çıxışını digər avtoritar liderlərə mesajı ilə tamamlayıb. O bildirib ki, gələcəyi silah gücü ilə dağıtmağa çalışan liderlər son günlərini yaşayır (KLİNTONUN ÇIXIŞINI OXUMAQ ÜÇÜN DAXİL OL).
Maraqlıdır ki, ABŞ dövlət katibi hələ Qəzzafi həyatda olarkən onun ünvanına sərt mesaj səsləndirmişdi. Hazırda Əsədə ünvanlanan mesaja oxşar bəyanat Qəzaffinin ölümündən bir gün əvvəl oktyabrın 19-da verilmişdi. Klinton o zaman bildirmişdi: “Devrilmiş diktator Qəzzafi ya öldürüləcək, ya da diri ələ keçiriləcək”. Bu baxımdan Əsəd rejiminə qarşı da edilən xəbərdarlıq artıq onu göstərir ki, Suriya diktatorunun hakimiyyətinə sayılı günlər qalıb. Klintonun son açıqlamalarında, heç şübhəsiz, diqqəti çəkən daha bir məqam digər rejimlərə edilən xəbərdarlıqla bağlıdır.
AXCP sədrinin müavini Fuad Qəhrəmanlının fikrincə, Klintonun bəyan etdiyi bu fikirlər Yaxın Şərqdə baş verən hadisələrlə bağlı ABŞ xarici siyasətinin ənənəyə çevrilmiş yanaşmasının ifadə olunmasıdır. Artıq bir müddətdir ABŞ-ın həm prezident, həm də digər rəsmilər səviyyəsində demokratikləşmə ilə bağlı açıq mövqe ortaya qoyduqlarını deyən F.Qəhrəmanlı əlavə etdi ki, ABŞ avtoritar rejimlərin dönəminin bitdiyini və xalqların demokratiya uğrunda mübarizələrinə Vaşinqtonun dəstək verməyə hazır olduğunu bildirib: “Bu baxımdan səslənən bəyanat təkcə Suriya ilə məhdudlaşan məsələ deyil. Bu, qlobal bir prosesdir. Həmin prosesin daha geniş miqyas alaraq, ciddi təsir gücünə sahib olması, məhz bu prosesə verilən dəstəyə bağlıdır. ABŞ-ın mövqeyi onu deməyə əsas verir ki, Vaşinqton demokratikləşmə prosesinin daha da inkişafında maraqlıdır. Ona görə mesajlar ünvanlanarkən yalnız bir ölkə ilə məhdudlaşdırılmır, digərlərinə də mesajlar ünvanlanır”.
F.Qəhrəmanlının fikrincə, ABŞ-ın yürütdüyü siyasət dünya siyasətində yeni dövrün başlanğıcıdır ki, öz xalqlarının iradələrini əzən diktatorlar beynəlxalq birlik tərəfindən qəbul olunmayacaq: “Hazırda elə avtoritar rejimlər var ki, orada avtoritar siyasət yürüdülsə də xalqlar mübarizəyə qalxmayıblar. Bu baxımdan Klintonun bəyanatı bütün avtoritar rejimlərə bir mesajdır ki, gec-tez bu dəyişiklik olacaq. Xalqların iradəsinə qarşı getmək, zorla hakimiyyəti davam etdirmək mümkün deyil. Digər tərəfdən, eyni zamanda xalqlara bir mesajdır ki, onlar öz haqları uğrunda mübarizəyə qalxarlarsa, o zaman avtoritar rejimlərin zorakılığa əl atmasına baxmayaraq, dünya birliyi xalqların yanında olacaq”.
F.Qəhrəmanlının sözlərinə görə, bu baxımdan Klintonun dediklərindən Azərbaycana da pay düşür ki, demokratik mübarizə güclənəcəyi təqdirdə, dünyanın da Azərbaycan xalqına dəstəyinin şahidi olacağıq.

 

Hikmət