Murad Ədilov da vicdan məhbuslarının yanına göndərilir

murad-adliov-mehkeme1Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan fəalı, Şüvəlandakı 3 saylı istintaq təcridxanasında saxlanılan Murad Ədilov 13 saylı cəzaçəkmə müəssisəsinə köçürüləcək. Bu barədə “Azadlıq”a onun vəkili Yalçın Imanov məlumat verib.

Vəkil bildirib ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin AXCP fəalı barədə hökmündən yaxın günlərdə Ali Məhkəməyə kassasiya şikayəti veriləcək: “Şirvan Apelyasiya Məhkəməsinin qərarını noyabrın 10-da almışam. Təcridxanada Murad Ədilovla görüşüb bu məsələni müzakirə etdik. Yaxın günlərdə kassasiya şikayətini hazırlayıb təqdim edəcəyik”.

Qeyd edək ki, “Amnesty International”ın vicdan məhbusu elan etdiyi şəxslərdən Anar Məmmədli, Tofiq Yaqublu, Pərviz Həşimli, Ilkin Rüstəmzadə, həmçinin keçmiş səhiyyə naziri Əli Insanov da 13 saylı cəzaçəkmə müəssisəsində saxlanılır.

Murad Ədilov 2014-cü ilin avqustunda narkotik saxlama ittihamı ilə həbs olunub. 2015-ci ilin mayında Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il azadlıqdan məhrum edilib. Hökmdən verilən apellyasiya şikayəti təmin olunmayıb.

Murad Ədilov həbsinin siyasi sifariş olduğunu və qardaşının tənqidçi jurnalist fəaliyyətinə görə cəzalandırıldığını bildirir.

Murad Ədilov “Azadlıq” qəzetinin əməkdaşı və “Azərbaycan saatı” televiziya proqramının aparıcısı Natiq Ədilovun qardaşıdır.