ABŞ-dan Suriya üsyançılarına “təslim olmayın” çağırışı

Ərəb Dövlətləri Birliyi Bəşər Əsədi verdiyi vədi yerinə yetirməməkdə ittiham edib

ABŞ Suriyada Bəşər Əsəd rejiminə qarşı döyüşənlərə müraciət edərək, onları təslim olmamağa çağırıb. Dövlət Departamentinin sözçüsü Viktoriya Nuland Əsəd əleyhdarlarına tövsiyə edib ki, rejimin silahı yerə qoyanların əfv olunacağı vədinə inanmasınlar.
Xatırladaq ki, ötən gün Suriya Daxili İşlər Nazirliyi adından silah daşıyan, satan və paylayan, ancaq cinayət törətməyən vətəndaşların bir həftə ərzində təslim olacaqları təqdirdə əfv ediləcəkləri bildirilmişdi.
ABŞ rəsmisi isə Əsəd rejiminə qarşı çıxan suriyalıların bu vədə aldanaraq həyatlarını təhlükəyə ata biləcəklərindən narahat olduqlarını deyib. Əsəd əleyhdarlarına səslənərək “heç kimə, rejim səlahiyyətlilərinə təslim olmayın” deyən ABŞ rəsmisi xatırladıb ki, Suriyada üsyan baş qaldırandan bəri Bəşər Əsəd artıq 4 dəfə əfv vəd edib, lakin heç birində sözünün üstündə durmayıb.
ABŞ rəsmisinin çağırışı rəsmi Dəməşqi özündən çıxarıb. Suriya rəhbərliyi Vaşinqtonu onların daxili işlərinə qarşmaqda, “üsyanı təşviq etmək və terroru dəstəkləməkdə” ittiham edib.
Suriyada Əsəd rejiminə qarşı etirazlar isə davam edir. Ötən gün rejimin təhlükəsizlik qüvvələri Əsəd əleyhinə nümayişə çaxanlara yenə silah işlədib. Məlumatlara görə, ən az 23 etirazçı öldürülüb.
Bu arada Ərəb Dövlətləri Birliyi Bəşər Əsəd rejimini etirazçılara qarşı silah işlətməyə son qoyacağı haqda vədini yerinə yetirmədiyi üçün qınayıb. Əsəd rejiminin bu cür davranışına görə Ərəb ölkələri xarici işlər nazirlərinin noyabrın 12-də toplanaraq Suriyadakı vəziyyəti müzakirə edəcəyi elan olunub.