Məlik Məmmədin ağ və qara dünyası

Hər şeyin bir ölçüsü, meyarı olur. Humanizm və mərhəmət də ölçüsüz deyil. Onların ölçüsünü, meyarını çoxəsrlik mədəniyyət formalaşdırır. Qısa desək və geniş izahata varmasaq, onu söyləyə bilərik ki, cəmi insanların davranışı yuxarıdan qanunla, aşağıdansa mədəniyyətlə məhdudlaşır. Hə, mədəniyyət bizə həddən aşağı, qeyri-insanlığa yuvarlanmağa imkan vermir.

Bəlkə elə mənim də sözlərimi, necə deyərlər, “boğazdan yuxarı” deyilmiş ifadələr tək qəbul edəcəksiniz. Amma mənim heç bir yanlış məqsədim yoxdur. Sadəcə, bayramlar gələndə mən dilxor oluram, çünki hamı mərhəmətdən, insafdan dəm vurur, bazarlarda, mağazalardasa qiymət kəllə-çarxa çıxır. Mövlana Cəlaləddin Rumi deyirdi ki, ya olduğun kimi görün, ya da göründüyün kimi ol! Nə olar, gəlin bu variantlardan birini seçək, ya olduğumuz kimi görünək, ya da göründüyümüz kimi olaq… Inanın, belə olsa, ürəyimiz yükdən qurtular, çiyinlərimiz azad olar, dualizmdən xilas olarıq. Yoxsa, artıq bu moizələri dinləməkdən bezmişik.
Nədən biz etiraf etməkdən çəkinirik? Bəli, iddialarımıza rəğmən, biz o qədər də doğruçuluğu və mərhəməti sevmirik. O qədər deyilir, o qədər boş yerə təbliğ olunur ki, bu dəyərlər sonda qiymətini itirir və devalivasiya olunur. Həyat, reallıq bir şey göstərir, biz isə tamam bir başqa şey deyirik.
Nə isə. Moizə oxumayacam. Onsuz da moizə deyənlər nə qədər istəsəniz var. Mənim peşəm siyasətdən yazmaqdır. Amma elə siyasət adamları və məmurlar bizi belə hala gətirib çıxarmayıblarmı? Hələ lap erkən, ta uşaq yaşlarından yalan danışmağı öyrənirik və kim daha bəlağətli yalan danışırsa, ona daha yüksək qiymət yazırlar, beləsi daha savadlı, perspektivli hesab edilir. Az qala, uşaqlarımıza deyirik ki, bax, yaxşı yalan danış, gör, bir filankəs yalan danışa-danışa haralara gedib çıxdı?! Yalan danışmayanları isə mənfi nümunə kimi göstəririk: “Filankəs istedadlı adam idi, amma yalan danışmadı, itib-batdı, məhv oldu…”
Hə, bu da bizim “Pedaqoji poema”dır. Aydın olsun deyim ki, sovetlərin bir Makarenkosu vardı və onun da məşhur bir əsəri vardı: “Pedaqoji poema”. Bunu da söz gəlişi dedim. Nə isə…
Demək istədiyim o qədərdir ki, bitib-tükənmir. Amma elə burada M.F.Axundzadə yadıma düşdü: “Nəsihətlə iş düzəlsəydi Iran dünyanın ən gözəl məmləkəti olardı, çünki iranlılar min ildir ki, Sədi Şirazinin nəsihətlərini oxuyurlar”. Hə, güclü arqumentdir, ümumiyyətlə, bütün Şərq ədəbiyyatı nəsihətdir, etik və mənəvi çağırışlardır, amma dünyanın ən qəliz kəsimi də elə bizim Şərqdir…
Yekunlaşdırmaq vaxtı deyilmi?
Bəli, il başa çatır. Iki ay qalıb. Yekunlaşdırmaq vaxtıdır. Nələri dedik və nələr edə bildik? Bu il sıramızdan 18 nəfər məhbəsə yollandı. Indi mərhəmətdən danışırlar. Ən böyük mərhəmət bu insanların azadlığa çıxması olmazdımı? Amma burada bircə söz demək istəyirəm. Bəlkə də mənimlə razılaşmazsınız və bu da sizin haqqınızdır. Mən həmin 18 nəfərin adının yanında mərhəmət sözünü işlətmək istəməzdim. Onlar heç də yazıq deyil, dünyanın ən mübariz insanlarıdır. M.Qorki demişkən, sürünmək üçün yarananlar uçmaq arzusunu başa düşməzlər, uçmaq istəyənlərin, Göylərin həsrətində olanların nələr və bir daha nələr çəkdiyini anlamazlar.
Bu 18 nəfər də əsl qəhrəmandır. Onları hər an anmaq lazımdır. Amma yazıqlıq hissi onlara yaddır, onları sevin, zira yazığınız gəlməsin, çünki onlar daha yüksək hisslərə layiqdir. Amma nədən biz onları öz uşaqlarımıza nümunə göstərmirik? Kinolarda gördüklərimizə əl yelləyib, “əşşi, kinodur da” – deyirik. Amma bu insanlar, kino qəhrəmanları elə öz aramızdadır. Bu da bir daltonizmdir, bəli, ictimai daltonizm. Fəqət, o da var ki, daltonizmdən əziyyət çəkənlər iki rəngi – ağı və qaranı ayıra bilir. Biz isə ağ rəngi görmürük. Məlikməmməd, səhv etmirəmsə, ağ dünyanı və ağ rəngi seçmişdi. Biz isə ağla qara arasında vurnuxuruq. Ölkəmizsə başqa cür deyil, günəşli Azərbaycan adlanır. Hanı Günəş? Bəlkə siz görürsünüz? Burada məşhur bir fikri necə xatırlamayasan: bir Günəş isindirmirsə, kimə və nəyə lazımdır?