Əliyevin turizm kompleksində qan su yerinə axdı

Şahdağda kürd əsilli fəhlələrlə yerli fəhlələr arasında dava düşdü

Şahdağ Qış-Yay Turizm Kompleksində Türkiyədən gəlmiş kürd əsilli fəhlələrlə yerli fəhlələr arasında dava düşüb. Bu barədə “Azadlıq”a daxil olan məlumatda deyilir ki, davaya səbəb kürd əsilli fəhlələrin yaşlı bir azərbaycanlı fəhləni döyməsi olub.
Məlumata görə, azərbaycanlı fəhlələr öz düşərgələrində istirahət edərkən qışqırıq səsinə çölə çıxıblar. Bu zaman onlar 20-yə yaxın kürd əsilli fəhlənin azərbaycanlı həmkarlarından birini qəddarlıqla döyməsinin şahidi olublar. Kürd əsilli fəhlələr al-qan içində olan fəhlənin başına yanğınsöndürən balonla zərbələr endirirmiş. Azərbaycanlı fəhlələr dərhal davaya müdaxilə edib. Olayın kütləvi xarakter alması təhlükəsi yaranıb. Lakin rəhbərliyin işə qarışması ilə bunun qarşısı alınıb.
Məlumatda bildirilir ki, rəhbərlik insidenti gizli saxlamağa çalışsa da, artıq yerli polis məsələdən xəbərdardır.

Informasiya şöbəsi