elnurastanbeyli@gmail.com
Bu gün 12 noyabr – Azərbaycanda Konstitusiya günüdür. Konstitusiyanın qəbul edildiyi tarixi təqvimin digər günləri arasından fərqləndirmək yalnız bizə məxsus deyil.
Oxşar əlamətdar günlərə dünyanın çeşidli ölkəsininin təqvimində rast gəlirik. Hətta öz Konstitusiya günlərini az qala milli bayram səviyyəsinə qaldıranlar var.
Gəlişmiş, çağdaş, modern ölkələrdə Konstitusiya günü sadəcə o ölkələrin Ana Qanunlarının qəbul edildiyi günü ifadə etmir, daha dərin, daha böyük anlam daşıyır.
Konstitusiya günləri əksər ölkələr üçün monarxiyanın süqutu və respublika quruluşunun yaranması ilə əlamətdardır. Biz isə təqvim 21-ci əsri, 2000-ci illəri göstərərkən, Yer üzündə demokratiyanın sərhədləri sürətlə genişləndiyi, daha çox ölkənin əynindən köhnə, nimdaş libasını çıxarıb, qollarına vurulan qandallardan, dilinə vurulan qıfıllardan azad olduğu bir vaxtda Konstitusiyadan bir nəfərin iki dəfədən artıq prezident seçilməsini yasaqlayan maddəni çıxardıq, bir nəfərə istədiyi qədər prezidentlik icazəsi verdik, qısası, bizim üçün Konstitusiya günü artıq respublikanın süqutu və monarxiyanın bərpa edilməsi ilə assosiasiya olunur. Nə qədər tragikomikdir, deyilmi?
***
Əslində həmin maddənin Azərbaycan Konstitusiyasından “deportasiyası” bir xeyli dərəcədə formaldır. Çünki hətta həmin maddə olmadan da bizdə ailə hakimiyyəti mövcud idi, monarxiya faktiki bərpa edilmişdi, sadəcə, 2009-cu ildə keçirilən saxta referendumla məlum maddəyə edilən dəyişiklik bunu rəsmiləşdirdi.
Bununla da şəxsən mənim üçün 12 noyabr heç bir önəm və anlam daşımamağa başladı.
Mən bir fərd olaraq, Konstitusiyanın mənə tanıdığı hansı haqlardan və azadlıqlardan faydalana bilirəm? Bir fərd olaraq mənim Konstitusiya ilə tanınan seçib-seçilmək hüququm qorunurmu? Sərbəst toplaşmaq azadlığım necə? Bəs söz, ifadə, fikir azadlığım? Bəs vicdan azadlığım?
Əgər bütün bu sualların cavabı hər kəsə aydındırsa, hüququn gücü güclünün hüququna məğlub etdirilibsə, bir ovuc adamın iradəsi millətin iradəsini asanlıqla əzib keçə bilirsə, qanunlar heç nə olmamış kimi kağız parçasına çevrilirsə, deyil 12 noyabr, ilin 365 günü Konstitusiya günü olsa, nə xeyri, nə mənası?!
Konstitusiyaya bəzəkli-düzəkli cümlələr yazmaq, bununla da ona modern hüquq qılıfı geyindirmək olar, bununla da bütün dünyaya göstərmək olar ki, baxın, biz necə çağdaş, uyğar bir Ana Qanun hazırlamışıq; amma əgər o yazılanların həyata keçmək, təcrübədə reallaşmaq imkanları yoxdursa, o yazılanlar bir nəfərin iki dodağının arasından çıxan hər hansı sözün yanında acizdirsə, miskindirsə, bu ölkədə Konstitusiya gününün tutalım, neftçilər günündən, dəmiryolçular günündən hansı fərqi var?!
***
Bəli, istər qəbul edin, istər etməyin, hüququn ən üstün iradə olmadığı ölkələrdə Ana Qanun da daxil olmaqla, bütün qanunlar ancaq qulağa xoş gələn sözlərin yığınıdır, onları ən yaxşı halda bir hekayə, bir şeir kitabı kimi açıb oxumaq, sonra da bir kənara qoymaq olar.
Hüququn əgəmən olmadığı ölkələrdə istədiyin qədər bəzəkli-düzəkli qanunlar düzəlt, qəbul et, onların hansısa muzey eksponatından heç bir fərqi qalmır.
Hüququn işləmədiyi, hüququn asanlıqla əzilib keçildiyi, çeynənib atıldığı ölkələrdə insanlar qanunların varlığından bixəbər yaşayırlar, lap elə indi bizdəki kimi: çıxın küçəyə və istənilən bir adamdan 12 noyabrın onlar üçün nə ifadə etdiyini soruşun. Hər cür cavab eşidəcəksiniz, bircə 12 noyabrın Konstitusiya günü olduğundan başqa. On adamdan doqquzu nəinki bu günün Konstitusiya günü olduğunu bilməyəcək, hətta bəlkə soruşacaqlar: “Bizim Konstitusiyamız da var?!”
Bir ölkədə hüquq ən üstün iradə, qeyd-şərtsiz söz sahibi deyilsə, hüquq işləmirsə, hüquq əgəmən deyilsə, o ölkədə nəticə də başqa cür ola bilməz.
Azərbaycanda 12 noyabrın ifadə etdiyi acı, acı olduğu qədər də adi həqiqət budur. Gerisi əfsanə söhbətlərdir.