merkezibank

Bankların Mərkəzi Banka borcu kəskin artıb

merkezibank

Qadir Ibrahimli: «Yaxın zamanlarda bir neçə xırda bankın bağlanacağı, iri bankların isə zəifləyəcəyi gözləniləndir»

Azərbaycan Mərkəzi Bankının (AMB) kommersiya banklarına qarşı tələblərinin 8,2%-i və ya 317,544 mln. manatı cəmi 7 bankın payına düşür. “Report”un bankların hesabatına istinadən verdiyi xəbərə görə, bu, “Bank of Baku”, “Bank VTB (Azerbaijan)”, “Kapital Bank”, “Qafqaz Inkişaf Bankı”, “Turanbank”, “Silk Way Bank” ASC və “Accessbank” QSC-dir.

Bankların balans hesabatlarına əsasən, cari il oktyabrın 1-nə AMB-nin “Bank of Baku”ya qarşı tələbləri 40, “Bank VTB(Azerbaican)” üzrə 10, “Kapital Bank”da 103,7, “Qafqaz Inkişaf Bankı”nda 60, “Turanbank”da 63, “Accessbank”da 10, “Silk Way Bank”da 31 mln. manat təşkil edib.

Qeyd edək ki, Mərkəzi Bankın “Paşabank” , “AFB Bank”, “Azərbaycan Sənaye Bank” ASC-yə qarşı isə tələbi yoxdur.

Mərkəzi Bankın hesabatına istinadən, 2015-ci il oktyabrın 1-nə AMB-nin banklara məcmu tələbləri 3 859,6 mln. manat təşkil edib. Bu da öz növbəsində ilin əvvəli ilə müqayisədə 2,6 dəfə, martın 1-i ilə (devalvasiyadan sonra) müqayisədə isə 2 dəfə çoxdur.

Bəs yaranan bu cür vəziyyət bank sektoruna nə vəd edir? Bankların Mərkəzi Bank qarşısında artan borcları onların gələcəyi baxımdan təhlükəlidirmi? Problemli kreditlərin sayının hər ötən ay artması, bankların əsas gəlir mənbəyi olan kreditləşmənin dayandırılması bank sektoruna ciddi zərbə vurub. Bundan başqa, hazırda bir sıra bankların filiallarının sayını azaltması da məhz maliyyə çatışmazlıqları ilə bağlıdır.

Mərkəzi Bankın kreditləşmənin şərtlərini sərtləşdirməsi də banklara olan müraciətləri kəskin azaldıb.

qadir-ibrahimli

 

 

 

 

 

 

 

Iqtisadçı Qadir Ibrahimli bildirdi ki, baş verənlər onu deməyə əsas verir ki, bankların təmərküzləşmə prosesi yaxın zamanlarda sürətlənəcək. Devalvasiyadan sonra bankların bu cür borclarının yaranmasının təbii olduğunu deyən Q.Ibrahimli vurğuladı ki, bir neçə ay ərzində kiçik banklar sıradan çıxacaq: “Maliyyə resursları az olan banklar ya fəaliyyətlərini dayandıracaqlar, ya da daha iri banklarla birləşəcəklər. Bu proses bir müddət davam edəcək. Bu, qarşısıalınmaz bir prosesdir. Çünki bu tendensiyanı şərtləndirən hadisə – devalvasiya baş verib. Bundan başqa, ikinci devalvasiya da gözləniləndir. Ölkədə maliyyə resurslarının tükənməsi üzündən hökumətin proseslərə müdaxilə imkanları zəifləyib. Nəticədə hökumətin prosesə müdaxilə edib nəyisə dəyişmək imkanları məhduddur. Ona görə yaxın zamanlarda bir neçə xırda bankın bağlanacağı, iri bankların isə zəifləyəcəyi gözləniləndir”.

Xəyal