natiqedilov

Anti-Avropa fatehləri: AzTV, Pənah Hüseyn və İlham Əliyev

natiqedilovNatiq Güləhmədoğlu

natnetaz@gmail.com

Pənah Hüseynin deputat mandatının əldən çıxması barədə müsahibəsinə fikir vermisinizsə, Ilham Əliyevin daxili aləmi ilə çox ahəngdardı. Pənah bəy mandatının oğurlandığını iddia edir, amma əlavə edir ki, buna görə Avropa Məhkəməsinə şikayət etmək fikri yoxdur.

Bu yanaşmanı biz seçkiyə qatılan yalançı vətənsevərlərdə də görmüşdük. Onların arqumenti də budur ki, “biz öz ölkəmizdən şikayət edən adamlar deyilik”. Yəni, bu adamlar “vətənpərvərlər”di.

Düzdü, Pənah bəy Avropa Məhkəməsinə qarşı qılınc çəkməyib, amma onun da sözünün “mustafası” elə budur, başqa şey deyil.

Indi bir xeyli adam həm Ilham Əliyev rejimində əlavə qıcıq yaratmamaq, həm də padşahın mərhəmətli baxışlarını qazanmaq üçün Avropaya qarşı qəzəbli tövr nümayiş etdirir.

Anti-avropaçılılıqda bu adamların heç biri cənab Əliyevə çata bilməsə də, rəhbərin izini təqib eləmək də bizim zəmanədə fərasətli iş sayılır.

Avropa Məhkəməsi dünyada ədalətin son və yeganə ocağı deyil. Hər kəsin bu qurumla bağlı tənqidləri ola bilər. Heç kim də Avropa Məhkəməsinin ideal olduğunu iddia eləmir. Ancaq Avropa Məhkəməsinə şikayət etməyi Azərbaycanı sevməklə üz-üzə qoymaq, onları bir-birinə zidd şeylər kimi tənqid eləmək təkcə siyasi savadsızlıq nümunəsi deyil, eyni zamanda, ölkəmizə qənim təsilən diktaturaya, şərə gizli dəstək verməkdir.

Bu yanaşma Avropa Məhkəməsinə vətəndaşlarının hüquqlarını bərpa etmək üçün sanballı şikayət ərizələri yollayan, elə həm də buna görə şərlənərək həbsə atılan ləyaqətli insan Intiqam Əliyevin kürəyinə xəncər saplamaqdır. Bəlağətli cümlələrdən qaçaq və indi özümüz-özümüzə sual verək: Avropa Məhkəməsi, Avropa hüquq sistemi ilə düşmənçilik aparmaq azərbaycanlıların nəyinə lazımdır?

Ilham Əliyevi başa düşmək olur, onu, hətta Avropaya nifrətinə görə qınamaq da çətindi. Adam illərdir Avropanın korrupsioner məmurlarının qarnını kürü ilə doldurur, Avropanın kilsələrini, muzeylərini təmir elətdirir və bütün bunların qarşılığında indi Avropanın ciddi siyasi təşkilatları əlahəzrəti “xətdə saxlayır”. Az qala, hər ay hansısa mötəbər qurum rəhbərimizin “kefinə soğan doğrayır”, onu öz vətəndaşlarına qan uddurduğuna, insan hüquq və azadlıqlarına qarşı saymazyana münasibətinə görə tənqid edir, sanksiyalarla hədələyir.

Ilham Əliyev Avropanın tələblərini öz səltənəti üçün təhlükə görür, bəs sənə nə olub, ay namizəd yoldaş?

Bizim Avropadan uzaqbaşı incikliyimiz ona görə ola bilər ki, onlar daha qətiyyətlə, əzmlə Azərbaycan diktaturasını qamçılamırlar, demokratikləşməyə lazımi dəstək göstərmirlər. Yoxsa, ilin-günün bu vaxtı qalxıb Avropanı Azərbaycan dövlətinin düşməni kimi qələmə vermək, ən yaxşı halda, Etibar Məmmədovun laçın vaxtlarını yamsılamaqdır.

Köhnə kişilərin yadında olar, 90-ların əvvəlində indi amorf vəziyyətdə yaşayan Məmmədov belə bir söz demişdi: “Öz millətimdən olan diktatoru başqa xalqın demokratından üstün bilirəm!”

“Öz xalqımızdan olan diktator” isə Etibar bəyin ülvi məhəbbətini doğrultdu, onun əzəmətli karyerasını və partiyasını şilküt eləyib, siyasi arxivin küncünə tulladı.

Tam əmin ola bilərsiniz ki, yersiz Avropa düşmənçiliyi heç kimə, eləcə də ölkəmizə Etibar Məmmədovun nakam taleyindən başqa heç nə vəd eləmir.

Avropa, əlbəttə ki, qüsurlardan xali deyil. AzTV-nin, Ilham Əliyevin Avropa haqda bəd xəbərləri tirajlaması sizləri çaşdırmasın. Bəli, Avropada da neqativ hallar olur, bəzən maşınları da qəza törədir, bəzən meşələri də od tutur, bir də görürsən, hansısa məmur tamahına yiyə durmayıb rüşvət də alır. Olur belə hallar. Amma bunu birinci növbədə avropalılar özü lənətləyir, ifşa edir. Diqqət edin, o xəbərlərin hamısını Qərb mənbələri özü yazır. Özü də çox rahatlıqla yazır. Daha Ilham Əliyev kimi cəmiyyətin problemlərini deyənləri, “agent”, “xalq düşməni” adı ilə damğalamır, ciblərinə narkotik atdırıb türməyə göndərmirlər.

Deyəsən, bir müdrik fikir bizim yadımızdan çıxıb axı: “Demokratiya ən yaxşı idarəetmə forması deyil. Amma nə edəsən ki, bəşəriyyət ondan daha yaxşısını icad etməyib”.

Demokratik Qərbi tənqid edənləri görəndə, onlardan bu suala cavab tələb etməkdə israrlı olun: “Qərb də pisdir, demokratiya da, Avropa Insan Haqları Məhkəməsi də. Bəs siz nəyi, hansı idarəetmə formasını təklif edirsiz?”