Eldar Mahmudovun vəzifədən çıxarılması gündəmin əsas mövzusu olaraq qalır. Artıq MTN-də vəzifə tutan əsas fiqurlar ya həbs olunub, ya da vəzifəsini itirib, həbsini gözləyir. Rəsmi qəzetlər və hakimiyyətə yaxın olan mətbuat orqanlarında isə Eldar Mahmudov və tabeçiliyində işləmiş şəxslərə qarşı hər gün yeni-yeni ittihamlar səslənməkdədir. Hətta proses o qədər ciddi xarakter alıb ki, dövlətin təhlükəsizliyinə cavabdehlik daşıyan bu insanlar, vətənə xəyanətdə də ittiham olunurlar.
Əliyevlərin müstəqil Azərbaycana rəhbərlik etdiyi dönəmə nəzər salsaq, dövlətin təhlükəsizliyinə cavabdeh olan şəxslər haqda belə ittihamların adi hal aldığını görə bilərik. Hər halda Azərbaycanda hansısa nazirin şəxsi iradəsi ilə vəzifədən getdiyi və ya ləkələnmədən kiminsə vəzifəsini itirməsi praktikası yoxdur. Bu halların həm də ölkəmizin təhlükəsizliyinə birbaşa cavabdeh olan MTN-dən yan keçməməsi isə çox acınacaqlıdır. Bəs bu nazirləri hər cür cinayətə bulaşmağa, hətta dövlətə xəyanət yolunu seçməyə vadar edən sistemin məsuliyyətini kim daşısın? Yaxın keçmişə ekskurs etsək görərik ki, bu quruma rəhbərlik etmiş heç bir şəxs təmiz adla vəzifədən uzaqlaşdırılmayıb.
Başlayaq, 1992-ci ilin may ayının 16-da milli təhlükəsizlik naziri vəzifəsinə təyin olunan və həmin ayın 23-də general-mayor rütbəsi alan Fəxrəddin Təhməzovdan. O, cəmi bir ildən sonra 15 iyun 1993-cü il parlamentin sədri seçilən və prezident səlahiyyətlərini icra edən Heydər Əliyev tərəfindən istefaya göndərilir və qısa müddət sonra həbs edilir.
Əliyevlər hakimiyyəti dönəmində bu nazirliyin başına gətirilən ikinci şəxs isə Nəriman İmranovudur. İmranov 1988-1993-cü illərdə SSRİ təhlükəsizlik orqanlarında müxtəlif vəzifələrdə çalışmışdır. O, 1993-cü ilin mart ayında Bakıya qayıdır və 1993-cü ilin iyul ayının 3-də milli təhlükəsizlik naziri vəzifəsinə təyin edilir. 1994-cü ilin may ayının 15-də ona general-mayor rütbəsi verilsə də, bir neçə ay sonra, 94-cü ilin oktyabr ayının 15-də N.İmranov cinayətkar elan olunaraq vəzifəsindən uzaqlaşdırılır və azadlıqdan məhrum edilir.
1994-cü ilin oktyabr ayından 1995-ci ilin mart ayınadək Milli Təhlükəsizlik Naziri vəzifəsini icra etmiş, 1995-ci ilin mart ayından 2004-cü ilin iyul ayınadək isə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Naziri vəzifəsində işləmiş, general-polkovnik hərbi rütbəsinə qədər yüksəlmiş Namiqq Abbasov, sələfləri kimi həbs həyatı yaşamasa da, onu da “vurulmuş” nazirlərdən saymaq olar. Belə ki, Heydər Əliyevin 15 may 1994-cü il tarixli Fərmanı ilə “general-mayor”, 27 dekabr 1995-ci il tarixli Fərmanı ilə “general-leytenant”, 15 yanvar 2002-ci il tarixli Fərmanı ilə “general-polkovnik” hərbi rütbəsinə layiq görülmüş Namiq Abbasov, 2004-ci də İlham Əliyev tərəfindən vəzifəsindən uzaqlaşdırılaraq Özbəkistana səfir göndərilir. Abbasovun Özbəkistana səfir göndərilməsi isə sürgün kimi dəyərləndirilir.
İlham Əliyevin 23 iyul 2004-cü il tarixli 320 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri təyin olunmuş general-mayor Eldar Mahmudovla bağlı baş verənləri isə yaxından izləyirsiz. Onun həbsi istisna olunmur.