Vicdan məhbusu Penitensiar Xidmətin Müalicə Müəssisəsində bir həftədir ki, aclıq aksiyası keçirirmiş…
Ötən il avqustun 5-dən həbsdə olan tarixçi alim, hüquq müdafiəçisi Leyla Yunusun həyat yoldaşı Arif Yunus noyabrın 12-də həbsdən azad edilib. Bu barədə Bakı Apellyasiya Məhkəməsində Vüqar Məmmədovun sədrlik etdiyi hakimlər heyəti qərar çıxarıb.
Leyla və Arif Yunusların işi üzrə məhkəmə iclasının əvvəlində Vüqar Məmmədov elan edib ki, Ədliyyə Nazirliyinin Baş Tibb Idarəsindən məhkəməyə məktub daxil olub. Orada göstərilib ki, Milli Təhlükəsizlik Nazirliyinin (MTN) istintaq təcridxanasında saxlanılan Arif Yunusun səhhəti oktyabrın 30-da kəskin pisləşib, arterial qan təzyiqi kəskin qalxıb. Bu səbəbdən o, Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülüb. O vaxtdan bəri müəssisədə müalicəsi davam etdirilsə də, vəziyyətini yaxşılaşdırmaq, təzyiq problemini həll etmək mümkün olmayıb. Ədliyyə Nazirliyinin Baş Tibb Idarəsi məktubda Arif Yunusun vəziyyətini, həmçinin müayinəyə cəlb olunmuş alman həkimin rəyini nəzərə alaraq, məhkəmədən onun həbsdə saxlanmasının məqsədə müvafiq olub-olmaması məsələsinə yenidən baxılmasını istəyib.
Məhkəmə məktubu elan edəndən sonra prokurorun və vəkillərin fikirlərini soruşub. Dövlət ittihamçısı Hafiz İmranov Arif Yunusun həbsdən buraxılmasına etiraz edib. Vəkillər isə müraciətə müsbət cavab verilməsini və onun azad edilməsini xahiş ediblər. Eyni zamanda, məhkəmənin nəzərinə çatdırıblar ki, Leyla Yunusun da vəziyyəti çox ağırdır və onun da həbsdən buraxılması zəruridir.
Bu zaman Leyla və Arif Yunuslara fikirlərini bildirmək imkanı yaradılmayıb. Bununla belə, Arif Yunus məhkəmə zalında saxlanıldıqları şüşə kabinədən proses iştirakçılarına eşitdirib ki, həbsxanada Leyla Yunusa qarşı işgəncələrə son qoyulması tələbi ilə noyabrın 6-dan aclıq aksiyası keçirir.
Təxminən 1-2 dəqiqəlik müşavirədən sonra məhkəmə Arif Yunusun həbsdən azad edilməsi barədə qərarı elan edib. Onun barəsində həbs-qətimkan tədbiri dəyişdirilərək, başqa yerə getməmək haqqında qətimkan tədbirilə əvəz olunub. O, müvafiq sənədə imza etdikdən sonra məhkəmə zalından azadlığa buraxılıb.
Yunusların apellyasiya şikayəti üzrə növbəti məhkəmə iclası isə dekabrın 7-nə təyin olunub.
***
“O, mütləq azalığa buraxılmalıdır”
Arif Yunus məhkəmə binasını önündə jurnalistlərin suallarını cavablandırıb. Sual-cavabları təqdim edirik:
– Qərarı necə qarşıladınız?
– Məhkəmədə də bildirdim ki, noyabrın 6-dan aclıq edirəm. O vaxtdan demişdim ki, dərmanları qəbul etməyəcəm. Mən təzyiqə qarşı Almaniyadan gətirilmiş xüsusi dərmanlar qəbul edirdim. Əsas tələbim isə həyat yoldaşıma qarşı işgəncələrə son qoyulmasıdır. Onu hər gün döyürlər, işgəncə verirlər. Yaşlı qadındır, dekabrın 21-də 60 yaşı tamam olacaq, özü də xəstədir. Son illərdə onun üzərində altı dəfə cərrahiyyə əməliyyatı aparılıb. 2013-cü ildə Leyla xanım Almaniyada gözündən əməliyyat olunmuşdu. Indiki durumu gözünə də təsir göstərir. Kor da ola bilər. Aclıq etməkdə də tələbim o idi ki, mütləq o, azadlığa çıxsın.
Mən üçüncü qrup hipertonikəm, dünən xəstəxanada hipertonik kriz keçirdim, təzyiqim 234-ə qalxmışdı, səhərə qədər yata bilmədim. Hipertoniya elə bir xəstəlikdir ki, mən infarktdan bu gün də ölə bilərəm, on ildən sonra da. Onun vəziyyəti isə məndən dəfələrlə pisdir. Azərbaycanda tez-tez milli dəyərlərdən, humanistlikdən danışırlar. Burada söhbət yaşlı, xəstə qadının həbsdə saxlanılmasından gedir. O, mütləq azadlığa buraxılmalıdır.
– Tələbiniz yerinə yetirilmədi, bundan sonra hansı addımı atmaq fikrindəsiniz?
– Mənim bir silahım var – dilim. Mən susan deyiləm.
“Leylanı faktiki ölümə göndərirlər”
– Leyla xanım qərarı necə qarşıladı? Məhkəmədə bir kabinədə idiniz, yəqin ki, qərardan sonra bu barədə qısaca da olsa, söhbət eləmək imkanınız oldu…
– Məhkəmə zalına gətirilən ilk dəqiqədən o ağlayırdı. Leyla xanım inanmır ki, onu azadlığa buraxacaqlar. Onu aldadıb qadın kaloniyasına aparmaq istəyirlər. Orada isə vəziyyət həddindən artıq pisdir. Leyla xanım dediyim kimi, xəstədi. Faktiki, söhbət onun ölümündən gedir. Hətta bu gün onu Almaniyada ən yaxşı xəstəxanaya aparsalar belə, onun özünə gəlməsi üçün azı 3 il vaxt lazım olacaq. Bir adam ki, Hepatit C, şəkərli diabet, böyrək daşı kimi xəstəliklərdən əziyyət çəkir, üzərində son bir neçə ildə 6 dəfə cərrahiyyə əməliyyatı aparılıb, onun orqanizminin yarısı yoxdur. Onu kaloniyaya göndərməklə faktiki ölümə göndərirlər. Belə vəziyyətdə mən susmalıyam? Onda mən nə kişiyəm bundan sonra?! Əlbəttə ki, susmayacağam. Mən aclığa başlayanda da dedim ki, 37 il bu xanımla yaşamışam, onu satan deyiləm ki, məni azadlığa buraxıb, onu ölümə göndərsinlər. Hətta dedim ki, əksinə olsun, onu buraxsınlar, məni göndərsinlər kalona. Mən bunu istəyirdim. Əgər biz azərbaycanlıyıq və Islamdan, dəyərlərdən danışırıqsa, ilk növbədə qadınlara hörmətlə yanaşmalıyıq. Özü də burada söhbət cavan qadından yox, 60 yaşlı xəstə qadından gedir.
“Dedim ki, sən ”peşka”san…”
– Sizə qarşı ittihamlar, barənizdəki hökm barədə nə düşünürsüz?
– Mən həbsimdən sonra heç bir suala cavab verməmişəm, heç bir sənədi imzalamamışam. Yanıma gəlib soruşanda ki, niyə imzalamırsan, dedim ki, əgər biz Almaniyada olsaydıq, normal məhkəmə sistemi olsaydı, ləzzətlə bütün suallara cavab verərdim. Amma mən bilirəm ki, sifarişlə həbs olunmuşuq. Onu da gözəl bilirəm ki, müstəntiq olaraq, sən heç bir rol oynamırsan, Yaqub Məmmədovun sözü olmasın, sən “peşkasan”, sənə “həbs elə” deyiblər, sən də həbs eləyirsən.
Bizə qarşı bütün ittihamları “Azərbaycan”, “Səs” qəzetlərindən götürüblər. O qəzetlər məndə də var. Xaricdə tələbələr qarşısında çıxış edəndə həmin qəzetlərdə bizim barəmizdə yazılan yazıları göstərirdim. Yazırdılar ki, “Leyla Yunus, Arif Yunus ermənilərə satılıb”. Müstəntiqə də dedim ki, siz də o yazıları götürüb ittiham düzəltmisiz. Bu, istintaq deyil, sifarişdi.
– MTN-də sizə işgəncə verilibmi?
– MTN-in təcridxanası bilirsinizmi necə bir yerdir? Mənim xəbərim yox idi ki, dünyada nə var, nə yox. Həyat yoldaşımın vəziyyətindən, qızımdan xəbərim yox idi. Adama ən çox pis təsir edən də budur. Gündüzlər fikir bir az dağılır, amma axşamlar lap çətin olur. Fikirləşəndə ki, yoldaşımın vəziyyəti necədir, dəhşətə gəlirdim. Düşünürsən ki, sən nə kişisən, yoldaşını müdafiə edə bilmirsən. Onda təzyiqim qalxmağa başladı. Gördüm ki, artıq dəli oluram. Fikirləşdim ki, belə olmaz, nəsə etməliyəm. Bilirsinizmi MTN kimin üçün nisbətən asandır? Dindarlar üçün. Onlar hesab edirlər ki, burada çəkdikləri əzab Allah yolundadır. Axı mən onlar kimi deyiləm… Xüsusən də nəzərə almaq lazımdır ki, mən aliməm, həmişə nəsə yazmalıyam. Yazmayanda mənim üçün çətin olur.
“Məni Yasamal rayonundan Səbail rayonuna getməyə görə həbs ediblər”
– Barənizdəki məhkəmə hökmü barədə nə deyirsiz?
– Əvvəldən də dediyim kimi, bu sifarişdir. Bizim heç bir günahımız yoxdur. Ittihamlar da saxtadır. Məni indi həbsdən buraxanda iltizama qol çəkdirdilər ki, Bakıdan kənara çıxmaq olmaz. Yeri gəlmişkən, məni bilirsinizmi necə həbs eləmişdilər? Polis bölməsində yazıblar ki, guya, mən Bakının rayon sərhədlərini pozmuşam. Soruşdum ki, nə rayon? Sən demə, Yasamal rayonundan Səbail rayonuna getməyimi nəzərdə tuturlar. Mən indi çörək almaq üçün ərazi baxımından başqa rayonundakı mağazaya gedirəmsə, deməli, sərhədi keçirəm? Bu nə deməkdir? Onda bir post da qurun, adamlardan vergi yığın da.
– Keçən il iyulun 29-da Leyla xanım həbs olunan gün sizin barənizdə başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçildi. Aydındır ki, paytaxtda sərhədi pozmaq məsələsi bəhanədi. Bəs bir həftənin içində nə baş verdi ki, avqustun 5-də sizi həbs elədilər? Yəni həbsinizin gerçək səbəbi nə oldu?
– İş ondadı ki, mən susmurdum. Bir neçə dəfə xarici mediaya müsahibə vermişdim. Həmin müddətdə Leylanın həbsilə əlaqədar bizim evimizdə mətbuat konfransı keçirildi, Xədicə Ismayılova, Rəsul Cəfərov da iştirak edirdi. Yəni, əsas səbəb bu idi. Mənə açıq şəkildə dedilər ki, “nəyə nail oldunuz? Qərar gəlib ki, sən həbs olunmalısan”.
– Kim dedi onu?
– Müstəntiq.
– Hansı müstəntiq?
– Ləmbəranski.
“Qızımı 16 ay sonra televizorda gördüm”
– Həbsdə olduğunuz müddətdə qızınızla telefonla olsa belə, ünsiyyətiniz olubmu?
– Mən heç kimlə nə danışmışam, nə də görüşmüşəm. Həyat yoldaşımla yalnız məhkəmədə görüşürdüm. Vəssalam. Mən axı son günlərdə Penitensiar Xidmətin Tibb Mərkəzində saxlanılırdım. Orada televizor var. Qızımı 3 və ya 4 gün əvvəl orada televizorda gördüm. Yəni 16 ay sonra qızımı televizorda gördüm.
– Bakı Ağır Cinayətlər Məhkəməsində sizin işiniz üzrə ilk məhkəmə iclasında Leyla xanımı o vəziyyətdə görənlər çox təəccübləndilər. Səhhətindəki problemlər onun xarici görünüşündən də hiss olunurdu. Siz onu ilk dəfə görəndə necə qarşıladınız?
– Onu ilk dəfə o cür görəndə şok keçirdim. O, mübariz, amma incə qadındır. Mən başa düşürdüm ki, həbs ona təsir edəcək. Mən kişi xeylağıyam, heç olmasa, nə isə edə bilirdim, amma o qadındır, onun üçün çətindir. Amma o qədər gözləmirdim. Düzdür, bir tərəfdən, bilirdim ki, o xəstədi, amma hesab edirdim ki, bizimkilər “yuxarıda” heç olmasa, qadına başqa cür yanaşacaqlar. Ona görə də daha çox özümə qarşı nəsə gözləyirdim. Amma əksinə oldu. Ən böyük zərbə ona qarşı oldu. Yəni, işgəncələr, hər şey oldu. Həbs olunduğum ilk gün mənə qarşı da hücumlar olmuşdu. Mən axı birinci gün Kürdəxanı təcridxanasında idim, orada mənə hücum baş verdi. Gördüm ki, kapitan iki nəfər əməliyyatçıya göz vurdu. Mən də belə şeyləri anlayıram. Onlar məni otağa salıb, hücum etdilər. Mən də onları vurdum. Axırda qapını döydülər, rəis açdı, çıxdılar. Üzdən birini tanıyırdım, Sovetski küçəsindəndir, oğrudur. Başladılar ki, “biz Qarabağda vuruşmuşuq”… Dedim ki, sən Qarabağda vuruşmusan? Mən bilirəm ki, səni bıçaqlayan adam kimdir, sən oğrusan.
“Azərbaycanın imici haqqında düşünürsünüzsə, onu azad edin”
– Bundan sonra məhkəmədən Leyla xanımla bağlı gözləntiniz nədir?
– Burada iki variant var: ağıllı variant, ya da qeyri-məntiqli, ağılsız hərəkət. Mən hakimiyyətdən danışıram. Mən realist, praqmatik adamam, aliməm. Amma mən respublikadan kənarda o qədər də tanınmış şəxs deyiləm. Leylanın isə adı var. O, qadınlar, hüquq-müdafiə məsələlərilə bağlı 64 beynəlxalq təşkilatın üzvü idi. Üstəlik, 60 yaşı var. Bu, Azərbaycana, hakimiyyətə qarşıdır. Mən onların yerində olsaydım, buraxardım, heç həbs eləməzdim. Əksinə, hay-küy salardım ki, məni tənqid edirsiz, baxın görün, mənim ən böyük tənqidçim budur, amma azadlıqdadır. Heydər Əliyevin vaxtında belə idi. O, həmişə deyirdi ki, “mənə deyirsiz, demokrat deyiləm, baxın, məni tənqid edirlər, bu da azadlıq, jurnalistlər var, qeyri-hökumət təşkilatları var, üstəlik, hüquq-müdafiəçiləri danışırlar”. Yəni bu, ağıllı hərəkətdir, çünki Azərbaycanın xeyrinədir. Yanvarın 12-də mənim 60 illik yubileyim idi, onu MTN-də qarşıladım. Bilirəm ki, mənim haqqımda yazılar, verilişlər gedib. Mən özümü şişirtmirəm, öz yerimi bilirəm. Indi baxın, dekabrda Leyla xanım 60 yaşını həbsxanada qarşılayanda xaricdə bu barədə nə qədər yazılar, verilişlər olacaq. Mən dəfələrlə demişdim ki, əgər Azərbaycanın imici haqqında düşünürsünüzsə, onu indidən azadlığa buraxın ki, sonra sizin diliniz uzun olsun, bu, sizin xeyrinizədi.
“Bizi satanlardan onsuz da heç nə gözləmirdik…”
– Leyla xanım həbsxanadan sizə məktublar yazırdı, bundan xəbəriniz olurdumu?
– Yox. MTN-də kameradan çıxan kimi dərhal yoxlanılırsan. Hətta vəkillərlə görüş yox idi. Məni küçədə tutub aparmışdılar. Əvvəlcə nə paltarım vardı, nə üzümü qırxmaq üçün lazım olan əşyalarım vardı. Sonra gətirdilər.
– Sizcə, bu gün azadlığa çıxmağınız nəyin sayəsində mümkün oldu?
– Hesab edirəm ki, xaricdəki son dinləmələrin də rolu var. Görünür, hakimiyyətdə kimsə başa düşdü ki, vəziyyət onların xeyrinə deyil. Siz yaxşı bilirsiniz ki, Dağlıq Qarabağla bağlı dinləmələr, hələ seçkilərlə bağlı müzakirələr olacaq. Çox şey olacaq. Mən qorxurdum ki, ermənilər bundan istifadə edə bilərlər. Mən istəmirdim ki, ermənilər bizim həbsimizdən istifadə etsinlər. Bu, real idi. Amma görünür, onların başları qondarma soyqırım məsələsinə qarışmışdı. Kim zəmanət verə bilər ki, bundan sonra eləməyəcəklər? Axı onlar da biabır oldular, qondarma soyqırıma görə Putin və Ollanddan başqa heç kim gəlmədi. Ən yaxşı variant Leyla xanımı buraxmaqdır.
– Həbsdə olduğunuz müddətdə dostlar sınaqdan çıxdımı?
– Kimə inanırdıqsa, onlar özlərini kişi kimi apardılar. Kimdən ki gözləntimiz yox idi, onlar bizi satdılar. Yəni bizi satanlardan onsuz da heç nə gözləmirdik. Hətta yaxın qohumlar da satdılar. Mənə və Leylaya sovqat gətirən kim idi? Azad Isazadə. O, mənim qohumum deyil. Vəkilin dediyinə görə, bir qohumum ona zəng eləyib, yarım saat Heydər Əliyevə hörmətindən, hakimiyyətə rəğbətindən danışıb, ondan sonra soruşub ki, “Arifin vəziyyəti necədi?” Vəkil də deyib ki, “adam kişi olar, sən Arifə görə zəng eləmisən, yoxsa rəğbətindən danışmağa? Nədən qorxursan?” Bunu başa düşürsən ki, o, qorxaqdı. Gəlməzdi, heç olmasa, sovqat göndərmək olardı. Çox şadam ki, ümid bağladıqlarımız bizi satmadılar. Mən də, Leyla da onlara minnətdarıq. Çox istərdim ki, Leyla yaxın vaxtlarda azadlığa çıxsın. Onun vəziyyəti çox pisdir, məndən də pisdir. Hətta hesab edirəm ki, mənim azadlığa buraxılmağım ədalətsizdir. Ədalət naminə onu buraxmaq lazım idi, məni yox. Məni sonra buraxardılar. Mən heç olmasa, dözərdim. Onu isə buraxmadılar. Məhkəməni dekabrın 7-nə saxladılar. Belə havada təcridxanada vəziyyət yaxşı deyil. Mən orada olmuşam, görmüşəm. Çünki məni üç gün Kürdəxanı təcridxanasında saxlayıblar. Elə şeylər görmüşəm ki, dəhşətdi ora. Məni Tibb Mərkəzinə aparmışdılar, orada Maştağa xəstəxanasından dəlilər var, əllərində də sənəd. SPID-li adamlar, narkomanlar… Yəni vəziyyət yaxşı deyil.
“Mən həbsdə onun hesabına sağ qaldım…”
– Dövlətə xəyanət ittihamı sizin üçün gözlənilməz oldumu?
– Onsuz da son 20 il ərzində həmişə mənim barəmdə deyirdilər ki, guya, erməni casusuyam. Baxmayaraq ki, bu müddətdə erməni terrorizmi, qaçqınlar haqqında yazan mən olmuşam. Mən fikir vermirdim və verən də deyiləm. Pis olan budur ki, xanımım həbsdə qalıb. Havalar da soyuyub, o, xəstədir. Bəzən mən bu hakimiyyəti başa düşmürəm. Bu həbslərlə nəyə nail oldunuz? Məgər mən danışmayacağam? Danışacağam.
– Leyla xanımla təcridxanada görüşə biləcəksinizmi?
– Bəli, dedilər ki, gələn həftənin çərşənbə günü gedib görüşə bilərəm. Həftədə bir dəfə görüşməyə icazə var.
Həə, bir də mən MTN-də məni müalicə edən həkimə minnətdarlıq eləmək istəyirəm. Mən orada sağ qaldımsa, həmin həkimin hesabına oldu. Hələ həbsdə olarkən düşünürdüm ki, bir gün mənə MTN-lə bağlı sual verib fikirlərimi soruşsalar, ilk növbədə həmin həkim xanım haqda danışacam. Həm peşəkar həkimdi, həm də insanlığı var.
“Arif Yunus həbsdən buraxılsa da, bu ölkədəki siyasi məhbusların siyahısı böyükdür”
Arif Yunusla bağlı qərara beynəlxalq birlik operativ şəkildə reaksiya verib.
ATƏT Parlament Assambleyasının demokratiya, insan haqları və humanitar məsələlər komitəsinin sədri Izabel Santos Arif Yunusun humanitar əsaslarla azadlığa buraxılmasını alqışlayıb və hakimiyyəti digər siyasi məhbusların azadlığa buraxılması istiqamətində də addımlar atmağa çağırıb.
“Bu gün Arif Yunusun həbsdən azad edilməsi Azərbaycanda hüquq müdafiəçilərilə davranış fonunda nadir müsbət hadisədir. Bununla belə, pozitiv xəbər kimi alqışlanmalıdır. Mən bir daha Azərbaycan hökumətini Arif Yunusun cəsarətli həyat yoldaşı, səhhətindəki ciddi problemlərə baxmayaraq, dəmir barmaqlıqlar arxasında saxlanılan Leylanı həbsdən azad etməyə çağırıram”, – deyə Santosun bəyanatında bildirilir.
ATƏT Parlament Assambleyasının komitə sədri təəssüflə qeyd edib ki, Arif Yunusun azad edilməsinə baxmayaraq, bu gün də Azərbaycan həbsxanalarında saxlanılan hüquq müdafiəçiləri, hökuməti tənqid edən şəxslərdən ibarət siyasi məhbusların siyahısı kifayət qədər böyükdür: “Ölkədə qanunun aliliyinin təmin olunması, insan haqlarının müdafiəsi üçün təcili şəkildə daha çox addımlar atılmalıdır”.
Santos eyni zamanda, həbsxanada Leyla Yunusa və hazırda siyasi məhbus olan digər hüquq müdafiəçilərinə, jurnalistlərə baş çəkməsinə icazə verilməsi üçün Azərbaycan hökumətinə müraciət edib. O həmçinin Azərbaycan hökumətilə insan haqları, demokratiya məsələlərinə dair konstruktiv dialoqa açıq olduğunu bəyan edib.
“Növbəti addımların atılmasına ümid edirik”
Avropa Birliyinin Xarici Siyasət və Təhlükəsizlik məsələləri üzrə komissarı Federika Mogerinin bəyanatında da Arif Yunusun həbsdən buraxılması alqışlanır. Eyni zamanda, digər siyasi məhbusların da azad edilməsi istiqamətində addımların atılacağına ümid ifadə olunur: “Bu, humanitar jest və müsbət addımı alqışlayırıq. Bu istiqamətdə növbəti addımların da atılacağına ümid edirik. Avropa Birliyi Azərbaycanla əməkdaşlığa və daha dərin və əhatəli dialoqa hazırdır”.
Aytən Məmmədova