AXCP lideri Xəzər təşkilatının sədrini təbrik etdi

haci-emrullaAXCP sədri Əli Kərimli partiyanın Xəzər rayon şöbəsinin sədri Hacı Əmrulla Dadaşzadəni 70 illik yubileyi münasibətilə təbrik edib. Təbrikdə deyilir:

Hörmətli Hacı Əmrulla bəy! Sizi, Milli Azadlıq Hərəkatının, AXC-nin, Bakı Kəndlər Birliyinin və eləcə də partiyamızın qocaman veteranı olaraq 70 illik yubileyiniz münasibəti ilə səmimi qəlbdən təbrik edirəm. Sizin kimi fədakar, bütün mənəvi və fiziki təzyiqlərə rəğmən dönməz əqidəli, Bakı kəndlərində partiyamızın yerli şöbəsini yaşadan və nüfuzunu artıran, öz təşkilatçılıq bacarığı, idarəçilikdə təcrübəsi, etiraz aksiyalarında fəal iştirakı, seçkilərdə prinsipiallığı, demokratik dəyərlərə sədaqəti ilə gənclərimizə daim örnək olan mətin cəbhədaşımla bu çətin lakin şərəfli mübarizə yolunda bərabər yürüdüyümüzə görə qürur duyuram.

Siz həm bir cəbhəçi kimi, həm də Əbülfəz Elçibəyin prezidentliyi dönəmində icra başçısı kimi paytaxt kəndlərinin və onların əhalisinin problemlərinin həlli üçün yorulmadan çalışmısınız. Əqidənizə sədaqətiniz, vicdanlı fəaliyyətinizlə Bakı kəndlərində, AXCP-də və hazırda üzvü olduğunuz Milli Şurada qazandığınız hörmət və xidmətləriniz danılmazdır.

Sizə möhkəm cansağlığı, tezliklə uğrunda mücadilə etdiyiniz müqəddəs amallarınızın gerçəkləşməsini, siyasi fəaliyyətinizdə uğurlar, yaxınlarınızla birlikdə uzun firavan ömür arzulayıram.