faiz

Azərbaycanda qiymətlər aybaay artır

Bu ilin oktyabr ayında Azərbaycanda satılmış kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 0,5%, o cümlədən birillik və ikiillik bitkilər 0,4%, diri heyvanlar və heyvandarlıq məhsulları 1% bahalaşıb. Çoxillik bitkilərin istehsalçı qiymətləri isə 1,1% ucuzlaşıb.

Statistika Komitəsindən APA-ya verilən məlumata görə, hesabat ayında birillik bitkilərdən arpanın istehsalçı qiymətləri 1,8%, qabıqdan çıxarılmış, qurudulmuş paxlalı tərəvəzlərin 5,2%, qarpızın 10,4%, yemişin 0,9%, göyərtilərin 1,5%, bibərin 4,1%, xiyarın 0,2%, pomidorun 0,4%, badımcanın 1%, xam pambığın 5,1%, quru otun 11,8%, yoncanın istehsalçı qiymətləri isə 8,5% bahalaşıb, buğdanın istehsalçı qiymətləri 2,4%, qarğıdalının 1,7%, yaşıl paxlalı tərəvəzlərin 5%, kələmin 0,7%, sarımsağın 0,8%, kartofun istehsalçı qiymətləri isə 0,2% ucuzlaşıb.
“Çoxillik bitkilərdən xurmanın istehsalçı qiymətləri 4,4%, narın 9,2%, feyxoanın 5,6%, almanın 0,5%, armudun 0,2%, heyvanın 2,3%, naringinin 3,8%, limonun 8%, şabalıdın istehsalçı qiymətləri 29,3% ucuzlaşıb.
Bu ucuzlaşma ilə yanaşı oktyabr ayı ərzində fındığın və qozun istehsalçı qiymətləri isə müvafiq olaraq 18,9% və 13,3% bahalaşıb”, – deyə bildirilib.
Diri heyvanlar və heyvandarlıq məhsullarından camışın istehsalçı qiymətləri 7,2%, inəyin 2,3%, erkək buzovun 3%, 1 yaşdan 2 yaşadək olan dişi dananın 3,3%, 1 yaşdan 2 yaşadək olan erkək dananın və inək südünün 2,2%, ana qoyunun və 1 yaşadək quzunun 1,7%, diri ev quşlarının 4,9%, camış südünün 0,2%, toyuq yumurtalarının 8,2%, təbii balın istehsalçı qiymətləri 0,7% bahalaşıb, yuyulmamış zərif yunun istehsalçı qiymətləri isə 0,2% ucuzlaşıb.