Vəfa Quluzadə: «Buna səbəb Qərbin Azərbaycandakı maraqlarıdır»
Iranla Azərbaycan arasında gərginlik hələ də qalmaqdadır. “Hizbullah”ın Iran qolu Azərbaycan konsulluğunun ələ keçirilməsi ilə bağlı bəyanatı təkzib etsə də, Azərbaycan hakimiyyətinə qarşı hədələri yenidən təkrarlayıb. Baş verənlərdə diqqət çəkən daha bir məqam ondan ibarətdir ki, “Hizbullah”ın bu bəyanatın reallığa uyğun olmadığını bildirməsi üçün kifayət qədər vaxtı olsa da belə bir addım atılmamışdı. Yalnız aksiya günü çatan zaman bu, bəyan olundu. Bu müddətə qədər isə Iran Azərbaycanı gərginlik içərisində saxlamağa müvəffəq olmuşdu.
Bundan əvvəl də Iranın dini rəhbərləri, hakimiyyət nümayəndələri Azərbaycanın ünvanına sərt bəyanatlar səsləndiriblər. Hətta bir insident zamanı tərəflər aralarında nota mübadiləsi də ediblər.
Bu mövzuya dəfələrlə müraciət etsək də Iranın hədələrinin kəsilməməsi bəzi sualları gündəmdə saxlayır. Iranın hədələrini hələ də davam etdirməsinin məqsədi nədir? Iran Azərbaycandan gözləntilərini niyə açıq bəyan etmir?
Politoloq Vəfa Quluzadənin fikrincə, Iranan Azərbaycana qarşı sərt bəyanatlarla çıxış etməsinin səbəbi rəsmi Bakının yürütdüyü siyasətlə bağlıdır. Azərbaycanın Qərblə əməkdaşlığının Iranın maraqlarına uyğun olmadığını deyən V.Quluzadə qeyd etdi ki, Azərbaycanın Qərblə istər enerji, istərsə də tranzit sahəsindəki sıx işbirliyi Iranı narahat edir. Iran Qərbin onun sərhədlərinə yaxınlaşmasını milli təhlükəsizliyinə təhdid saydığından, hər vəchlə buna müqavimət göstərməyə çalışır: “Azərbaycanın Qərblə əməkdaşlığının fonunda Iran hansı siyasətə üstünlük verir? Iran təcrid olunmuş bir dövlət kimi Qərblə konfrantasiyadadır. Iran istəyir ki, Azərbaycan Qərbə yox, Irana inteqrasiya olunsun. Bu isə mümkün deyil”.
Iranla Azərbaycanın qarşıdurmasının hansı həddə qədər inkişaf edəcəyinə gəlincə, V.Quluzadə hesab etmir ki, Iran Azərbaycana qarşı açıq hərbi əməliyyatlara başlasın. Iran bu addımı atarsa, onsuz da qəliz olan beynəlxalq durumunu daha da qəlizləşdirər.
Xəyal