Deputat Vahid Əhmədov: «Reklamdan büdcəyə 50 milyon manat vəsait daxil olur, halbuki, bu rəqəm 400-450 milyon olmalıdır»
Hacıəmi Atakişiyev: «Bakı şəhər Icra Hakimiyyəti sahibkarlardan reklam hesab edilməyən fəaliyyətə görə pul alır»
“Reklam bazarından dövlət büdcəsinə daxilolmalar təxminən 50 milyon manat təşkil edir. Araşdırmalar isə göstərir ki, bu rəqəm əslində, 400-450 milyon manat olmalıdır. Bir çox sahələrdə olduğu kimi, reklamçılıq sahəsində də gizli iqtisadiyyat hökm sürür” – bu fikirləri deputat Vahid Əhmədov Azərbaycan Reklamçılar Ittifaqının keçirdiyi, reklam bazarının tənzimlənməsinə dövlət nəzarəti və özünütənzimləmə təşkilatlarının fəaliyyətinə həsr olunmuş konfransda səsləndirib.
Eyni zamanda, “Reklam haqqında” yeni qanun layihəsinin müəllifi olan Vahid Əhmədov qanunvericiliyin yenilənməsini zəruri edən səbəblər barədə danışıb. Bildirib ki, bu gün ölkədə iqtisadiyyatın bir çox sahəsində olduğu kimi, reklam sahəsində də gizli, qeyri-rəsmi fəaliyyət davam edir. Onun sözlərinə görə, məhz “kölgə iqtisadiyyatı” səbəbindən bu sahədən dövlət büdcəsinə daxilolmalar real potensialdan 8-9 dəfə azdır.
Deputat həmçinin Azərbaycanın reklam bazarında xarici dillərə hədsiz üstünlük verilməsindən narazılığını ifadə edib: “Ölkəmizdə Azərbaycan dilində reklam çox azdır. Reklam bazarında əsasən xarici dillərə üstünlük verilir. Odur ki, bu sahəyə diqqət artırılmalı və reklamlar doğma dildə yayılmalıdır”.
“Azərbaycan Reklamçılar İttifaqı” İctimai Birliyinin sədri Hacıəmi Atakişiyev də çıxışında reklam gəlirlərinin büdcədən yayındırılması məsələsinə toxunub. Bu barədə danışarkən Bakı şəhər Icra Hakimiyyətini yeyintidə ittiham edib.
“Bu gün ölkədə reklam bazarının vəziyyəti ürəkaçan deyil. Bu da təsadüfi deyil. Reklamlarda dil, üslub, keyfiyyət, yerləşdirilmə və ona nəzarət bir mənbədən idarə olunduğu üçün inhisar və korrupsiya halları da qaçılmaz olub. Bizim təşkilatın Reklamda Özünü Tənzimləmə Agentliyi ilə birlikdə apardığı monitorinqlər nəticəsində məlum olub ki, reklam bazarından gələn gəlir dövlət büdcəsindən yayındırılır. 1997-ci ildə qəbul olunmuş qanun artıq ləğv olunsa da, köhnə fərmanla tənzimlənən qiymət cədvəlilə Bakı şəhər Icra Hakimiyyətinin Reklam və Informasiya Idarəsi bu günə qədər sahibkarlardan pul almaqla qanun pozuntusuna yol verir, sahibkarların hüquqlarını pozur və onların dövlətə inamını zəiflədir”, – deyə Hacıəmi Atakişiyev bildirib.
Onun sözlərinə görə, qanunla reklam hesab edilməyən fəaliyyətə görə rüsum yığılırsa deməli, vergidən gizlətmələr, inhisarçılıq, korrupsiya hallarının baş verdiyi danılmazdır: “Reklam haqqında” yeni qanun layihəsi Milli Məclisdə müzakirə olunanda mütəxəssis kimi mən də dəvət edilmişdim. Orada Bakı şəhər Icra Hakimiyyətinin Reklam və Informasiya Idarəsinin nümayəndəsi illik reklam büdcəsilə bağlı rəqəm səsləndirdi. Göstərdi ki, bu təxminən 1 milyon 250 min manata yaxındır. Bu rəqəm məndə təəccüb doğurdu. Təkcə Bakı şəhərində ölçüsündən asılı olmayaraq, mövcud olan reklam lövhələrinin sayı ilkin nəticəyə görə, 2500 ədəddir. Orta hesabla bir ədəd reklam lövhəsinin aylıq icarəsi 400-700 manat arası dəyişir. Bu isə o deməkdir ki, bir reklam lövhəsinin illik icarəsi orta hesabla 6600 manat təşkil edir. 6600-ü 2500-ə vuranda 16 milyon 500 min manat edir. Bu, təkcə reklam lövhələrinin hasabatıdır. Deməli, söhbət büdcədən yayındırılan milyonlardan gedir”.
Aytən Məmmədova