Hakimiyyət nəticənin belə olacağını bilməliydi
MTN-də baş verənlər hələ də gündəmin əsas mövzusudur. Hər gün yeni-yeni faktlar üzə çıxır və məlum olur ki, ölkənin təhlükəsizliyinə nəzarət etməli olan generallar quldurluqla məşğul olurmuş. Vaxtilə belə bir hadisə DIN-də də baş vermişdi. O vaxt da DIN-də məsul vəzifə tutan Hacı Məmmədovun ağır cinayətlər törətməsi ilə bağlı faktlar ortaya çıxdı və uzun müddət müzakirə mövzusu oldu.
Amma DIN-dəki hadisədən fərqli olaraq MTN-də baş verənlərdə xeyli sayda generalların iştirakı olub və daha genişmiqyaslı əməliyyatlar aparılıb. Təsəvvür edin ki, müxtəlif vaxtlarda bu generallara müxtəlif fəxri adlar verilib, onları cəmiyyətə nümunə kimi təqdim ediblər. Amma indi məlum olur ki, bu generallar ağır cinayətlər törədirmiş, gizli həbsxana saxlayırmış və s.
Elə bir vəziyyət yaranıb ki, hamı özünü toxunulmaz, üstün səlahiyyət sahibi sayıb. Xüsusən də ölkəyə milyardlarla neft pulunun axdığı vaxtda xeyli lazımsız, bir-birini təkrarlayan strukturlar yaradılıb. Biz bu məsələ ilə bağlı əvvəllər də yazılar yazmışıq və ölkədə bu qədər istintaq idarəsinin olmasını lüzumsuz hesab etmişik. Espertlər də hesab edirlər ki, MTN-in xüsusi təcridxanası olmamalıdır. Ümumiyyətlə, hər strukturun özünün istintaq təcridxanası olması cinayətləri ört-basdır etməyə, qanunsuz əməllərə imza atmağa xidmət edir. Gömrük sisteminin öz istintaq idarəsi, Vergilər Nazirliyinin istintaq idarəsi, Sərhəd qoşunlarının öz istintaq idarəsi var. Kim harda tutursa, istintaq etməyə başlayır. Indi məlum olur ki, belə idarələrin yaradılması saxtakarlıqlara, qanunsuzluqlara meydan açmaq üçündür. Əminliklə demək olar, əgər MTN-də baş verənlər üzə çıxmasaydı, gələcəkdə Vergilər Nazirliyinin və Gömrüyün öz təcridxanası olacaqdı. Tendensiya bunu söyləməyə tam əsas verir.
Demək istəyirik ki, uzun müddət insanlar MTN-də dindirilib, MTN-in təcridxanasında işgəncələrə məruz qalıb, saxlanılan adamların taleyi haqqında məlumat almaq çətin olub. Yəqin ki, bu “ənənə”lərə görə 100-lərlə insanın qanı batıb. Əslində qanunsuzluqların bir səbəbi də bu lazımsız strukturların yaradılmasıdır.
Görünür, məhkəmələrin sifərişlə hökm çıxardığı, qanunların kağız parçasına çevrildiyi ölkədə, hər bir struktur özündə bütün səlahiyyətləri tapa bilir. Qısası, bütün bu lazımsız strukturların yaradılması vəzifənin verdiyi səlahiyyətlərdən sui-istifadə etmək, insanları sındırmaq, həqiqətləri gizlətmək məqsədi güdür.
Və sonda məlum olur ki, “vətənə xidmətə görə” medalları ilə təltif olunmuş generallar vətəndaşa zülm etməklə məşğul olub.
Samir