MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov həbs edilib.
Qafqazinfo.az saytının verdiyi məlumata görə, bir müddət öncə vəzifədən azad edilən və bu günə qədər ev dustağı olan Akif Çovdarov bu gün saxlanılıb. Onun barəsində həbs-qətimkan tədbiri seçilib.
Məlumata görə, generalın həbsi onlarla MTN zabitinin istintaqa ifadələri əsasında həyata keçirilib.
Hüquq-mühafizə orqanlarındakı mənbələrdən virtualaz.org saytına verilən məlumata görə isə Akif Çovdarov bu gün Baş Prokurorluq əməkdaşları tərəfindən saxlanılaraq Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə aparılıb. A.Çovdarov hazırda müstəntiqlər tərəfindən dindirilir.
Saytın yazdığına görə, Akif Çovdarov təqsirləndirilən şəxs qismində 4 saat sorğu-sual edilib. Onun, ifadə verəndən sonra, Nərimanov rayonundakı Müvəqqəti Saxlama Məntəqəsinə aparıldığı bildirilir.
Sabah A.Çovdarov ifadə vermək üçün yenidən Baş Prokurorluğun Ağır Cinayətlər üzrə Baş İstintaq İdarəsinə aparılacaq.
İfadə verəndən sonra ona qarşı rəsmi ittihamın irəli sürüləcəyi gözlənilir.
Ancaq A.Çövdarovun hələlik konkret hansı cinayət üzrə təqsirləndirildiyi və hansı işlə bağlı ifadə verdiyi məlum deyil.
Sayt hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadla onu da yazır ki, Akif Çovdarovun evində və bağında axtarış aparılıb.
Məlumatda bldirilir ki, axtarış A.Çovdarovun oğlunun, kürəkəninin və digər yaxın qohumlarının evlərində və bağlarında da aparılıb.