Kreml Tbilisinin Moskvanın ÜTT-yə üzvlüklə bağlı irəli sürdüyü şərtlərə boyun əydi
Rusiyanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlüyü ilə bağlı Gürcüstanla yaranmış narazılıq həllini tapıb. “Reuters” agentliyinə açıqlama verən Gürcüstanın xarici işlər nazirinin müavini Sergi Kapanadze bildirib ki, noyabrın 9-da Cenevrədə Rusiya və Gürcüstan arasında Rusiyanın ÜTT-yə qəbuluna imkan verən saziş imzalanacaq.
Kapanadzenin sözlərinə görə, Rusiya tərəfi sazişin imzalanması üçün Gürcüstana rəsmi müraciət ünvanlayıb. Müqavilənin şərtləri Isveçrədən olan vasitəçilərin iştirakı ilə hazırlanıb. Nazir müavini əlavə edib ki, Rusiya prezidenti Dmitri Medvedev Isveçrə və Gürcüstan tərəfindən hazırlanmış güzəştlərə getməyə hazırdır.
Xatırladaq ki, Rusiyanın ÜTT-yə qəbuluyla bağlı saziş Moskva və Tbilisinin ticarət məlumatlarının auditinə müstəqil şirkətin cəlb edilməsini nəzərdə tutur. Bununla yanaşı, Rusiyanın Cənubi Osetiya və Abxaziya ilə sərhədinə gömrük nəzarətini üçüncü tərəf həyata keçirəcək. Noyabrın 9-da Rusiya və Gürcüstan arasında imzalanan sazişi Dövlət Duması ratifikasiya etdikdən sonra sənəd qüvvəyə minəcək.


