İslam Universitetinin dekanı nədən ölüb?

İntihar etdiyi bildirilən Firudin Məmmədovun yaxınları «Azadlıq»a danışdı

“Firudin müəllimin damarlarını doğrayaraq intihar etməsi barədə yayılan məlumatlar əsassızdır”. Bu sözləri “Azadlıq”a Bakı Islam Universitetinin şərəit fakültəsinin dekanı Firudin Məmmədovun yaxınları bildirib. Xatırladaq ki, dekan bir neçə gün əvvəl dünyasını dəyişib. Mətbuatda yayılan məlumatlarda deyilir ki, o, damarlarını kəsərək intihar edib.
Firudin Məmmədovun yaxınları isə deyir ki, dekan ürək tutmasından dünyasını dəyişib: “Firudin müəllimin səhhətində ciddi problemlər var idi. Həkimlərin diaqnozuna görə onun damarlarında tromb əmələ gəlib. Bunu Firudin müəllimin ürəyindəki nasazlıqla əlaqələndirirdilər. O, elə bu xəstəlikdən də dünyasını dəyişib. Biz onun cəsədinə baxış keçirmişik. Bədənində heç bir xəsarət izi olmayıb”.
Qohumları hesab edir ki, Firudin Məmmədovun damarlarını kəsərək intihar etməsi barədə xəbəri onu istəməyənlər yayıb: “Buna başqa ad tapa bilmirik. Axı bu insan intihar etməyib. Bu xəbər məqsədli şəkildə yayılıbsa, deməli, bunu onu istəməyənlər edə bilər. Lakin biz bilmirik ki, bu adamlar kimdir”.
Firudin Məmmədovun ölümü barədə Xətai rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci(özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işinin başlanmasına gəlincə, mərhumun yaxınları bundan xəbərsiz olduqlarını deyiblər: “Bu barədə məlumatımız yoxdur, olsaydı bizə deyərdilər. Yəqin, bu da növbəti yalanlardan biridir”.
“Azadlıq”ın apardığı araşdırmalara görə, Firudin Məmmədov Bakı Islam Universitetində, həmçinin dindarlar arasında kifayət qədər böyük nüfuza malik olub. “Biz böyük bir alimimizi, eyni zamanda böyük bir insanı itirdik. Firudin müəllim həm alim, həm də bir insan kimi bütün tələbələrin sevimlisi idi. Universitetdə hamı ona hörmətlə yanaşırdı”,-deyə onu tanıyanlar bildirib.

Informasiya şöbəsi