MTN-in daha 4 əməkdaşı həbs edildi

mtn2 generalın isə işi prokurorluğa göndərildi

Milli Təhlükəsizlik Nazirliyinin (MTN) daha 4 əməkdaşı həbs edilib.

APA-nın əldə etdiyi məlumata görə, həbs edilən şəxslər MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin əməkdaşlarıdır.

Məlumata görə, barəsində həbs qətimkan tədbiri seçilən şəxslərdən biri Akif Əliyevdir. Həbs edilən digər 3 əməkdaşın ad və soyadlarını dəqiqləşdirmək hələlik mümkün olmayıb.

Xatırladaq ki, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəisi, general-mayor Akif Çovdarov bir neçə gün əvvəl işindən və milli təhlükəsizlik orqanlarından xaric edilib.

Bu arada “Trend” agentliyi məlumat yayıb ki, MTN-in iki generalı haqqında Baş Prokurorluğa təqdimat göndərilib. Bunlardan biri Akif Çovdarov, digəri isə MTN-in Transmilli Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin rəisi, general-mayor Sübahir Qurbanovdur. Onların hər iksi təhlükəsizlik orqanlarından xaric ediliblər və əməllərinə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar Baş Prokurorluğuna təqdim edilib.