Sarkozi Netanyahunu “yalançı” adlandırdı

Fransa prezidenti Obamaya Israilin baş nazirindən şikayət edib

Fransada yayımlanan “Arret Sur Images” nəşri Kann şəhərində keçirilən “Böyük 20-lik” ölkələrinin sammiti zamanı Nikolya Sarkozi ilə Barak Obamanın gizli danışığını yayımlayıb. Sarkozi və Obamanın təkbətək danışığını texniki nasazlıq üzündən jurnalistlər də eşidiblər.
Söhbətin əsas mövzusu Yaxın Şərq nizamlanması olub. Fransa rəhbərliyinin Fələstin Muxtariyyətinin YUNESKO-ya qəbulunu dəstəkləmək niyyəti barədə ABŞ-ı xəbərdar etmədiyi üçün Obama Sarkozini danlayıb. Bundan sonra söhbət Israilin baş naziri Benyamin Netanyahudan düşüb. Sarkozi deyib: “Onu görə bilmərəm, yalançının biridir”. Obamanın cavabı isə belə olub: “Bax, Sizi artıq bezdirib, mənsə hər gün onunla görüşmək məcburiyyətindəyəm”. Ağ ev rəhbəri Sarkozidən fələstinliləri BMT-yə üzvlüklə bağlı addımlarını ləngitməsi istiqamətində razı salmasını istəyib.