Azərbaycanla Isveçrənin siyasi bənzərliyi… Dodağınız niyə qaçır? Bilirəm ki, ağlınıza qaramat-qaramat şeylər gəldi. Siz gülün, mən isə 100 faizlik bir eyniyyətə iddiaçıyam. Iddiamı əsaslandırmağa imkanım olsa, deyərsiniz, Azərbaycan Azərbaycan deyil, elə Isveçrədi. Bircə əmma var: söhbət çox qədimlərin, orta çağın, Reformasiya dövrünün Isveçrəsindən, paytaxtı Cenevrədən, diktatoru Kalvin, ilhamvericisi Farel və onların cinayətlərini çəkinmədən deyən Kastelliodan gedir.
Kastellio – böyük fikir adamı, cəsur ilahiyyatçı, diktator Kalvinlə bağlı ilk fikirlərini ictimaiyyət üçün açıqlayan kimi, Universitet rektoru vəzifəsindən azad edilmişdi. Bu, həmin Kalvin və Farel idi ki, protestant Sərvəti onların diktat fikirləri ilə zidd olan kitab yazdığına görə bidətçilikdə ittiham eləyib tonqalda diri-diri yandırmışdılar. Bu, həmin Kalvin və Farel idi ki, Papa inkvizisiyası ilə birləşərək, onları birbaşa Sərvətin qatili kimi ittiham eləməkdən çəkinməyən Kastellionu da tonqalda yandırma planı qurmuş, sonunda sümüklərini yandırmağa nail olmuşdular. Kastellio isə bunu demişdi: “Insanı sizin inanclarınızdan fərqli düşündüyünə görə öldürməyin bircə adı var – insanı qətlə yetirmək”.
Və bu həmin Kalvin və Farel idi ki, 13 yaşlı qızı hörüyünə parlaq bant bağladığına görə şallaqlamağı əmr etmişdi. (Yoldan ötən 9 yaşlı azərbaycanlı qızcığazın “Azadlıq” qışqırdığına görə həbs edilməsini unudan varmı?)
Dünən isə Azərbaycanın böyük elm adamı, Ziyalılar Forumunun əsas simalarından biri Rafiq Əliyevi kafedra müdiri olduğu Azərbaycan Dövlət Neft Akademiyasından işdən çıxarıblar. Bu, Kastellionun ilk sıxışdırılmasıdı. Rafiq Əliyev kimdir – Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, MBA Proqram direktoru, Azərbaycan Dövlət Neft Akademiyası (ADNA), Corciya Dövlət Universiteti, Atlanta, ABŞ, BBA Proqram direktoru, “Lütfi Zadə irsi və Süni intellekt” Assosiasiyasının prezidenti. Təkcə adının çəkisi bu ölkəni cəhənnəmə çevirənlərin hamısının bir yerdə varidatından ağırdı. “Özləri” demirəm, çünki özləri varidatlarından başqa bir şey deyil.
Bu ölkədə də Sərvət kimi çox ziyalılar susdurulub, qətl edilib. Tonqalda yandırılmasalar da, ürəkləri yandırılıb, ömürləri soldurulub. Rafiq Əliyev isə Kastellio kimi kimsəni qətldə ittiham etməyib. Lakin onun dedikləri daha dəhşətli qətllərdən xəbər verir. Səsi çox sonralar çıxası qətllər! Bəs görəsən, onu işdən çıxarmaqla susduracaqlarını zənn edənlər hansı məntiqlə hərəkət eləyiblər – səlis, yoxsa qeyri-səlis? Rafiq bəy isə hələ bir neçə həftə qabaq verdiyi müsahibələrinin birində bu sualın cavabını çox səlis verib.
Müxbir (mərkəz.az) soruşur ki, bəs Rafiq Əliyev niyə Azərbaycandan getmir? Akademik belə cavab verir:
– Mən ABŞ-ın Corciya Universitetinin təyin olunmuş yox, müsabiqə ilə seçilmiş professorlarındanam. Almaniyada, Kiprdə, Iranda universitetlərdə işləmişəm, yəni istənilən vaxt papağımı götürüb oralara gedər, işimi davam etdirə bilərəm. Dəfələrlə dəvətlər olub, amma getməmişəm. Indi isə heç getmək fikrim yoxdur. Çünki bu gün heyvərə, qaranlıq bir cəmiyyət mövcuddur. Insan özünə ziyalı deməz, amma bugünkü qaranlıq cəmiyyətə işıq salmaq üçün ziyalılara ehtiyac var. Ziyalılara çox böyük məsuliyyət düşür. Peyğəmbərin zamanından bu günə qədər bütün ziya gələn tərəfə həmişə daş atıblar. O ziyalı ki, cəmiyyəti qaranlıqdan aydınlığa çıxartmaq istəyir, bunların hamısı ilə razılaşmalıdır. Istənilən vaxt onun başına bu cür hadisələr gələ bilər. Bunları bilərək də heç bir yerə getmək fikrim yoxdur.
Ziyalı forumunda çıxış edən ziyalılar inqilab istəmədiklərini demişdilər. Işıqboğanlar hakimiyyəti isə bu son addımıyla onlara cavab verir: “Siz saydığınızı sayın”.
Yoldaş ziyalılar, Rafiq Əliyevə barmaq uzatmaqdan böyük əks-inqilabmı var? Əks-inqilab varsa, demək inqilab çoxdan başlayıb…