Hakimiyyət onun ziyalı mövqeyini həzm edə bilmədi
İctimaiyyət akademikin müdafiəsinə qalxdı
Akademik Rafiq Əliyev kafedra müdiri olduğu Azərbaycan Dövlət Neft Akademiyasından işdən çıxarılıb. Əldə etdiyimiz məlumata görə, akademikin Ziyalılar Forumunda təmsil olunması “yuxarı” dairələri narazı salıb.
Işdən çıxarılması haqda əmr akademikə noyabrın 4-də, təmsil olunduğu Ziyalılar Forumunun sonuncu tədbirindən əvvəl təqdim olunub. Əmrdə R.Əliyevin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əməkmüqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi ləğv olunur) işdən çıxarıldığı göstərilir.
Xatırladaq ki, Ziyalılar Forumu noyabrın 4-də milli birlik mövzusunda toplantı təşkil edib. Tədbirdə ölkədəki vəziyyət ciddi tənqid olunub. Tədbirə akademik Rafiq Əliyev sədrlik edib.
Akademik Əliyev “Azadlıq”ın əməkdaşı ilə söhbətində işdən çıxarıldığını təsdiqləyib. Lakin o, bunun səbəbi barədə danışmayaraq, məsələyə münasibət bildirmək istəmədiyini deyib.
Qeyd edək ki, 69 yaşlı akademik Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, MBA Proqram direktoru, Azərbaycan Dövlət Neft Akademiyası, Corciya Dövlət Universiteti, Atlanta, ABŞ, BBA Proqram direktoru, “Lütfi Zadə irsi və Süni intellekt” Assosiasiyasının prezidentidir.
“Bütün cəmiyyət buna reaksiya verməlidir”
Rafiq Əliyevin işdən çıxarılması onun ziyalı həmkarları tərəfindən etirazla qarşılanıb.
Ziyalılar Forumunun üzvü politoloq Eldar Namazov bunu, təkcə R.Əliyevə yox, bütün ölkə ziyalılarına qarşı atılmış addım sayır: “Bu xəbəri bizə Rafiq müəllim özü verdi. Təvazökar insan olduğuna görə bu hadisəyə təmkinlə yanaşdı. Təbii ki, o, vətəndaş mövqeyini açıq şəkildə bildirəndə bunun kimlərinsə xoşuna gəlməyəcəyini yaxşı başa düşürdü. Amma bununla belə, onun üçün önəmli olan vicdanının səsinə qulaq asmaq idi. Ona görə də, hər fürsətdə cəmiyyətin problemlərinə münasibət bildirirdi”.
Ziyalılar Forumu hazırda məsələyə hansı formada münasibət bildirəcəyi ilə bağlı müzakirələr aparır: “Bu məsələyə tək Ziyalılar Forumu yox, bütün cəmiyyət münasibət bildirməlidir. Rafiq Əliyev dünya şöhrətli alimdir. Onun adı bir neçə dəfə Nobel mükafatına namizədlər sırasına təklif olunub. Dünya alimləri, ayrı-ayrı ölkələrin aparıcı professorları onun kitablarından dərslik kimi istifadə edir. Dünyanın demək olar ki, bütün universitetlərində onun kitabları var. Belə bir insana, belə bir gözəl ziyalıya bu cür münasibət başadüşülən deyil. Mən əminəm ki, həm ziyalılar, həm ictimai-siyasi qurumlar, həm də bütövlükdə cəmiyyət bu hadisə ilə bağlı səssiz qalmayacaq”.
“Bu, Azərbaycan üçün çox böyük bir faciədir”
“Turan” Informasiya Agentliyinin direktoru Mehman Əliyev R.Əliyev kimi bir ziyalıya qarşı məlum addımın atılmasından təəssüfləndiyini bildirib: “Sovet düşüncəsi hələ canımızdan çıxmayıb. Bu, Azərbaycan üçün çox böyük bir faciədir”.
“Ziyalıya qarşı bu cür münasibət olduqca yanlışdır”
Tarixçi alim Cəmil Həsənli də məlum olayın təəssüfedici olduğunu deyir: “Azərbaycanın görkəmli bir ziyalısına qarşı bu cür münasibət olduqca yanlışdır. Belə şeylər bizim hamımız üçün gözləniləndir. Hesab edirəm ki, mühüm olan ictimai fəaliyyətin davam etdirilməsi və bu gün həbsdə olan siyasi məhbusların azad edilməsidir”.
Gültəkin