ADNA rektoru Siyavuş Qarayevlə YAP-çı Siyavuş Novruzov arasında mahiyyətcə heç bir fərq yoxdur. Çünki Qarayevin Rafiq Əliyevi işdən çıxarmasını Novruzovun liderləri debata çağırması ilə müqayisə etmək olar. Təkcə ona görə yox ki, Rafiq Əliyevin dünya elmindəki mövcud nüfuzunu Qarayev yalnız gerçəkləşməyən arzu kimi yuxuda görə bilər. Ona görə ki:
1. S.Qarayev AMEA-nın həqiqi üzvüdür, yəni akademikdir, Rafiq Əliyev isə AMEA-nın müxbir üzvüdür, yəni rektordan Azərbaycan elmi iyerarxiyası baxımından bir pillə aşağıdır. Amma Rafiq Əliyev 1989-cu ildən AMEA-nın müxbir üzvüdür, S.Qarayev isə 2001-ci ildən. Qarayev yalnız 1997-ci ildə ADNA rektoru təyin olunandan sonra AMEA-nın müxbir (2001) və həqiqi (2007) üzvü “seçilmək”lə elm piramidasının başına sıçrayıb, 22 ildir “müxbir üzv” olan dünya şöhrətli alimimizi akademik seçmək isə Əliyevin ağlına gəlməyib.
2. S.Qarayevin 213, Rafiq Əliyevin 220-dən çox elmi əsəri xaricdə çap olunub – hələ onu bir kənara qoyuram ki, S.Qarayevin “əsas elmi əsərləri” sırasında rus dilindən başqa bircə ədəd “xarici nəşr” göstərilməyib, əvəzində R.Əliyevin əsas əsərləri həm də alman və ingilis dillərindədir.
3. S.Qarayev cəmi 24 elmlər namizədi yetişdirib, R.Əliyev isə 150 elmlər namizədi və 20 elmlər doktorunun elmi rəhbəridir.
4. S.Qarayev ictimai əsaslarla çalışan Nyu-York Elmlər Akademiyasının üzvüdür ki, bu akademiyaya üzv seçilmək sıradan bir elmlər doktoru üçün qətiyyən problem yaratmır. Rafiq Əliyev isə… Onun dünya elm ocaqlarındakı titullarını saymağın özü belə, asan deyil.
Bu siyahını uzatmağın mənası yoxdur – fakt odur ki, Rafiq Əliyev Siyavuş Qarayevdən müqayisəolunmaz dərəcədə böyük alimdir. Amma Rafiq Əliyevin işdən çıxma əmrini Qarayev imzalayır. Çünki bu xaraba məmləkətin günü budur, burda rəhbərliyə istedada görə təyinat olmur.
S.Qarayevin əmri “yuxarıların” göstərişi ilə verməsinə gəldikdə isə, əlbəttə, Qarayev məhz ona görə rektordur. Çünki bu hakimiyyətə məhz buyruq qulları lazımdır, tapşırıq gələn kimi icra edən nökərlər gərəkdir. Daha baxmazlar ki, siyasi hakimiyyətin tapşırığı ilə işdən qovulanlara yapışdırılan Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin tətbiqi üçün Həmkarlar Ittifaqının rəyi alınmalıdır. Bu rəyin verilməsi üçünsə mütləq Həmkarlar Ittifaqı geniş müzakirə keçirməli, doğrudan da nöqsan varsa, xəbərdarlıq edilməli, növbəti səhlənkarlıq olarsa, rəhbərliyin təqdimatına ikinci dəfə baxılmalı və yalnız bundan sonra rəy verilməsi məsələsi gündəmə gəlməlidir.
Kimdi bu qanuna baxan? Ilham Əliyevin tapşırığı, Ramiz Mehdiyevin zəngi gələn kimi necə əl-ayağa düşürlərsə, əmri qanuna uyğun vermək də yaddan çıxır. Çünki “yuxarının” təfəkkürünün ölçüsü bu boydadır: dərhal qovulmalıdır, vəssalam!
Dəhşət və biabırçılıq bu deyil – bilirik ki, Ilham Əliyevin kefi belə istədiyi üçün Rafiq Əliyev bir gündə işdən çıxarıldı. Dəhşət heç o da deyil ki, S.Qarayev bu əmrə imza atmaqla öz elmi-siyasi karyerasını tələbə Elmin Bədəlovdan sonra daha da bərbad günə qoydu və Azərbaycan təhsil ocaqlarının siyasiləşdiyini bir daha təsdiqlədi.
Dəhşət odur ki, Həmkarlar Ittifaqı tələm-tələsik iclaslar “keçirəcək”, “müzakirə” edəcək və rektorun əmrini əsaslandırmaq üçün “rəy” verəcək, HI-nin üzvü olan yekə-yekə kişilər, alimlər, ziyalılar köhnə tarixə dürtüşdürülən iclas protokoluna, rəyə imza atacaqlar. Və S.Qarayevin qanunsuz əmrinə büsbütün ADNA kollektivi şərik olacaq. Hələ olsun ki, Rafiq Əliyevin “iş ahəngini” pozmasıyla bağlı ADNA alimləri bir mətbuat konfransı da keçirsinlər. Çünki karyeralarını elmə yox, Şərə xidmətlə qurmağa çalışanlardan formalaşıb Azərbaycan elmi elitası. Bu biabırçılığa imza atmayan, öz alim ləyaqətinə hörmət edib etiraza qalxan ADNA Həmkarlar Ittifaqının bircə üzvü olacaqmı?
Əliyevlərin Elşad Abdullayevləri professor etdiyi, Azad Mirzəcanzadələri məmləkətdən qovduğu elmi məkanda belə iradə sahiblərinin olmasına inanmıram!
Rafiq Əliyev isə bu biabırçı qərardan yalnız qazandı. Çünki Azərbaycan elminin şöhrəti “elmi-kommunist” Ramiz Mehdiyevin akademik olmasında özünü göstərir. 1992-ci ildə “ateistlərin dönüb ilahiyyatçı olmasını” yazdığı məqaləsində tənqid edən və özünün “elmi-kommunistdən” qəflətən fəlsəfə professoruna çevrildiyini unudan Ramiz Mehdiyevin akademik olduğu məmləkətdə Rafiq Əliyevin “müxbir üzv” olması da faciədir.
Təki onu müxbir üzvlükdən də çıxarsınlar – R.Əliyev kimi alimin dünya elmi reytinqində sonuncu yeri bölüşən AMEA cəngəlliyində nə işi var?
Ilham Əliyevin elmi-siyasətinin mahiyyəti budur – Siyavuşlar…
Əliyevin elmi-siyasi məntiqi – Siyavuşlar!
•


