Qlobal prosesin kod adı – “1969-un revanşı” (II yazı)

SSRI – nin dağılmasından sonra, təxminən 50-yə yaxın dövlət sosializmin mütərəqqi ideyalarından tədricən imtina etməyə başladı. Yaxın Şərq, eləcə də, keçmiş postsovet ölkələrində despotizmin bütün elementlərini aşkar surətdə əks etdirən rejimlər yarandı. Avropanın mərkəzində kiçik kolxoz imperiyası Belarus, ailə şirkəti kimi xarakterizə edilən Azərbaycan, mini-sovet imperiyasını təqlid edən Türkmənistan, habelə totalitarizmin bütün elementlərini özündə ehtiva edən Rusiya, Qazaxıstan, Özbəkistan, Tacikistan, Ermənistan sosializmdən feodal üsul-idarəsinə keçən dövlətlərin başında gəlirlər.

Belə bir siyasi şəraitdə demokratik inqilablar dalğası niyə məhz Yaxın Şərqdən başladı? Tunis, Misir, Liviya, Suriya və digər despot rejimlər ABŞ və Qərb üçün daha təhlükəli idi, yoxsa bu, Sovet imperiyasının çökməsi ilə başlanan prosesin məntiqi davamıdırmı?
Politoloqlar əsaslandırmağa çalışırlar ki, dünyada daha qorxunc formada siyasi ittifaqın qarşısı alınmaqla bərabər, dünya yeni çağa qədəm qoydu. Şimali Koreya, Iran, Çinin bu dövlətlərlə siyasi-iqtisadi ittifaqı, yeni dünya düzəninin yenidən pozulmasına gətirib çıxara bilərdi. Yaxın Şərq eləcə də, keçmiş postsovet respublikaları ölkələrində milyarder diktatorlar, siyasi hakimiyyətı daha uzunömürlü və əbədi etmək üçün, qapalı Şimali Koreya modelinə üstünlük verməyə başlamışdılar. Bəşəriyyət göründüyü kimi, növbəti təhlükə ilə qarşı – qarşıyadır. Yaxın Şərq ölkələri daha sabit idilər və bu təhlükəli ittifaqa onların da daxil olacağı siyasi dairələrdə şübhə doğurmurdu.
…Daha bir mühüm amil insan amilidir. Bu gün yüz milyonlarla insan tiraniyanın eybəcər qanunları ilə yaşamağa məhkumdur. Insanlar haqq-ədalət istəyirlər və buna nail olmaqda israrlıdırlar. Bütov xalqları diktatorlarla baş- başa buraxmaq özü də təhlükəlidir. Amerika Birləşmiş Ştatlarının, eləcə də Avropa Birliyinin bu sahədə missiyası təbiidir, onların dəstəyi olmadan bu gün biz Yaxın Şərqdə tamam başqa mənzərənin şahidi olardıq. Diktatorları hədəf alan superdövlətlər tamamilə haqlı idilər və bu gün biz onların sərvətinin miqdarını və öz xalqlarına qarşı törətdikləri vəhşiliklərin şahidi olduqca, buna bir daha əmin oluruq.
Qlobal proses Azərbaycandan da yan keçməyəcək
Sovet imperiyası dağıldıqdan sonra, qısa bir dövrdən sonra, 1993-cü ildə hakimiyyətə məhz 1969-cu ildə (tarixin ironiyasına baxın!) gəlmiş keçmiş kommunist lider Heydər Əliyev gəldi. Təxminən 10 ildən sonra hakimiyyəti siyasi varisi, oğlu Ilham Əliyevə ötürdü. 42 ilin 18 ili müstəqillik dövrünə təsadüf etsə də, əhali əvvəlkindən daha amansız şərtlərlə yaşamağa məhkum edilib. Qərb mətbuatı Azərbaycanı mafiya qanunları ilə idarə olunan ölkə adlandırır. Diktaturanın bütün xüsusiyyətlərini özündə birləşdirən ailə hakimiyyəti artıq monarxiyaya çevrilməkdədir. Azərbaycanı digər diktaturalardan, eləcə də Yaxın Şərqin artıq devrilmiş rejimlərindən əsas fərqi əhalinin daha ağır şərtlər altında yaşamasıdır.
Ölkənin bütün sərvəti bir neçə ailəyə məxsusdur. Qərb politoloqlarının məmur kapitalizmi adlandırdıqları bu sistem, əhalinin tamamilə müflis olunmasına, eləcə də əhalinin qonşu ölkələrə axınına gətirib çıxarır. Son zamanlar ABŞ və Qərbin təzyiqlərinə baxmayaraq, ölkədə müxalifət daha amansız surətdə təqib edilir, sərbəst toplaşma azadlığına qoyulan yasaq aradan götürülmür. Artıq rejim ölkədə bütün dayaqlarını itirib, polis və hüquq-mühafizə orqanları istənilən narazılığı güc tətbiq etməklə yatırır.
Postsovet ölkələrində demokratiyaya keçid sürətlə olacaq
Yaxın Şərqdəki demokratik dalğa artıq postsovet məkanına yaxınlaşır. Müxalifətin olmadığı, əhalinin nisbətən rifah içərisində yaşadığı ərəb ölkələrindən fərqli olaraq postsovet olkələrində bu prosesin daha sürətlə, qan tökmədən keçəcəyi proqnozlaşdırılır. Bank hesablarının dondurulması və Qərbin sanksiyaları diktatorların sərbəst toplaşma və söz azadlığına qoyulan məhdudiyyətləri aradan qaldırmağa məcbur edəcək başlıca amil ola bilər.
Qərb hələ postsovet diktatorlarını demokratik dəyişikliklərə çağırır. Bu, adətən siyasi etiketdir, əslində gözəl anlayırlar ki, dünya təcrübəsində diktatorlar heç vaxt demokratiyaya keçməyiblər, onlar üçün bu çağırış hakimiyyətdən “könüllü get!” deməkdir…
1969 – cu ilin fəsadları bütün dünyada aradan qaldırılır. Demokratiyanın növbəti revanş məkanı postsovet respublikalarıdır.