2011-ci ilin son 10 ayında 328 nəfər özünə qəsd edib
Rəsmilər isə intihar hadisələrinin sayını gizlədir
“Niyə intihar etdi” bu sualı yaxınlarından birinin intihar etdiyi şəxsə ünvanlasan – “Əri döyürdü”, “Işdən çıxarmışdılar, çörək almağa pul tapmırdı”, “Polis şöbəsində təhqir eləmişdilər, dözə bilmədi”, “Qayınanası, baldızı yola getmirdi”, “Xəstəydi, müalicə pulunu tapa bilmirdi” cavablarından birini eşidəcəksən. Dəhşətdir. Artıq jurnalistlər vərdiş ediblər. Sanki reportyorlar hər gün mütləq bir nəfərin intihar etməsi xəbəriylə redaksiyanın kandarına ayaq basmalıdır. Bu acı xəbərlərin sayı durmadan artır. Onu da bildirək ki, intiharların statistikası aparılmır. Yalnız mətbuatda qeyd edilən hadisələri cəmləşdirəndə ayda, ən azı 20-25 intiharın olduğu üzə çıxır.
Şərhsiz, faktlar!
Oktyabr ayında mediaya məlum olan 17 intihar hadisəsi baş verib. Heç bir şərh vermədən sizə təqdim edirik…
1. Oktyabrın 4-də Saatlı rayon sakini olan 13 yaşlı Zülfüqar Əzizov özünü asıb. Mərhumun 7-ci sinif şagirdi olduğu bildirilir.
2. Oktyabrın 5-də Saatlı rayon sakini, Mirzə Şəfi küçəsi 72 ünvanında yaşayan, 1984-cü il təvəllüdlü Musazadə Aygün Vaqif qızı özünü Araz çayına atıb.
3. Oktyabrın 7-də Xaçmaz rayonunun Tel kənd sakini, 1958-ci il təvəllüdlü Xankişi Rəhimov yaşadığı ünvanda özünü asıb. Mərhumun meyitini hadisə baş verəndən xeyli müddət sonra ailəsi aşkarlayıb.
4. Oktyabrın 8-də Kürdəmir rayonunun Şilyan kənd məktəbinin 8-ci sinif şagirdi, 1997-ci il təvəllüdlü Xəlilov Məzahir Rasim oğlu yaşadığı evin həyətindəki tövlədə özünü kəndirlə asıb.
5. Oktyabrın 10-də Xəzər rayonunun Hövsan qəsəbəsində yaşayan Gədəbəy sakini 42 yaşlı Ilqar Abdullayev özünü asıb. Mərhumun kəndirlə asılmış meyiti yaşadığı evin yarımçıq tikilisində tapılıb.
6. Oktyabrın 13-də Qaradağ rayonunun Qobustan qəsəbəsində yaşayan 37 yaşlı Sahib Quliyev özünü bacısına məxsus bağ evində tavandan asıb. Mərhumun özünə hansı səbəbdən qəsd etdiyi məlum deyil. O, Nəriman Nərimanov adına Neft-Qaz Çıxarma Idarəsində çilingər işləyirdi.
7. Oktyabrın 15-də Cəlilabad rayonu, Göytəpə şəhər sakini 36 yaşlı Asəf Isayev özünü yaşadığı evin həyətində tavandan asıb.
8. Oktyabrın 16-da Biləsuvar rayonunun polis rəisinin əməliyyat işləri üzrə müavinin oğlu intihar edib. Rayon Polis Idarəsinin rəis müavini Rasim Abbasovun oğlu 25 yaşlı Orxan Abbasov özünü güllələyərək öldürüb. Intihara ailədaxili münaqişənin səbəb olduğu ehtimal edilir.
9. Oktyabrın 17-də Abşeron rayonunda 17 yaşlı gənc özünə qəsd edib. Qobu qəsəbəsi Qara Qarayev küçəsi, ev 42-də yaşayan 17 yaşlı Rəşid Imamverdiyev özünü asıb.
10. Oktyabrın 19-da Şirvan şəhərində Cihazlar zavodunun yataqxanasında yaşayan şəhər sakini, 41 yaşlı Rəşid Qulamzadə özünü asıb.
11. Oktyabrın 19-da Ucar rayon Qazıqumlaq kənd sakini, 1969-cu il təvəllüdlü Ilqar Muxtar oğlu Mahmudov yaşadığı evin həyətində yerləşən tövlədə özünü asıb.
12. Oktyabrın 20-də Şabran rayon Ağalıq kənd sakini 39 yaşlı Lətif Seyfəddinov özünü yaşadığı evin həyətindəki talvardan asıb.
13. Oktyabrın 21-də Bakının Sabunçu rayonunda dəhşətli hadisə baş verib. Maştağa qəsəbə sakini, 1991-ci il təvəllüdlü Rübabə Hüseynovanın üzərində çoxsaylı kəsilmiş-deşilmiş xəsarətlər olan meyiti yaşadığı Mehdi Hüseyn küçəsindəki yeni tikilidə tapılıb. Daha sonra həmin evin həyətindəki qarajdakı yardımçı otaqda 20 yaşlı qadının həyat yoldaşı 1980-ci il təvəllüdlü Nizami Həsənovun asılmış meyiti aşkarlanıb. Ehtimallara görə, 31 yaşlı N.Həsənov həyat yoldaşını öldürdükdən sonra intihar edib.
14. Oktyabrın 21-də Bakının Keşlə qəsəbə sakini, 30 yaşlı Hüseyn Hüseynov yaşadığı evdə özünü asıb.
15. Oktyabrın 26-da Goranboy rayon Qaraçinar kəndində intihar hadisəsi qeydə alınıb. Kəlbəcər rayonundan olan məcburi köçkün, 26 yaşlı Zahid Abdullayev ov tüfəngi ilə özünü vurub. O, aldığı güllə yarasından hadisə yerindəcə keçinib.
16. Oktyabrın 31-də Sabunçu rayonu, Zabrat qəsəbə sakini 32 yaşlı Ağaverdi Rzayev özünü yarımçıq tikilidə asıb. Mərhumun qayınatasının evində yaşadığı bildirilir. Bir azyaşlı uşaq atası olan A.Rzayev ikinci dəfə ata olmalı idi. O, iki ay əvvəl hüquqşünas kimi işlədiyi şirkətdə işdən çıxıb.
17. Oktyabrın 31-də Quba rayonunun Zərdabi qəsəbə sakini, 1961-ci il təvəllüdlü Muradi Imran Qüdrət oğlu özünü kənd qəbiristanlığında asıb. Imran Muradinin 2 övladının olduğu bildirilir.
Dünya və biz – normadan artıq
Son yarım əsrdə dünyada intihar edənlərin sayı 65-70% artıb. Özünü öldürmə insanların ilk 10 ölüm səbəblərindən biridir. Dünya Səhiyyə Təşkilatının verdiyi məlumata görə, təkcə 2000-ci ildə bütün dünyada təxminən 1 milyon insan intihar edib. Bu, hər 40 saniyədə 1 insanın intihar etməsi deməkdir. Ancaq aradan 10 il keçdi və rəqəmlər daha da kəskinləşdi. Belə ki, dünyada hər 3 saniyəyə bir intihar baş verir. Son intihar edənlərin 90 faizi normal psixologiyası olanlardır. Onlardan 75 faizi intihar edəcəklərini əvvəlcədən bildiriblər. Ekspertlərə görə, rəqəmlərdə yalnışlıqlar var. Hər il bu rəqəmdən 13 dəfə çox insan isə intihara cəhd edir. Yəni hər 13 intihar cəhdindən 12-si uğursuz, biri uğurlu alınır. Onların 63%-i kişilər, 37%-i isə qadınlardır. Intihar probleminin profilaktikası cəmi 25 faiz həkimlərin üzərinə düşə bilər. Qalan 75 faiz isə qeyri-tibbi məsələlərlə bağlıdır.
Azərbaycan müsəlman ölkəsidir. Məntiqlə burada da intihar halları az olmalıdır. Ancaq təkcə 2011-ci ilin 10 ayının statistikasına baxsaq 328 (ən azı) nəfərin intihar etdiyini görərik.
Dünya Səhiyyə Təşkilatının hesablamalarına görə, dünyada intihar edənlərin 1 faizi Azərbaycanın payına düşür. Halbuki, dünya əhalisində Azərbaycanın əhalisinin payı 0.15%-dir.
Son söz əvəzi…
Azərbaycanda intihar hadisələrinin rəsmi qeydiyyatını aparan orqan yoxdur. Yalnız qeydə alınmış və başlanılmış cinayət işlərinin sayı barədə məlumat almaq mümkündür. Baş vermiş hadisə haqqında məlumat hüquq-mühafizə orqanlarına çatarsa, ərazi üzrə rayon Prokurorluqları Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayır, istintaq aparılır. Lakin bu maddə ilə kiminsə cinayət məsuliyyətinə cəlb olunması nadir hallarda baş verir. Intiharın artmasının səbəblərindən biri kimi mütəxəssislər qanunvericiliyin mükəmməl olmamasını əsas gətirirlər.
2011-ci ilin yanvarından oktyabrınadək – 10 ayda ölkədə 328 intihar hadisəsi baş verib. Bu vaxt ərzində qeydə alınan intiharların sayını yalnız media ortaya çıxarıb. Ancaq reallıqda intiharların sayı bizə məlum olduğundan qat-qat çoxdur.
Ölkədə intiharların statistikası aparılmır. Dövlət Statistika Komitəsinin statistik məlumatlar şöbəsinin şöbə müdiri Mehri Ibrahimova mətbuata açıqlamasında intiharlarla bağlı heç vaxt araşdırma aparılmadığını və bunun xüsusi bir səbəbinin olmadığını deyir.
Ramin DEKO


