Avropa Birliyindən nikbin bəyanat

Günter Ottinger: «Nabucco» layihəsini həyata keçirmək şansı hələ tükənməyib»

 

“Layihələşdirilən ”Nabucco” qaz boru xətti bahalıdır və ehtiyat edən sərmayədarları bu layihəyə pul ayırmaq üçün inandırmağa ehtiyac var”.
APA-nın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, bu fikirləri Avropa Birliyinin enerji məsələləri üzrə komissarı Günter Ottinger Vyanada keçirilən konfransda çıxışı zamanı söyləyib.
O, “Nabucco” layihəsinin dəyərinin 10 milyard dollardan artıq olduğunu söyləyib. “Nabucco”nu hələ də tikilməsi mümkün olan layihə hesab edən AB rəsmisi bu məsələdə müəyyən ciddi məqamlara diqqət yetirməyi lazım bilir: “Nabucco” kimi iri layihələr Avropanın enerji siyasətini tamamlamalıdır. Bu istiqamətdə vahid siyasət bankların “Nabucco”ya vəsait yatırmalarını təmin edə bilər. Maliyyə böhranı və ya tam miqyaslı iqtisadi böhran mərhələsinə qədəm qoya biləcək mövcud kredit böhranı heç də yaxşı siqnal deyil. Düşünürəm ki, “Nabucco” üçün maliyyə qaynaqları tapıb onu həyata keçirmək şansları hələ tükənməyib”.