Sevgi, ağıl və qətiyyətin zəfəri

saadet-cahangir-koseSəadət Cahangir

Həyatını dəyişmək istəyənlər və bu yolda inadla yürüyənlər mütləq qazanacaqlar. Bu, bəlkə on illər ala bilər, amma bacaracağınız şübhəsizdir. Asan da olmayacaq, əlbət. Böyük sınaqlar, əngəllər, məhrumiyyətlər, ittihamlar, təqiblər, təhqirlər çıxacaq qarşıya. Çevrənizdə bir sürü güc hakimiyyəti olan harın var. Bir sürü qorxaq, əlindən bir iş gəlmədiyi üçün sizi hədəf alan bivec var. Bir sürü mədəsinin köləsi olan və onlara mane olduğunuzu düşünən qarınqulu var. Böhtan atacaqlar, şər yaxacaqlar, sındırmağa çalışacaqlar, quyu qazacaqlar, haqqınızı tapdayacaqlar, yolunuzdan vaz keçmədiyinizi görəndə qisas alacaqlar. Daha zəkalı çıxacaqsınızsa, döyüşə biləcəksinizsə, dayanacaqsınızsa, boyun əyməyəcəksinizsə, qazanacaqsınız, əlbət. Başqa sonluq ola bilməz. Hökmən qazanacaqsınız…

Necə ki, Myanmarda (Birma) demokratik qüvvələr uzun illərin əzab-əziyyətindən sonra qazandı. Çəlimsiz, təvazökar, sakit duruşlu bir xanımın liderliyi altında on illərin qətiyyətli mübarizəsindən sonra haqq edənlər qazandı. Həyatının az qala 21 ilini ev dustaqlığı daxil olmaqla, həbslərdə keçirən, min cür məhrumiyyətləri aşaraq yenidən siyasi arenaya çıxan cəsur Aung San Suu Kyinin davasına sədaqəti qazandı. Dəfələrlə siyasi qələbəsi əlindən alınan, tərəfdarları həbsxanalara doldurulan, əzilən bir birlik – Demokratiya naminə Milli Liqa qazandı sonunda. Haqlı və davasında ardıcıl olanlar, yola sona qədər ağıl və sevgi ilə davam edənlər qazandı. Bütün məhrumiyyətlərə, ağrı-acılara, zorakılıqlara baxmayaraq, dinc mübarizə prinsiplərinə sadiq qalanlar qazandı…

Diqqət etsəniz, Myanmardakı mübarizə tarixinin bizim mübarizə tariximizlə nə qədər bənzər tərəfləri var! DNML 1990-cı illərdə parlament seçkilərini qazansa da, hərbi xunta onun qələbəsini tanımayıb. Ölkədəki inanılmaz qəddar rejim üzündən qərb ölkələri hökumətə sanksiyalar tətbiq edib. 2010-cu ildən başlayaraq islahatlara getməyə məcbur olan rejim siyasi məhbusları azad etməyə başlayıb. Elə həmin il də DNML parlamentdə 43 yer qazanıb. Nəhayət, haqqın zəfəri və 2015-ci il seçkilərində 73%-lik qələbə!

Myanmar son onilliklərin dünyaya səs gətirən rejim zorakılıqları və geniş etiraz aksiyaları ilə tanınır. Xatırlayırsınızsa, 2007-ci ildə ölkənin müxtəlif bölgələrində rahiblərin iştirakı ilə güclü aksiyalar keçirilmiş, nəticədə çox sayda həbs edilən, döyülən və öldürülənlər olmuşdu. Ancaq bütün bu hadisələr uzun illərin mübarizə adamlarını yolundan döndərə bilməmişdi. Ölkənin azadlıq və demokratiya istəyən insanları heç bir təhdid, təqib və təhlükə qarşısında sınıb geri çəkilməmişdi. Öz davalarının ədalətli olduğuna, haqlının qalib gələcəyinə ürəkdən inanmışdılar çünki. Cəsur, dönməz, zəkalı liderləri ilə doğru yolda olduqlarına inanmışdılar. Elə doğru yolda olduqları üçün də, ardıcıl şəkildə dinc mübarizəni təbliğ edən Aung San “Nobel” mükafatına layiq görüldü. O bəzən bezib, daha sərt addımlar atmağı tələb edən tərəfdarlarına da deyirdi ki: “Əgər biz bir şeyə güclə nail olsaq, bu o demək olacaq ki, güclü həmişə haqlıdır. Bu, bizim fəlsəfəmizə ziddir. Biz insanlara gücümüzü deyil, sevgimizi göstərməliyik”. Bəli, bu həftə illərdən bəri haqq axtarışında olan bir Asiya ölkəsi zorakılığı enib zəfər qazandı. Myanmarda sevgi, ağıl və qətiyyət qazandı. Bu yolu seçən bütün xalqlar qazanacaq, inanın! Biz də!