Rafiq Əliyev ALIMdir.
Şübhəsi olan qürur duyduğumuz o KIŞInin adını internet axtarış sistemlərinə yazıb nəticələrə diqqət yetirsin.
Şəxsən mən Rafiq Əliyevi iki parametrə görə müasir Azərbaycanın bir saylı alimi hesab edirəm.
Birincisi, Rafiq müəllim məşğul olduğu elm sahəsində elə bir imza sahibidir ki, Qərbdə də, Şərqdə də o imzaya sayğı ilə yanaşırlar. Ikincisi, Rafiq Əliyev VICDAN sahibidir.
Ruslar Fyodr Dostoyevskini “Rusiyanın vicdanı”, fransızlar Viktor Hüqonu “Fransanın vicdanı” adlandırır.
Rafiq Əliyev Azərbaycanın vicdanıdır.
Əminəm ki, ziyalıların çoxu indi belə düşünür.
Məhz o VICDAN Rafiq Əliyevi susmağa qoymur.
Məhz o VICDAN universitet rektorluğuna, akademiya prezidentliyinə aparan yolda Rafiq Əliyev üçün ən böyük maneədir ki, var.
O VICDAN olmasaydı, Rafiq müəllim iqtidar süfrələrinin yuxarı başında idi.
Ən azı Rafiq Əliyev parlamentin üzvü ola bilərdi.
O parlamentin ki, orada nə qədər desən, alim qeydiyyatdadır və o alim dediklərimizin əksəriyyətinin nə işlə məşğul olduğunu cümlə Azərbaycan çox gözəl bilir.
Millətin adının millətlərin sırasında dayanması üçün zəhmətlər çəkmiş böyük şəxsiyyət Mirzə Cəlil haqqında kitab yazıb, alimlik titulu qazanan və parlament tribunasından bir dəfə də olsun cəmiyyətdə cərəyan edən anormallıqlara etiraz etməyə cəsarəti çatmayan akademik var o parlamentdə.
Rəhbərlik etdiyi universitetdə rüşvətin çiçəklənməsindən bixəbər alimlər var o parlamentdə.
Yeni Azərbaycan Partiyası iqtidar olduqdan sonra elmi-yaradıcılıq qabiliyyətləri “fontan vuran” nə qədər elmlər namizədi, elmlər doktoru var o parlamentdə.
Və əsla o fikirdə deyiləm ki, onların vicdanı yoxdur.
Var. Sadəcə, onlara bu titulları bəxş edən rejimə vicdanla xidmət edirlər.
Onlar cəmiyyətdəki anormallıqları, mənəvi dəyərlərin qiymətdən düşməsini görürlər, fəqət qazandıqları sərvət vicdanlarını əsarətdə saxladığından, susurlar.
Bilirlər ki, ağızları açılsa, qulluğunda dayandıqları REJIM başlarını sığallamaz və oturduqları kresloları, ciblərindəki mandatları əllərindən alar.
Rafiq Əliyevin vicdanı isə nə var-dövlətin, nə də vəzifə kreslosunun quludur. Odur ki, cəsarətlə haqsızlığa və ədalətsizliyə qarşı çıxır.
Və VICDAN sahiblərini də zülmə qarşı mübarizəyə çağırır.
Təbii ki, rejim Rafiq müəllimin sərbəst şəkildə mövqe sərgiləməsinə dözə bilməzdi. Mütləq bir ssenari hazırlanmalı idi. Hazırlandı da. Azərbaycanı dünyaya tanıdan bir ALIM rejimin qəzəbinə tuş gəldi. Bünövrəsini qoyduğu və 22 il rəhbərlik etdiyi kafedra müdirliyini Rafiq müəllimə çox gördülər.
Əslində REJIM Rafiq Əliyevi deyil, Azərbaycan elmini cəzalandırdı.
Bununla bir daha sübut etdi ki, ona sözün həqiqi anlamında mövqeyi olan ALIM yox, ləbbeyk demək üçün sinov gedən əllamə elmlər namizədləri və elmlər doktorları gərəkdir.
Elmin Inkişafı Fondu yaratmaq hara, dünyada tanınan alimi işdən azad etmək hara?
Elmə atalıq qayğısından danışmaq nədir, Harvard Universitetinin məzununu həbsxanaya atmaq nə deməkdir?
Şahvələd Çobanoğlu ilə yüzdə-yüz razıyam, gerçəkdən Azərbaycanda elm-zad inkişaf etmir, bisavadlıq artır.
Rejim Rafiq Əliyev kimi alimi vəzifədən azad etməklə Şahvələd bəyin elm barədə dediklərini təsdiq etdi.
Hara gedirik? Bu sual elmə cəza verənlərə deyil, VICDAN sahibi olan ziyalılarımıza ünvanlanıb.